Məhkəmə qərarları › İş №3(004)-4307/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4307/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4307/2023 12.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, şikayətçi X1, Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində saat 00:47-də Azərbaycan prospektində yaxın vuran işiqların led olması səbəbi ilə saxlanılıb duracağa aparılmışdır. Tabesizlik etməmək şərti ilə bu qərara etiraz etsə də, etirazının əsassız olmasını bildirmişlər və beləliklə duracağa getmişdir. Ona bildirilmişdir ki, səhər Bakı şəhər Yol Polisi İdarəsinə yaxınlaşmalıdır. Səhər ora yaxınlaşdıqda ona cəriməni ödəyib maşını götürə biləcəyini bildirmişdilər. SMS radar vasitəsi ilə ona protokol tərtib olunmadığını görmüşdür. Soruşanda ki, bəs cəriməni nəyə əsasən ödəyəcək, bildirdilər ki, protokol istəyirsinizsə lampaları dəyişib sonra yaxınlaşsın .O lampaları dəyişib gəlmiş və protokol tərtib edilmişdir. Maşını duracağa aparılan zaman olunan işi o, istədikdən sonra edilmişdir və İXM 342.2.2-ci maddəsi ilə qeyri-qanuni protokol tərtib edilib. O maşını bir il yarımdır ki, alıb və indiyə kimi eyni lampalarla sürür. İndiyənədək də, hec bir qayda pozuntusu ilə əlaqədar protokol tərtib olunmayıb, xəbərdarlıq edilməyib. İXM-nin 342.2.2-ci maddəsi avadanlıq quraşdırılması və ya dəyişdirilməsi onun maşınlnda led lampalarla heç bir əlagəsi yoxdur. O, xarici işıq cihazlarını dəyişməmişd və xarici işıq cihazı qoymamışdır. Bundan əlavə “Yol hərəkəti haqqında” qanunun 1 nömrəli əlavənin 3-cü bəndində göstərilən (xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi, iş rejimi, nəqliyyat vasitəsininn konstruksiyasınına uyğun olmadıqda) qeyd olunan tələblərinin hec birini pozmamışdır. Zamanın tələbinə uyğun hər şey inkişaf edir. Onun maşını 2013-cü il istehsalıdır. Xarici işıq cihazları iki komplektasiyada olur (sadə və diodlar). Onun idarə etdiyi avtomobilin ön xarici işıq cihazları sadədir və o əlavə quraşdırılma etmədən, daha doğrusu ondan əvvəlki maşının sahibi əlavə qurğu quraşdırmadan halogen lampaları dəyişmədən həmin vəziyyətdə maşını sürürdür. O, vicdanlı vətandaşdır, çalışır ki, etdiyi hərəkətlər hec kimin hüququnu pozmasın. Lakin bəzən hüquq mühafizə orqanları əməkdaşlarının öz şəxsi mülahizələrinə görə vətəndaşlar əziyyət cəkir. Qanun hamı üçündür, hər kəs qanun qarşısında cavab verməlidir. Ona tərtib olunmuş protokolla və DİN-ə etdiyi şikayətə cavab olaraq verilən qararla razı deildir. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.K.Kərimov ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi E.M.Qanbayev şikayətin təmin edilməməsini və Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, H.K.Kərimov idarə etdiyi «Seat Leon minik» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 00:47 radələrində Bakı şəhəri, Azərbaycan prospektində olan zaman normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına yol vermişdir. Ona görə də, H.K.Kərimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə YPX-nin inspektoru tərəfindən H.K.Kərimovun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. H.K.Kərimov həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhər DYPİ-nə göndərilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə H.K.Kərimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, H.K.Kərimovun barəsində Bakı şəhər DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərkən və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar