Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4247/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 qanuni nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş EQ 22831247 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 qanuni nümayəndəsi X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş EQ 22831247 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 qanuni nümayəndəsi X2 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Kənan Dehqani adına EQ 22831247 protokol üzrə xx.xx.2024 tarixindən qərar qüvvəyə minmişdir. dövət nişani **-ZO-***, TOYOTA LC 200 avtomobili həmin vaxt o Dehqani İlqar idarə etmiş və avtomobil onun adına qeydiyyatdadır. Protokolda İXM maddəsi 327.1 göstərilib, yəni nişanın tələbini pozaraq sola dönmə. Bu protokol düzgün tərtib edilməyib, və o bu protokola etiraz edir. Çünki ona göndərilən şəkillərdə açıq aydın görünür ki, ordaki nişan məlumatverici nişandır (5.8.1) və sola dönməyə görə nə qadağan nişanı, nə də ki düz getməyə görə məcburi hərəkət istiqaməti nişanı quraşdırılmayıb. Bu halda onun sola dönməyi tam qanunidir. Ona görə də həmin potokol üzrə qərara xitam verilməsi ilə əlaqədar Yasamal Rayon Polis idarəsinə rəsmi surətdə, ərizə şəklində xx.xx.2024 tarixində müraciyyat etmişdir. Ona cavab olaraq ünvanlanmış xx.xx.2024 tarixində № 3-13-53/-D-50776/11, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Fariz İsmayılov tərəfindən imzalanmiş məktubda həmin protokolun əsaslı qəbul edildiyi bildirilmişdir, və onun şikayəti təmin edilməmişdir. Belə hesab edir ki şikayət real şəraitdən asılı olaraq obyektiv araşdırılmamış və qanunun tələblərinə uyğun olmayan əsassız cavab verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 qanuni nümayəndəsi X3 şikayətində göstərdiklərini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş EQ 22831247 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş EQ 22831247 saylı, xx.xx.2024-cü il tarixli xəta haqqında inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 13:44-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və N.Hikmət küçələrinin kəsişməsində idarə etdiyi “Toyota LC 200” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AC seriyalı 049778 nömrəli “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Toyota LC 200” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi araşdırılmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 və onun qanuni nümayəndəsi X2 iştirakları ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar X4 barəsində qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsinin baş verməsində iştirak etmiş nəqliyyat vasitəsinin faktiki olaraq kim tərəfindən idarə edilməsi araşdırılmamışdır. Buna görə də qərarı qəbul etmiş orqan tərəfindən bir sıra hallar barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 və onun qanuni nümayəndəsi X2 (qərardan şikayət vermiş şəxsin) iştirakları ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, X1 qanuni nümayəndəsi X2 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş EQ 22831247 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş EQ 22831247 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4247/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4247/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver