Məhkəmə qərarları › İş №3(004)-4294/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4294/2020

15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4294/2020 15.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X5 iclas katibliyi ilə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxx 1992-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan Şəxs barəsində Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində sərt karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X7 onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejim qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları ərazidə xidmət apararkən xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində ünvan 1 ünvanında yerləşən “Gloria Jean’s Coffees” kafesində təmizləyiçi işləyən Şəxs işlədiyi həmin kafedə çıxaraq oradan bir qədər aralıda dayanan “Toyota Camry” markalı avtomobilində əyləşən müştəriyə kofe çatdırmışdır. Bununlada Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinə əməl etməyərək yalnız online xidmətinə icazə verilən halda çatdırma xidmətini həyata keçirməklə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən onun şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmişdir və barəsində zəruri tədbir görülməsi üçün raportla bölmə rəhbərliyinə müraciət edilmişdir. Bölmədə aparılmış araşdırma nəticəsində Şəxs barəsində müvafiq protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır tənbeh tədbirinin, yəni inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi məqsədəmüvfaiq hesab edildiyindən onun barəsində tərtib edilmiş protokol qərardadla baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Gloria Jean’s Coffees” restoranında işləyir. xx.xx.2020-ci il tarixdə restoranda müştərilərə onlayn xidmət göstərilməsi ilə əlaqədar işə gəlmişdir. Həmin tarixdə bir nəfər müştəri zəng edərək onlayn sifariş vermiş və çatdırılmanın maşına həyata keçirilməsini xahiş etmişdir. Kofe məhsulu hazırlanaraq ona verilmiş o isə həmin məhsulu restorandan bir qədər aralıda şəxsi maşınında əyləşmiş müştəriyə çatdırmışdır. Elə bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlayn xidmətin düzgün aparılmadığını bildirərək, onları polis bölməsinə dəvət etmişlər. Yekun olaraq o Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında icazə verilən çatdırma xidmətini həyata keçirdiyini və heç bir qanun pozuntusuna yolvermədiyini nəzərə alınaraq barəsində tərtib edilmiş protokol üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X11 hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində 27-ci PB-nin xidməti ərazisində keçirilən pandemiya və karantin pozuntuları reydində “Gloria Jean’s Coffees” kafesində Şəxs əlində kofe məhsulu ilə həmin kafedən çıxaraq bir qədər aralıda “Toyota Camry” markalı avtomobildə əyləşmiş müştəriyə çatdırmaqla onun tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarı ilə qadağan olunmuş çatdırma xidmətini göstədiyi aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Xubyarov Hikmət və Talıbov Elxan tərəfindən tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan müyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində 27-ci PB-nin xidməti ərazisində keçirilən pandemiya və karantin pozuntuları reydində “Gloria Jean’s Coffees” restoranında tərəflərindən yerində xidmət göstərilməsi aşkar edilmişdir. İşçi Şəxs müştəri X1 məmulatları satarkən çəkilişlə yaxınlaşıb özlərini təqdim etmiş və kobud qayda pozuntusu etdiklərini izah edərək, mağazada rəhbər şəxs olan X4 və işçini 27-ci PB-nə qanuni tədbir görülməsi üçün dəvət etmişlər. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 13:10-da inzibati qaydada tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə saat 12:00-da azad edilmişdir. Məhkəmə iclası zamanı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis Bölməsinin polis sahə inspektoru X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş videogörünlərə baxış keçirilmiş və məlum olmuşdur ki, “Gloria Jean’s Coffees” kafesinin qapıları bağlı vəziyyətdə olduğundan kafenin icərisinə heç kim daxil olmamış və Şəxs bağlı qapını acaraq əlində olan kofe məhsulunu kənarda dayanan avtomobildə əyləşən bir nəfər şəxsə təqdim etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə işlədiyi ünvan 2 ünvanında yerləşən “Gloria Jean’s Coffees” restoranından bir qədər kənarda olan avtomobilə çatdırılma xidməti həyata keçirir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarı ilə ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evləri tərəfindən göstərilə bilən xidmətlər siyahısına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Qərarına əsasən Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış) icazə verilmişdir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddənin tərkib əlamətləri olmadığı üçün Yasamal RPİ-nin 27-ci PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə X8 məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-də olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddənin tərkib əlamətləri aşkar edilmədiyindən barəsində Yasamal RPİ-nin 27-ci PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 göstərdiyi 4 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X8 göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN- **********. hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar