Məhkəmə qərarları › İş №3(004)-4235/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4235/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4235/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 201, mənzil 46-da olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 19967,46 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 19967,46 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokola etiraz edərək bildirmişdir ki, əslində mallar idxal edilmişdir. Belə ki, əslində onlar xaricə 19967,46 ABŞ dolları məbləğində mal satmışlar və həmin pul onların hesabına daxil olmuşdur. Lakin sonradan mallarda nasazlıq olduğundan geri qaytarılmış və bunun əvəzində də əvvəl onlara ödənilmiş pulu gri qaytararaq həmin xarici şirkətin hesabına köçürmüşlər. Sadəcə köçürmələrdə sənədləşdirmə zamanı səhvliyə yol verilmişdir. Bu barədə bəyannamələr və müqavilələr mövcuddur. Həmin sənədləri məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2021-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 19967,46 ABŞ dolları məbləğində valyuta xx.xx.2021-ci il tarixli DSG-2/2021 saylı müqavilə əsasında “PANORAMAVENT” şirkətinə köçürülmüşdür. Beləliklə hazırkı iş üzrə barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi protokola etirazını bildirsə də və etirazının əsasını göstərsə də, lakin həmin əsası təsdiq edilmir. Çünki Bank tərəfindən təqdim edilən məktubla inzibati xəta törədilməsi təsdiq edilir. Belə ki, ABB-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir ki, Şəxs MMC ilə Rusiya Federasiyasının “Panoramavent” şirkəti arasında bağlanılmış 26/10/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Panoramavet” tərəfindən Şəxs MMC-nin hesabına xx.xx.2019-cu il tarixində 4186 ABŞ dolları, və xx.xx.32019-cu il tarixində 17537 ABŞ dolları məbləğində köçürmə olunub və bunun müqabilində müvafiq bəyannaməyə əsasən mallar ölkədən ixrac olunub. Daha sonra, Şəxs MMC tərəfindən DSG-2/2021 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Panoramavent” şirkətinin hesabına bir dəfə ödəniş olunub (19.967.46 ABŞ dolları) və bunun müqabilində müvafiq bəyannaməyə əsasən mallar ölkəyə idxal olunub. Sabunçu filialına təqdim olunmuş sənədlər (**********6795, **********8221 saylı YGB-lər, 26/10/18 saylı xx.xx.2018-ci il, DSG-2/2021 saylı xx.xx.2021-ci il tarixli müqavilələr) bizə onu söyləməyə əsas verir ki, adı gedən müqavilələr əsasında həyata keçən ödənişlər arasında heç bir bağlılıq yoxdur və Sabunçu filialında yuxarıda qeyd edilən ödənişlərdən başqa adı gedən şirkətlər arasında hər hansı bir digər əməliyyat həyata keçməmişdir. Beləliklə bank tərəfindən ünvanlanan məktubdan da göründüyü kimi şirkətin təqdim etdiyi bəyannamələrlə müqavilə əsasında həyata keçirilən ödənişlər arasında heç bir bağlılıq yoxdur.. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 6-2/2- 657/2023 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 19967,46 ABŞ dolların 20% məbləğində, yəni 3993,49 ABŞ dolları (üç min doqquz doxsan üç dollar 49 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar