Məhkəmə qərarları › İş №3(004)-426/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-426/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-426/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Tovuz rayonunun İbrahim Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonu İbrahim Hacılı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Polis şöbəsində olan zaman Şəxs özünü aqresiv apararaq polis əməkdaşlarına qarşı nalayıq ifadələr işlətmiş, polis əməkdaşları onu dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də o, buna məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirərək onlara qarşı müqavimət göstərib polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Polad Mustafayev bildirmişdir ki, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində videogörüntülərə baxış keçirən zaman müəyyən olunmuşdur ki, həmin aptekdən əlində torba ilə çıxan şübhəli şəxs yaxınlıqdakı apteklərdən birinə daxil olmuş və sonra əlindəki torba olmadan çıxaraq oradan uzaqlaşmışdır. Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Nihad İbrahimov ilə birlikdə həmin aptekə daxil olaraq diqqət çəkməmək məqsədilə ərazidə baş vermiş telefon oğurluğu ilə bağlı kamera görüntülərinin verilməsini xahiş etmişlər. Həmin gün orada olan xanım işçi telefonla Şəxslə danışdıqdan sonra bildirmişdir ki, hazırda müdirləri orada olmadığından həmin gün axşamüstü yaxınlaşmağı xahiş etmişdir. Təxminən saat 17 radələrində yenidən aptekə daxil olduqda oranın rəhbəri qismində Rüstəm adlı şəxs onların kamera sistemi ilə bağlı məlumatları olmadığı üçün səhər yaxınlaşıb görüntülərə baxış keçirilməsini xahiş etmişdir. Səhər həmin aptekə gəldiklərində isə həmin günə dair görüntülərin silindiyini görmüşlər. Şəxs orada olmadığından onun harada olmasını öyrənmək üçün digər əməkdaşdan soruşduqda hazırda Bakıda olmadığını bildirmişdir. Daha sonra Şəxs izahat verməsi üçün Polis Şöbəsinə dəfələrlə dəvət edildikdən sonra gəlmədiyi üçün saat 20:00 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq PŞ-nə gətirilmişdir. Orada polis əməkdaşlarına qarşı özünü aqresiv apararaq onlara qarşı nalayiq ifadələr işlətmiş, onu dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də o, buna məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirərək polisə qarşı müqavimət göstərib polisin qanuni tələbinə tabe olmamışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs işçiləri ilə Vatsap yazışmalarından da müəyyən olunur ki, videogörüntülərin silinməsi ilə bağlı tapşırığı o vermiş və silindikdən sonra da bununla bağlı ona məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Nihad İbrahimov bildirmişdir ki, xidməti ərazilərində baş vermiş oğurluq hadisəsinin araşdırılması ilə əlaqədar 20 yanvar merto stansiyasının yaxınlığında yerləşən və faktiki rəhbəri Şəxs olan aptekə getdiklərini, xidməti vəsiqə təqdim edərək özlərini təqdim etdiklərini və həmin aptekdə quraşdırılmış kamera görüntülərinin onlara təqdim edilməsi ilə bağlı şifahi sorğu verdiklərini, satıcının müdiriyyətlə danışdıqdan sonra onlara həmin gün axşamüstü, daha sonra isə Rüstəm adlı şəxsin səhəri gün gəlib götürə biləcəklərini bildirdiyi üçün onlar səhəri gün yaxınlaşdıqda həmin kamera görüntülərinin silindiyini aşkar etmişlər. Baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında tutarlı sübut olan həmin videgörüntünün hansı səbəbdən (qəsdən və ya ehtiyatsızlıqdan) silinməsi, polis orqanlarına vaxtında təqdim edilməməsi və sairə məsələlərin aydınlaşdırılması ilə əlaqədar polis şöbəsinə dəvət edlməsinə baxmayaraq, Şəxs cağırışa gəlməkdən yayınmışdır. Ona görə də saat 20:00 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq PŞ-nə gətirilmişdir. Polis şöbəsində olan zaman Şəxs özünü aqresiv apararaq onlara qarşı nalayıq ifadələr işlətmiş, onu dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də o, buna məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirərək polisə qarşı müqavimət göstərib polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, videogörüntülər onlar aptekə getdikdən sonra, yəni saat 18 radələrində silinmişdir. İşçiləri rəhbərlərinin Rüstəm adlı şəxsin olduğunu, aylıq maaşlarını onun ödədiyini, aptekdə olan hər şeyi ona məruzə etdiklərini bildirirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, onun barəsində 2023-cü il də ittihamedici hökm çıxarılmış və azadlığın məhdudlaşdırılması cəzası ilə birlikdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza verilmişdir. Daha sonra azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarını pozduğu üçün cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunmuşdur. Həmin aptek o vaxta qədər onun olsa da, hökmdən sonra "xxxx" MMC-yə təhvil vermişdir. Bəzən aptekdə olmasının səbəbi orada işləyən xanım əməkdaşa kömək etmək və müəyyən təhvil-təslim işlərini başa çatdırmaq olmuşdur. Kamera görüntülərinin silinməsi ilə bağlı onun heç bir məlumatı yoxdur və bildiyi qədərilə həmin görüntülər batareya sistemində olan problemlə əlaqədar 24 saat müddətində saxlanıldıqdan sonra avtomatik olaraq silinir. Polis şöbəsində olarkən əsəbi olduğundan yüksək səs tonu ilə danışsa da, polislərin dediyi kimi nalayiq ifadələrdən istifadə etməmiş və onlara müqavimət göstərməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Polis şöbəsinə dəvət edildikdə getməməməyin səbəbi odur ki, o, aptekin rəhbəri deyil, ona görə də aptekdə baş vermiş hər hansı məsələdə onun heç bir öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçisi olduğu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı protokola etiraz edərək, bildirmişdir ki, Şəxs də ifadəsindən göründüyü kimi o polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadədən istifadə etməmiş və onlara qarşı müqavimət göstərməmişdir. Digər tərəfdən bildirmişdir ki, Şəxs əməllərində İXM-nin tərkib əlamətlərinin olması öz təsdiqin tapmır.Buna görə də müdafiəçisi olduğu Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və əgər icraata xitam verilməyəcəyi təqdirdə Şəxs barəsində inzibati xətanın sanksiyasında göstərilən yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2024-cü il saat 20:00-dan tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-nin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları özlərinin ictimai qaydanın mühafizə edilməsi vəzifələrinidən irəli gələrək Şəxs törədilmiş cinayət hadisəsinin üstünün açılması üçün ona məxsus aptekdə quraşdırılmış videomüşahidə kamerasının görüntülərinin onlara təqdim edilməsi ilə əlaqədar polis orqanlarına köməkliyin göstərilməsi ilə bağlı edilmiş qanuni tələbə, həmçinin polis şöbəsində olan zaman törətdiyi qeyri qanuni əməllərə (özünü aqressiv apararaq onlara qarşı nalayıq ifadələr işlətməsinə) son qoyulması ilə bağlı ona edilmiş qanuni tələbə qəsdən tabe olmamışdır (əməl etməmişdir). “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 17 yanvar 2024-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar