Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4278/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi X6 nümayəndəsi X4, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi X6 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi X13 onun barəsində İXMnin 555.3-cü maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin rəis müavini X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəməyə təqdim etdiyi şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 01 avqust 2023-cü il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə ona 2200 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 01 avqust 2023-cü il tarixli 3-17-5/2-28537/2023 nömrəli inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olaraq onun işəgötürən olaraq işçisi X1 22 iyun 2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə ilə aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırmağım olduğu qeyd edilmişdir. Hesab edir ki, inzibati xətanın törədilməsinə dair qərar qanunsuz və əsassız olduğundan qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və müvafiq münasibətləri tənzimləyən sahəvi qanunvericilik aktlarının imperativ normalarına və təməl prinsiplərinə tamamilə uyğun olmadığından ləğv edilməlidir. Belə ki, X3 22 iyun 2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin tibb məntəqəsinin dəhlizinin döşəməsi ilə hərəkət edən zaman sol ayağının sınmış vəziyyətdə olan metlaxın çıxıntısına ilişməsi səbəbindən müvazinətini itirərək sol qolu üzərində yıxılması nəticəsində baş vermişdir. Hadisəni görən L.Həsənovanın iş yoldaşı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində çavuş rütbəsində işləyən X7 dərhal ona yaxınlaşaraq ayağa qalxmasına köməklik etmişdir. Hadisədən sonra L.Həsənova sol qolunda ağrılar hiss etdiyindən işlədiyi tibb məntəqəsində ona ilkin tibbi yardım göstərilmiş və daha sonra tibb məntəqəsinə çağırılmış təcili tibbi yardım briqadası L.Həsənovanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına aparmışdır. Orada L.Həsənovaya müvafiq tibbi yardım göstərilmişdir. Hadisə ilə bağlı Təlim-tədris mərkəsində müvafiq araşdırma aparılmış, izahat alınmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən canlı şəxsin eksperizasına dair 08 iyul 2021-ci il tarixli 66 nömrəli ekpert rəyi tərtib edilmiş, alınan xəsarətin dərəcəsi təyin edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərin başa çatması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biri hesab edilir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Lakin, qüvvədə olan qanunvericiliyin sadalanan imperativ normaları inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan tərəfindən pozulmuşdur. Bununla bağlı xüsusilə qeyd etmək zəruridir ki, inzibati haqqında protokol və qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bilavasitə inzibati xəta törədiləndən iki il sonra tərtib edildiyindən bu qərarın AR İXM-nin 135.1.5-1-ci maddəsinin kontekstindən tamamilə qanunsuzluğuna və əsassızlığına dəlalət edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi X6 nümayəndəsi X11 verilmiş şikayətin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 01 avqust 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8 şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin mülki işçisi X3 2023-cü ilin yanvar ayında müraciət edərək xx.xx.2021ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verdiyini və bədbəxt hadisə ilə əlaqədar sığorta ala bilməməsi ilə əlaqədar Əmək müfəttişliyinə məlumat vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun olaraq həmin hadisə üzrə “Təhqiqat komissiyas”ı yaradılmış, bədbəxt hadisənin səbəbi və iş yerinin şəraiti təhqiq edilmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxslər aşkar edilmişdir. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli olduğu halda tərtib edilməmişdir. Bununla bağlı Əmək müfəttişliyi tərəfindən edilmiş rəsmi muraciətə cavab olaraq bildirilmişdir ki, İZ formalı aktın rəsmiləşdirilməsi onlar tərəflərindən mümkün olmamışdır. Həmin rəsmi cavab alındıqdan sonra 19 iyul 2023-cü il tarixində İXM-nin 555.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir və müvafiq inzibati qərar qəbul edilmişdir. Məhkəmə izahatları dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdaki əsaslara görə şikayət qismən təmin edilməli və mübahisələndirilən qərar dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 01 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, işəgötürən X13 tərəfindən işçisi X1 xx.xx.2021-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 555.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və müvafiq qərarla 2200 (iki min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsiin 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçinin vermiş olduğu şikayətdə istinad etdiyi faktlardan məlum olur ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən qərarda göstərilən əməlin törədilməsi təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli 1826 saylı məktubundan görünür ki, işçi X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə “İZ formalı aktın” rəsmiləşdirilməsinin tərəflərindən mümkün olmadığı bildirilmişdir. Qeyd edilən rəsmi məktubun məzmunundan göründüyü kimi baş vermiş bədbəxt hadisə ilə əlaqədar Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma aparıldıqdan sonra müvafiq aktın tərtib edilməsi qarşı tərəfə təklif edilməsinə baxmayaraq qarşı tərəf müvafiq aktı - konkret olaraq “İZ formalı aktı” tərtib etməkdən boyun qaçırmışdır (imtina etmişdir). Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın: - 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X10 Xidmətinin yerli bölməsinə məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir; - 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir; - 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X10 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X10 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər; - 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir; - 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Yuxarıda qeyd edilən nörmativ hüquqi aktın tələblərindən göründüyü kimi işəgötürən istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması ilə bağlı yaradılmış “Təhqiqat komissiyası”nın nəticəsinə uyğun olaraq İZ formalı akt tərtib etməlidir. Məhkəmə qeyd edir ki, həmin aktın tərtib edilməsindən boyun qaçırması faktı isə İXM-nin 555.3-cü maddəsinin dispozitiv şərtlərini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən sözügedən inzibati xətanın törədilməsi ilə bağlı gəlinmiş nəticə qanuni və əsaslı hesab edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə törədilmişdir, belə ki, Təlim və Tədris Mərkəzi X10 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli 1826 saylı rəsmi məktubu ilə işçi X1 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə İZ formalı aktın rəsmiləşdirilməsindən imtina edir. Eyni zamanda məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi tətbiq edilmiş inzibati cərimənin məbləğini də ədalətsiz, qeyri obyektiv olmaqla mübahisələndirmişdir. Belə ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında min səkkiz yüz manatdan iki min iki yüz manatadək inzibati cərimə nəzərdə tutulsa da, inzibati qərarı tərtib etmiş şəxs tərəfindən inzibati xətanı törətmiş şəxsin hansı səbəbdən maddənin sanksiyasının yuxarı həddində, yəni iki min iki yüz manat məbləğində cərimə edilməsi əsaslandırılmamışdır. Qərarda inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların mövcudluğu əks etdirilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətaya görə məsuliyyəti iş üzrə ağırlaşdıran hallar mövcud deyilsə, ilk əvvəl inzibati tənbehin aşağı həddində tənbeh tədbiri tətbiq edilməlidir. Çünki, nəzərdə tutulmuş daha ağır tənbeh tədbirinin tətbiq edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni olan və İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində müəyyən edilmiş hallar üzrə əsaslandırma aparılmalıdır. Hazırki işdə şikayət vermiş şəxs barəsində münasibətdə inzibati tənbehin aşağı həddinin tətbiq edilməsinin mümkünsüzlüyü üçün əsaslar mövcud deyildir. Buna əsasən də, təyin edilmiş cərimə tənbehinin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1) Şikayət təmin edilsin. 2) Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi X6 barəsində İXM-nin 555.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilsin. 3) Həmin qərarla X9 tətbiq edilmiş cərimənin məbləği azaldılsın, ona təyin edilmiş 2200 (iki min iki yüz) manat məbləğindəki inzibati cərimə, 1800 (bir min səkkiz yüz) manata endirilsin. 4) Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. 5) Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4278/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4278/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver