Məhkəmə qərarları › İş №3(004)-4299/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4299/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4299/2025 23.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3, Tələbkar (zərərçəkmiş şəxs) – X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 23 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, 07 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən X6, X7, X8 ilə ataları X4 ilə şənbə günləri anaları olmadan görüşməlidir. Lakin Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X9 bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, 07 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən X6, X7, X8 ilə ataları X4 ilə şənbə günləri anaları olmadan görüşməlidir. Lakin uşaqlar atası ilə görüşmək istəmirlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Suallara cavab olaraq isə ananın çağırışlara vaxtında uşaqlarla birlikdə gəldiyini, ancaq ananın uşaqlara pisixoloji təsir göstərdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından yayınmamışdır. Hər zaman uşaqların atası ilə görüşməsinə icazə vermiş və bütün çağırışlara uşaqlarla birlikdə gəlmişdir. Həmçinin uşaqların atası ilə görüşməməsi üçün onlara psixoloji təsir göstərmədiyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X4 öz izahatında övladlarının ona bağlı olduğunu, övladlarını çağırarkən analarının onları döydüklərini və onlara qışqırdığını, görüşə icazə vermədiyini bildirərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 23 iyun 2025-ci il protokoldan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, 07 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən X6, X7, X8 ilə ataları X4 ilə şənbə günləri anaları olmadan görüşməlidir. Lakin Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, 07 noyabr 2024cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X2 övladları - xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-cı il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü, davam edən bayram günlərindən - (Novruz və Yeni il) bayramın ikinci günü, uşaqların ad günlərindən sonrakı gün saat 11:00-dan saat 18:00-dək anası cavabdeh Şəxs iştirakı olmadan sərbəst ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. “İcraata başlama haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, xx.xx.2024-cü il icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 20 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. 28 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru X9, tələbkar X4, borclu Şəxs, hal şahidi X5, iş üzrə borclu X10, tələbkar X12 bu aktı tərtib etmişlər ondan ötrü ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə uşaqla ünsiyyət baş tutmalıdır. xx.xx.2024-cü il tarixdə uşaqla ünsiyyət baş tutaraq hər 3 uşaq anası ilə şöbəyə yaxınlaşaraq ataları ilə görüşmək istəmədiklərini bildirmişlər. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. Psixoloji rəydən görünür ki, uşaqlarda atalarına qarşı küskünlük və emosional soyuqluq müşahidə olunur. Valideynlər arasında qarşılıqlı münasibətdə mövcud olan gərginlik uşaqların emosional sferasına neqativ təsir göstərmişdir. Lakin ruhun dərinliklərində uşaqlar atasına çox bağlıdırlar. Şüuraltı ataları üçün çox darıxırlar. Hər iki valideynini sevirlər və onların birlikdə olmağını istəyirlər. Tövsiyə: Müərkkəb psixoloji vəziyyətə baxmayaraq valideynlər öz aralarında uşaqların ataları ilə ünsiyyətdə olmaq məsələsini həll etməlidir. Belə olan halda uşaq heç bir psixoloji travma almayacaq və hər iki valideyninə eyni gözlə baxacaqdır. Müəyyən edilmiş ehtiyacları nəzərə alaraq uşaqlar ilə psixokorreksiya işi tövsiyə olunur. Əsas məqsəd uşaqlarda yuxarıda göstərilən narahatlıqların aradan qaldırılmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1440/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 övladları - xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-cı il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü, davam edən bayram günlərindən - (Novruz və Yeni il) bayramın ikinci günü, uşaqların ad günlərindən sonrakı gün saat 11:00-dan saat 18:00-dək anası cavabdeh Şəxs iştirakı olmadan sərbəst ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Məhkəmə iclasında həm icra məmurunun, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş günlərdə övladlarının ataları X4 ilə görüşməsinə şərait yaratmış, ancaq uşaqlar özləri atası ilə görüşdən imtina etmişlər. Bununla yanaşı, iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş aktdan da göründüyü kimi xx.xx.2024-cü il tarixdə uşaqla ünsiyyət baş tutmuş, hər 3 uşağın anası ilə şöbəyə yaxınlaşaraq ataları ilə görüşmək istəmədiklərini bildirmələri təsdiq olunmuşdur. Məhkəmə iclasında tələbkar özü də uşağın anası tərəfindən icra şöbəsinə gətirildiyini, uşaqların onunla görüşmək istəmədiyini, lakin uşaqların psixoloji təzyiq altında olduğunu və anası tərəfindən öyrədildiyini bildirmişdir. Həmçinin hazırki vəziyyətdə uşaqların atası ilə görüşməsi məsələsini protokol tərtib etməzdən əvvəl icra məmuru özü müəyyən etdiyi üsullarla həll etməli, bunun üçün ilk növbədə icra məmuru tərəfindən mütəxəssisin (psixoloq) iştirakı ilə uşaqlar dindirilməli və akt tərtib edilməli idi, yenə də uşaq atası ilə görüşdən imtina edərdisə, digər zəruri tədbirlər görməli idi. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə aktını nəinki üzrsüz səbəbdən, ümumiyyətlə icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, Şəxs icra məmurunun çağırışına övladları X6, X7, X8 ilə Yasamal rayon Məhkəməsinin inzibati binasına gəlmiş, lakin icra məmuru tərəfindən lazımı və zəruri icra tədbirləri görülmədən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilməklə kifayətlənilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs məhkəmə aktı əsasında verilmiş icra sənədini vaxtında və üzrlü səbəblərdən icra etməməsi öz təsdiqini tapmadığından və bununla da icra sənədinin icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar