Məhkəmə qərarları › İş №3(004)-4315/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4315/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4315/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC şirkətinin filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1rləşən Şəxs şirkətinin filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs şirkətinin filialı barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs şirkətinin filialı 44907.87 ingilis funt sterlinqi məbləğində vəsaiti 28 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 44907,87 ingilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, Nümayəndə2 məhkəmə iclasında protokola qarşı etiraz təqdim edərək bildirmişdir ki, köçürülmüş valyuta müqabilində mallar ölkəyə idxal edilmişdir. Bu barədə bəyannamə mövcuddur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, Gömrük bəyannaməsi mövcuddur. Əvvəlki işlərdə loqistika şirkətinin verdiyi səhv kodlar olmuşdur. Onların şirkətinin işi boru kəmərlərinin qaynaq tikişlərinin radioaktiv şüa ilə yoxlanılmasından ibarətdir. Yoxlamanı həyata keçirən 100 kqdan ibarət xüsusi cihazdır. Bu cihaz işlək olmayan vəziyyətdə belə buxarlanır. Cihazın ölkəyə gətirilməsi 15 000 manatdır. Avadanlıqları isə 27 900 manat təşkil edir. Bəyannamədə müqavilə qeyd edilmir, Nazirlər Kabinetinin icazəsi olur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə 28 iyul 2022-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 44907.87 ingilis funt sterlinqi məbləğində valyuta xx.xx.2022-ci il tarixli müqavilə əsasında Şəxs şirkətinə köçürülmüşdür. İş materiallarında olan **********0915 saylı, xx.xx.2022-ci il tarixli və **********4597 saylı, xx.xx.2022-ci il tarixli yük gömrük bəyannaməsinə əsasən ümumilikdə 44907.87 ingilis funt sterlinqi məbləğində mallar Şəxs şirkətindən ölkəyə idxal edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ərazisindən Şəxs şirkətinin filialı tərəfindən ixrac ediləcək, daxilində 1 ədəd Se-75 radioaktiv mənbəyi yerləşən 1 ədəd SE- 3SC tipli qamma-defektoskopun eyniləşdirilməsi və vəziyyətin qiymətləndirilməsi barədə 17 aprel 2023-cü il tarixli Akta əsasən sözügedən radiasiya təhlükəli yük Azərbaycan Repsublikasının Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli 2053 nömrəli icazəsinə əsasən ölkə ərazisinə müvəqqəti idxal edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin birinci müavininin xx.xx.2022-ci il tarixli məktubuna əsasən daxilində 1 ədəd İr-192 radioaktiv mənbəyi yerləşən 1 ədəd “SE-3SC” tipli qamma-defektoskopun (komplektləşdirici hissələrlə birlikdə) müvəqqəti idxalına və işlər başa çatdıqdan sonra ixracına icazə verilir. Bununla da xaricə köçürülmüş pul məbləğində mallar ölkəyə idxal edilmişdir. Həmçinin mallar pulun xaricə köçürüldüyü vaxtdan 02 il keçməmiş ölkəyə idxal edilmişdir. Bununla da həmin gömrük bəyannaməsinə əsasən yuxarıda göstərilən köçürmə sənədində göstərilən ödəniş təyinatı qeyd edilmiş müqavilə üzrə köçürmə sənədində göstərilən məbləğdə mal, pulun xaricə köçürüldüyü vaxtdan 02 il keçməmiş, yəni gömrük bəyənnaməsi tarixində ölkəyə idxal edilmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqət isə yuxarıda sadalanan sənədlərlə müəyyən edilmiş kimidir. Yuxarıda sadalanan sənədlərin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərlə müəyyən edilir ki, hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar