Məhkəmə qərarları › İş №3(004)-4297/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4297/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4297/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 491.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00800- 00801/25 nömrəli (EP 0232175) inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 491.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00800-00801/25 nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixli 3-33-3100/021/013533 nömrəli raporta əsasən hüquqi ünvanı ünvan 1-nin (VÖEN: **********) adına xx.xx.2025-ci il tarixdə **********7126 sorğu nömrəli gömrük bəyənnaməsi ilə ümumi gömrük dəyəri 28653,50 AZN, netto çəkisi 580,04 kq olan “X3 Propionate 00.5% 20mg” adlı yük (dərman vasitəsi) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Qeyd olunan müvəqqəti gömrük baxışı nəticəsində gömrük nəzarəti altında olan müvəqqəti saxlanc anbarında yerləşdirilmiş 25000 (iyirmi beş min) ədəddən ibarət olan malların (dərman vasitələri) yalnız 1710 (min yeddi yüz on) ədədinin istifadə edilməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük baxışının həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, müvəqqəti saxlancda olan yükə xx.xx.2025-ci il tarixdə şirkətin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A ünvanında yerləşən anbarında gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışı zamanı **********7126 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən 56 (əlli altı) qablaşdırılmadan, 25000 ədəddən ibarət olan malların (dərman vasitələri) saxlanıldığı anbarın qapısının üzərinə gömrük orqanının vəzifəli şəxsi tərəfindən tətbiq edilən bir ədəd gömrük təminatı vasitəsinin (stiker) pozulması (qoparılması) eləcə də 1710 ədəd dərman vasitəsinin istifadə edildiyi faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞ-nin 08 may 2025-ci il tarixli, 3-28/2-13711/2025 nömrəli məktubundan görünür ki, idxal olunan 25000 ədəddən ibarət olan “Dermasol Cream 00.5% 20 g No1” adlı dərman vasitələrinin ümumi dəyərini 16855.00 ABŞ dolları təşkil edir. İş materiallarında olan 20 may 2025-ci il tarixli izahatdan görünür ki, Şəxs MMC-nin iqtisadçısı vəzifəsində çalışan X2 bildirmişdir ki, qanunvericiliyin tələbini bilmədiklərindən, həmçinin zərurət olduğundan 1710 (bir min yeddi yüz on) ədəd dərman vasitəsi, yəni “Dermazol Cream 00.5% 20 g No1” adlı kremlər topdan şəkildə “Avromed” şirkətinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilmişdir. Bu fakt iş materialları ilə yanaşı, hüquqi şəxsin nümayəndəsinin verdiyi etirafedici izahatda öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcələnin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30%-i məbləğində, yəni 436.05 manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qararı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar