Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4237/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" MMC 31048,80 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 31048,80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, Qiyamət Mürsəlli məhkəmə iclasında protokola edərək bildirmişdir ki, köçürülmüş valyuta müqabilində mallar ölkəyə idxal edilmişdir, Lakin malların gəlməsində gecikmələr olmuşdur. Bununla bağlı vəsaiti köçürdükləri Çində yerləşən “GUANGDONG OCEANUS İNDURSTRİAL CO LTD” şirkəti ilə danışıqlar aparılmış və bildirilmişdir ki, gecikmə ölkədə baş verən uzunmüddətli pandemiya və zavodun iş prinsipi ilə əlaqədardır. Pandemiya ilə bağlı işlərin görülməsi müəyyən müddət məcburi dayandırılmışdır, buna görə də ümumi sifarişlərdə gecikmələr olmuşduür. Buna görə də mallar gecikmə ilə ölkəyə idxal edilmişdir. Hər bir halda mallar idxal edilmişdir, malların gec idxal edilməsində MMC-nin təqsiri yoxdur. Konstitusiya Məhkəməsinin qərarında da qeyd edilmşidir ki, hətta mallar idxal edilməsədə, gec idxal edilsə də, əgər hüquqi şəxsin təqsiri yoxdursa, inzibati məsuliyyətə cəlb edilə bilməz. Malların ölkəyə idxalı ilə bağlı gömrük bəyannaməsi də məhkəməyə təqdim edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2021-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 31048,80 ABŞ dolları məbləğində valyuta xx.xx.2021-ci il tarixli müqavilə əsasında “GUANGDONG OCEANUS İNDURSTRİAL CO LTD” şirkətinə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********1934 saylı gömrük bəyannaməsinə əsasən yuxarıda göstərilən köçürmə sənədində göstərilən ödəniş təyinatı qeyd edilmiş müqavilə üzrə 31048,80 ABŞ dolları məbləğdə mal gömrük bəyənnaməsi tarixində ölkəyə idxal edilmişdir. Bununla da təqdim edilmiş yuxarıda sadalanan sənədlərdən görünür ki, mallar ölkəyə idxal edilmişdir, idxal edilərkən yol verilmiş gecikdirmə halı MMC-nin təqsiri ucbatından baş verməmişdir. Həmçinin həmin sənədlərlə müəyyən edilir ki, hüquqi şəxs barəsində hazırkı protokolun tərtib edilməsinə əsas olmuş və protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş həmin valyuta müqabilində malların ölkəyə vaxtlı-vaxtında, yəni müəyyən edilmiş müddət ərzində idxal edilməməsində, xidmətlərin göstərilməsində və ya qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən qeri qaytarılmasında MMC-nin hər hansı bir təqsir (hərəkət və ya hərəkətsizliyi) müəyyən edilmir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, yaranmış vəziyyət xarici şirkətin işləri vaxtında görə bilməməsi ilə əlaqədar olmuşdur. Bunun səbəbi isə nümayəndənin izahatında qeyd etdiyi uzunmüddətli pandemiya ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, həmin illərdə ümumdünya üzrə PANDEMİYANİN baş verməsinin sübuta yetirilməsinə ehtiyac yoxdur, hamı üçün bəlli haldır. Bu hal hazırkı iş üçün əhəmiyyət kəsb edir və malların gec göndərilməsinə səbəb ola biləcək inandırıcı haldır. Ona görə də məhkəmə bu cür dəlilləri ağlabatan və inandırıcı hesab edir. Belə bir vəziyyətdə müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4237/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4237/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver