Məhkəmə qərarları › İş №3(004)-4241/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4241/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4241/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş iş materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 04:00-da ünvan 2 ünvanında yerləşən “Sərvət” marketdən 370 (üç yüz yetmiş) manat dəyərində müxtəlif çeşidli içkiləri gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 04:00 radələrində yaşadığı ünvan 3 ünvanından təxminən 300 metr kənarda yerləşən “Sərvət” marketə gələrək marketin bağlı olduğunu, giriş qapısının qarşısında isə içərisində müxtəlif çeşidli içkilər olan soyuducu olduğunu görmüşdür. Həmin vaxt o, soyuducudakı müxtəlif çeşidli içkilərdən öz istifadəsi üçün oğurlamaq qərarına gəlmiş və bu niyyətlə soyuducunun qıfılını sındırıb sellofan torbalara yığıb oradan uzaqlaşmış, daha sonra əldə etdiyi içkiləri yaşadığı evin yaxınlığındakı saxlanc yerində gizlətmişdir. Həmin günü səhər saatlarında isə polis əməkdaşları onun yaşadığı evə gələrək oğurluq əməlinin törədilməsində şübhələnildiyini bildirib onu bölməyə dəvət etmişlər. Şəxs əlavə olaraq qeyd etmişdir ki, içkilərdən bir neçəsini açıb içmiş, qalanlarını isə saxlanıldıqdan sonra zərərçəkmiş şəxsə geri qaytarılması üçün polis əməkdaşlarına təqdim etmiş, lakin hazıradək zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmandır və bu hal nəzərə alınaraq məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bundan əlavə Şəxs, verilmiş suala cavab olaraq bildirmişdir ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X8 oğluna məlumat verilməsinə baxmayaraq o, məhkəmə icalsına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə müvafiq olaraq işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı yaranmış zərurətlə əlaqədar olaraq zərərçəkmiş şəxs X3 istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlanıldıqda müəyyən edildi ki, o, talama əməlinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsdan şikayətçi olmaqla onunla barışmaq niyyətində deyildir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X8 oğlu izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 07:00 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 15C ünvanında işlətdiyi “Sərvət Market” ərzaq mağazasına gələrkən giriş qapısının qarşısındakı soyuducudan 30 ədəd “Coca Cola”, 20 ədəd “Red Bul”, 20 ədəd “Lipton” içkilərinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Onun müraciəti əsasında Yasamal RPİ-nin 26-cı PB-də aparılan araşdırma nəticəsində, o cümlədən müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərdən həmin əməlin Şəxs tərəfindən törədilməsi aşkar edilmişdir. X8 oğlu ərizə və izahatında ona oğurluq əməli nəticəsində 370 (üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən sübut olaraq məhkəməyə təqdim edilmiş marketin müşahidə kameraları vasitəsilə hadisənin qeydə alınmış görüntüləri olan disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 04:00-da ünvan 2 ünvanında yerləşən “Sərvət” marketin qarşısındakı soyuducudan içkiləri sellofan torbalara dolduraraq talayan şəxs Şəxsdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs videogörüntülərdəki şəxsin o özü olmasını təsdiq etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Rəvan Əliyev və Samir Həsənov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şəxs saxlanılarkən içərisində 6 ədəd dəmir qutuda “Pepsi”, 5 ədəd dəmir qutuda “Mirinda”, 21 ədəd dəmir qutuda “Lipton”, 4 ədəd dəmir qutuda “Mountain Dew” markalı sərinləşdirici içkilər olan qırmızı rəngli paketi təqdim etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hənçinin iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli AZA seriyalı 011577 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 12:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, protokol və ona əlavə edilmiş iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı digər sübutlar əsasında tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəyə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Rəvan Əliyev və Samir Həsənov tərəfindən saxlanılarkən içərisində 6 ədəd dəmir qutuda “Pepsi”, 5 ədəd dəmir qutuda “Mirinda”, 21 ədəd dəmir qutuda “Lipton”, 4 ədəd dəmir qutuda “Mountain Dew” markalı sərinləşdirici içkilər olan qırmızı rəngli paketi onlara təqdim etmiş və həmin əşyalar əməliyyat müvəkkilləri tərəfindən maddi sübut olaraq götürülmuşdür. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, həmin maddi sübutların taleyi həll edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında işin müşayiət məktubundan isə görünür ki, qeyd olunan maddi sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin polis sahə rəisi X2 bildirmişdir ki, həmin maddi sübut bölmənin maddi sübutlar üçün nəzərdə tutulmuş saxlanc yerində saxlanılır. Beləliklə, məhkəmə İXM-nin 77.3-cü maddəsinə əsasən maddi sübutla bağlı məsələni müzakirə edərək hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş 6 ədəd dəmir qutuda “Pepsi”, 5 ədəd dəmir qutuda “Mirinda”, 21 ədəd dəmir qutuda “Lipton” və 4 ədəd dəmir qutuda “Mountain Dew” markalı sərinləşdirici içkilər qanuni sahibi X8 oğluna qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 73, 114- 117, 128-130-cu və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. İnzibati xətanın bilavasitə obyekti olmuş 6 ədəd dəmir qutuda “Pepsi”, 5 ədəd dəmir qutuda “Mirinda”, 21 ədəd dəmir qutuda “Lipton” və 4 ədəd dəmir qutuda “Mountain Dew” markalı sərinləşdirici içkilər qanuni sahibi X8 oğluna qaytarılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə, eyni zamanda maddi sübutla bağlı hissədə Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar