Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4316/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Repsublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMXyə məlumat verilməmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəfindən səyyar vergi yoxlaması keçirilmişdir. Məlum olmuşdur ki, Vergi ödəyicisi daxili monitorinq qaydalarını tətbiq etmiş, məsul şəxs təyin etmiş, məsul şəxs barəsində vergi orqanına məlumat vermişdir. Digər prosedurları da həyata keçirmişdir. Vergi orqanı da qarşılığında müəyyən sənədlər vermişdir ki, bu da iki tərəfli protokolla təsdiqlənmişdir. Vergi orqanı tərəfindən Maliyyə Monitorinq Xidmətinə müraciət olunmuş və aydın olmuşdur ki, məsul şəxsin adı Maliyyə Monitorinq Xidmətinə qeyd olmamışdır. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 30 dekabr 2022-ci il tarixli 781-VİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: 3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; 3.1.2. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: 3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı; 3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; 3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; 3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. "xxxx" MMC tərəfindən daxili nəzarət proqramı tətbiq edilməsinə baxmayaraq, məsul şəxsin təyin edilməsi barədə barədə MMX-yə məlumat verilməmişdir. Həmçinin yoxlama zamanı Qanunda sadalanan əməliyyatların aparılmasında iştirakı müəyyən edilməmişdir. Bu səbəbdən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz təqdim etmiş və ona uyun izahat vermişdir. Həmçinin bildirmişdir ki, o, lisenziyası olan və sənədləri qanuni qüvvəyə minmiş peşakar hüquqşünasdır. Lazımi prosedurlar barədə vergi orqanına məlumat vermişdir. Başa düşülməyən məqam odur ki, niyə həm vergi orqanına, həm də ayrıca Maliyyə Monitorinq Xidmətinə məlumat göndərməlidir. Qarşı tərəfin qeyd etdiyi akt qanunaltı aktdır, məlumatım olmamışdır. Vergi orqanı özü Maliyyə Monitorinq Xidmətinə məlumat verə bilərdi və verməli idi. Onların MMX ilə aralarında birbaşa təmas yoxdur. Əlavə olaraq bildi ki, Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli aktından, "xxxx" MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, faktiki olaraq adı çəkilən qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı fəaliyyətlə məşğul olmağı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi Nümayəndə2 tərəfindən tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMX-yə məlumat verilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir; Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli, **********261400 nömrəli aktdan görünür ki, yoxlama ilə müəyyən olunmuşdur ki, “Varidat Group" MMC tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3- 21-28/3-6- 6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21-28/3-6- 6/2023 Qərarının 3.2.1 -ci bəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməlidir. Göründüyü kimi "xxxx" MMC tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3- 21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli **********699600 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi Nümayəndə2 tərəfindən hüquqi şəxs "xxxx" MMC-yə məxsus izahat, nizamnamə və hüquqi şəxsin ləğv edilməsi barədə sənədlərin surəti götürülmüşdür; Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********185034 saylı qərardan görünür ki, “Varidat Group" MMC- də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə iyun 2021 - may 2024 illərinin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 23 avqust 2024-cü il tarixli, KY242124853 nömrəli çıxarışdan görünür ki, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.7-ci maddəsinə əsasən, Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2024cü il tarixli, **********261400 nömrəli aktından, "xxxx" MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, "xxxx" MMC-nin faktiki olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş hansı növ fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Lakin iş materiallarından və tərəflərin çıxışlarından məlum olduğu kimi "xxxx" MMCnin sözügedən Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını yerinə yetirməmişdir, həmçinin bu əməliyyatların aparılmasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına "xxxx" MMC-nin yuxarıda sadalanan əməliyyatların aparılmasında iştirak etməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir, protokolu tərtib etmiş Nümayəndə2 da bunu təsdiq edəcək hər hansı bir sübutlarının olmadığını məhkəmə iclasında qeyd etmişdir. Beləliklə, məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan "xxxx" MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4316/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4316/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver