Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4250/2023 11.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1972-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirmişdir ki, borclu Şəxs Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədini icra etməmiş və sənədin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onun barəsində Yasamal Rayon Məhkəməsi qətnamə çıxarılmış və ondan 21000 (iyirmi bir min) ABŞ dolları (qətnamənin icra olunduğu tarixə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pul, 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin həmin məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş və həmin vaxt, o, Rusiya Federasiyasının ərazisində olmuşdur. Eləcə də, bildirmişdir ki, X5 21000 (iyirmi bir min) ABŞ dolları məbləğində borcu yoxdur. Onun iki azyaşlı övladı vardır. Onlardan biri serebral iflic xəstəliyindən, digəri isə astma xəstəliyindən əziyyət çəkir. Halhazırda onun maddi vəziyyəti çətindir və onun qeyd olunan məbləği ödəmək imkanı yoxdur. Onun həqiqətən də X5 borcu olsa idi, həmin borcu ödəməyə çalışardı. Eləcə də, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olduğunu və bundan sonra Yasamal rayon icra şöbəsinə gəldiyini bildirmişdir. Tələbin könüllü icrası haqqında bildirişi almamış, həmin bildirişdə onun adından çəkilmiş imza ona məxsus olmamışdır. Belə olan halda barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1972-ci il təvəllüdlü Şəxs 21000 (iyirmi bir min) ABŞ dolları (qətnamənin icra olunduğu tarixə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pul, 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin bildiriş xx.xx.2021-ci il tarixdə Şəxs tərəfindən imza edilərək təhvil alınmışdır. Lakin məhkəmə iclası zamanı Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən həmin bildirişdə qeyd edilən imzanın həqiqətən də Şəxs məxsus olması, habelə Şəxs rəsmi olaraq bildirişin verilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatda Şəxs borcunun olmadığını və qətnamənin onun iştirakı olmadan çıxarıldığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən alınmış sorğu məktubuna cavab qismində Şəxs adına həmin bankda hesabının olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən alınmış sorğu məktubuna cavab qismində Şəxs adına həmin bankda hesabının olmadığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X1 və X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 2(004)- 1544/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin etmək məqsədilə borclunun ünvan 2 ünvanda olarkən borcluların həmin ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı tələbin könüllü icrası haqqında bildirişin Şəxs tərəfindən şəxsən alınmaqla imzalanması faktı səlahiyyətli orqanın nümayəndəsi tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişin Şəxs tərəfindən şəxsən alınmaqla imzalanması faktı səlahiyyətli orqanın nümayəndəsi tərəfindən sübuta yetirilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4250/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4250/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver