Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4311/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X5, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin 08 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24047948 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin 08 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24047948 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, ona xx.xx.2024-cü il tarixdə idarə etdiyi "Renault" markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi inzibati tənbeh vermə haqqında EQ 24047948 nömrəli qərar elektron sənəd şəklində tərtib olunaraq elektron poçt ünvanına göndərilmişdir. Qərarda onun İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma) törətmiş olduğu xətaya görə (səksən manat məbləğində cərimə edilir) məsuliyyət qeyd edilmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ 24047948 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassız olduğundan ləğv olunmasına dair xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş X11 İdarəsinə ünvanladığı elektron müraciətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda, müraciətdə göstərdikləriniz ilə əlaqədar əlavə araşdırma zamanı aşkar edilmiş yol hərəkəti qayda pozuntusu təsdiqini tapdığından qəbul edilmiş qərar qüvvədə saxlanılması qeyd edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında elektron qərarla razı olmadığından şikayət ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir, Yasamal Rayon Məhkəməsinin 3(004)-366/2025 saylı xx.xx.2025-il tarixli Qərarı ilə şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Həmin sözügedən Qərarda Məhkəmə qeyd edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, şikayət vermiş şəxs məhkəmə iclasında bildirmişdir ki, onun avtomobilində nasazlıq yarandığından mühərrik sönmüşdür. Həmin vaxt yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq alıb geri qayıtmış və həmin yanacağı avtomobilin çəninə boşaltdıqdan sonra mühərriki işə salaraq dərhal oradan uzaqlaşmışdır. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, bu hallar qərar qəbul etmiş orqan tərəfindən şikayət vermiş şəxsin iştirakı ilə araşdırılmalı və ondan sonra müvafiq qərar qəbul edilməlidir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Bütün bunlara baxmayaraq, DİN Bakı şəhər BPİ-nin DYPİ-i onun iştirakını təmin etməmiş və xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı elektron sistemindən silməmiş, əksinə qanunsuz və əsassız olaraq yenidən həmin xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixdə elektron sisteminə yerləşdirərək 80 azn miqdarında elektron Qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin 08 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24047948 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin tərtib etdiyi 08 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24047948 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə zamanı avtomobilində nasazlıq yarandığından və avtomobilin yanacaq ehtiyatı tükəndiyindən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Avtomobilin nasazlığını təsdiq edən bir sənəd təqdim edə bilmir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X8 şikayətin əsassız hesab olunaraq təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib olunmuş 08 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24047948 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 08 oktyabr 2024-cü il tarixdə saat 14:37-də Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsində **-GL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, X4 idarə etdiyi “X10 MİNİK” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İ bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinin İİ bəndinə əsasən dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin 08 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24047948 nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4311/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4311/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver