Məhkəmə qərarları › İş №3(004)-4246/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4246/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4246/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X3 iştirakları ilə X3 DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən 20 iyul 2024-cü il tarixli, İXP6418484 nömrəli protokol əsasında qəbul edilmiş 02 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın 327.3-cü maddədə nəzərdə tutulan xəta hissəsində ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən 20 iyul 2024-cü il tarixli, İXP6418484 nömrəli protokol əsasında qəbul edilmiş 02 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın 327.3-cü maddədə nəzərdə tutulan xəta hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 izahatında bildirmişdir ki, 20 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Yasamal rayonu, Qurban Xəlilov küçəsində atası-X1 məxsus “X9 minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” əmri verilmişdir. Bildirmişdir ki, avtomobili idarə edərkən maşının mülkiyyətçisi, yəni atası avtomobildə olmuşdur. Yol patrul xidməti əməkdaşının müvafiq əmrindən sonra təxminən 10-15 metr irəlidə avtomobili sağa çəkərək avtomobildən düşmüşdür. Yol partul xidmətinin əməkdaşı ondan avtomobili nə üçün 10-15 metr irəlidə saxladığını soruşmuşdur. O, yol patrul xidmətinin əməkdaşına digər avtomobillərin hərəkətdə olduğunu, bədbəxt hadisələrə səbəb olmamaq və avtomobili saxlamaq üçün münasib yer axtardığını bildirmişdir. Həmçinin adətən yol patrul xidmətinin əməkdaşları saxla əmrini nəqliyyat vasitəsinin onlara çatmasına 5-10 metr qalmış verirlər. Həmin vaxt isə yol patrul xidmətinin əməkdaşları saxla əmrini ona düz onların yanından keçdikdə verdiklərinə görə 10-15 metr irəlidə saxlamışdır. Bundan sonra o, yol patrul xidmətinin əməkdaşından ona nə üçün saxla əmri verildiyini soruşmuşdur. O, ona sağa donərkən dönmə işığını yandırmadığını bildirmişdir. Bundan sonra yol patrul xidmətinin əməkdaşı ona dönərkən dönmə işığı yandırmadığına görə cərimə yazacağını bildirmişdir. O, yol patrul xidmətinin əməkdaşı ilə razılaşmış və tələsdiyi üçün dərhal avtomobilə minərək uzaqlaşmışdır. Həmin gün axşam saatlarında ona sms radardan inzibati xətaya görə 4 bal və 100 manat məbləğində cərimə yazılması ilə bağlı bildiriş gəlmişdir. Balı və cərimə məbləğini görən kimi dərhal proqrama daxil olmuşdur. Daxil olduqda ona yalnız 327.1-ci maddədə nəzərdə tutulan inzibati xətanın deyil, həm də 327.3-cü maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə protokol tərtib edilməsini bilmişdir. Bundan sonra dərhal BDYPİ-nə gedərək protokolun əsassız olduğunu bildirmişdir. Onlar isə ona əsaslandırılmış cavab vermədən, müxtəlif bəhanə gətirərək yazdıqları protokolun əsaslı olduğunu bildirdilər. Yol patrul xidmətinin əməkdaşları onun barəsində o vaxt 327.3-cü maddədə nəzərdə tutulan inzibatı xətanı törətməyi barədə protokol tərtib edə bilərdilər ki, o, saxla əmrinə tabe olmaz, avtomobili idarə etməyə davam edər, yol patrul xidmətinin əməkdaşları onu təqib edə və digər məcburi dayandırma vasitələrindən istifadə edərdi. O, isə saxla əmri verilən kimi avtomobili saxlamış və yalnız 327.1-ci maddədə nəzərdə tutulan xətanı törətdiyi və yalnız 327.1-ci maddədə nəzərdə tutulan inzibatı xətanı törətməyinə görə protokol tərtib ediləcəyi barədə məlumatlandırılmışdır. Yol patrul xidmətinim əməkdaşları ona 327.3-cü maddədə nəzərdə tutulan xətanı törətdiyini və barəsində bununla bağlı protokol tərtib ediləcəyini bildirməmişlər.Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilən qəbul edilmiş TP6668249 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın 327.3-cü maddədə nəzərdə tutulan xəta hissəsində ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq iş üzrə heç bir sübutun olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X5 barəsində AR İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən 20 iyul 2024-cü il tarixli, İXP6418484 nömrəli protokol əsasında qəbul edilmiş 02 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 02 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 15:30-da Qurban Xəlilov küçəsində idarə etdiyi “X9 MİNİK” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə onun AR İXM-nin 327.3 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.3-cü maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-4246/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(004)-4246/2024 saylı məktubu ilə DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər bir halda protokolda şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməli, həmin əməlin törədilməsi ilə şəxs razılaşmadıqda, protokolda digər sübutlara istinad edilməklə, şəxsin konkret əməl törətməsini qərar qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Bundan sonra həmin protokol və sübutlar əsasında inzibati tənbeh qərarı çıxarıla bilər. Çünki İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İXM-də dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən 20 iyul 2024-cü il tarixli, İXP6418484 nömrəli protokol əsasında qəbul edilmiş 02 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və X3 əməlində AR İXM-nin 327.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən 20 iyul 2024-cü il tarixli, İXP6418484 nömrəli protokol əsasında qəbul edilmiş 02 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar