Məhkəmə qərarları › İş №3(004)-4229/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4229/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4229/2023 10.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonu, Qara Nuru kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 18/7 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən vətəndaş X1 məxsus taxta yonan dəmir qurğunu gizli yolla talayaraq, sonuncuya 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru R.N.Ağazadə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis bölməsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun barəsində inzibati xəta tərkibi olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZA 014819 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:50 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xəta törəmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:50-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar