Məhkəmə qərarları › İş №3(004)-4279/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4279/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4279/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 5-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra şöbəsinin icra məmuru İ.İ.İsmayılov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-8028/2015 saylı icra sənədinə əsasən 15956 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Borclunun şöbəyə dəvət edilməsi üçün bildiriş onun qeydiyyat ünvanına göndərilmiş, lakin borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən icra məmuruna əlavə sübutların təqdim edilməsi təklif edilsə də icra məmuru əlində olan sübutların yalnız inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokola əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdən ibarət olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır və barəsində olan icra sənədindən məlumatsız olduğu üçün icra sənədini icra etməmişdir. Tələbin könüllü icrası barədə bildiriş ona təqdim edilməmişdir. O, icra şöbəsində verdiyi izahatında da icra sənədindən xəbərsiz olmasını bildirmişdir. Lakin təəssüf ki, icra məmuru iş üzrə könüllü icra müddəti təyin etmədən və onun izahatında göstərdiyi hallara əhəmiyyət vermədən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-8028/2015 saylı icra sənədinə əsasən 15956 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq X3 xeyrinə ödənilməlidir. İş icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə tam araşdırma aparılmamışdır. Belə ki, borclunun əmlak vəziyyəti ilə bağlı müxəlif dövlət qurumlarına və banklara sorğular verilsə də bu günədək heç bir cavab alınmamışdır. Bundan əlavə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilməmiş və könüllü icra müddəti gözlənilmədən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməmiş, tələbin könüllü icrası barədə bildirişi borcluya təqdim edilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-8028/2015 saylı icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzrsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılsın. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar