Məhkəmə qərarları › İş №3(004)-4237/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4237/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4237/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, 28 avqust 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 may 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 05 aprel 2025-ci il tarixdə Tbilisi prsopekti ilə 20 Yanvar dairəsi istiqamətində yolun orta zolağıyla saatda 30 km sürətlə “HYUNDAİ ACCENT MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı atasına məxsus olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən, saat 20:35 radələrində Azpetrol YDM-ə çatmamış piyada zolağının üstündə gözlənilmədən qarşısına 2 nəfər kişi piyada çıxmışdır.O, avtomobili saxlamış, lakin məsafə az olduğuna görə avtomobilin qabaq hissəsi piyadalardan birinə toxunmuşdur. Bundan sonra piyadalardan biri avtomobilin sağ hissəsinə yaxınlaşaraq sağ güzgüyə əli ilə vurmuşdur.O, həmin piyadaların getməsini gözləmiş, lakin qorxduğu üçün hadisə yerindən özü uzaqlaşmışdır. Nəqliyyat vasitəsinin dəydiyi piyadada heç bir ciddi xəsarətin olmadığını və ayağının əzilmədiyini ifadə etmişdir. Bundan başqa şikayətin geri çəkilməsi üçün piyada ondan 1500 AZN pul tələb etmişdir. Yekun olaraq Şəxs özünü təqsirli bilmədiyini bildirmişir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsi və hadisə yerindən yayınmasına görə Hundai markalı **-MZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 19 may 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 aprel 2025-ci il tarixdə saat 20:35 radələrində “HYUNDAİ ACCENT MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin rəyinə əsasən vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “HYUNDAİ ACCENT MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05 aprel 2025-ci il tarixdə saat 20:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prsopekti ilə 20 Yanvar dairəsi istiqamətində ehtiyatsızlıq edərək vətəndaş X2 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 18 aprel 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 19 may 2025-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 21 iyun 2025-ci il tarixdə daxil olmuşdur ki, bununlada həmin inzibati işin obyektiv və ədalətli araşdırılması aparıldığı zaman 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara, göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X4 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 19 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar