Məhkəmə qərarları › İş №3(004)-4317/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4317/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4317/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X2 iştirakları ilə, «UNİLEGAL CONSULTİNG” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasınin İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, «UNİLEGAL CONSULTİNG” MMCnin direktoru X3 tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramını tam tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xİdməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X4 təmsil etdiyi orqan tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini və hüquqi şəxsin rəhbəri barəsində tənbeh tədbirinin görülməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs T.Hacıyevin vəkili Nümayəndə izahatında göstərdi ki, "xxxx" MMC barəsindəki inzibati xətaya dair hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri- maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 1.1.9-cu maddəsinə görə qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin AR-dəki filial və ya nümayəndəlikləridir. "xxxx" MMC vergilər üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə məşğuldur və bu, aktda da göstərilib.Qanunvericilik hüquqi şəxsin vergilər üzrə məsləhət xidmətləri göstərməsini onun öhdəlik daşıyan şəxs sayılması üçün kifayət hesab etmir, əlavə olaraq bu şəxsin Qanunun 3.1.2.1-3.1.2.4-cü maddələrində göstərilən əməliyyatlardan hər hansı birini aparması və ya bu cür əməliyyatların aparılmasında iştirak etməsi tələb olunur. "xxxx" MMC yalnız vergilər üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə məşğul olub və yuxarıda sadalanan əməliyyatların heç birini aparmayıb və ya aparılmasında hər hansı formada iştirak etməyib. Bunun əksini təsdiq edən sübut yoxlama zamanı və ya ondan sonra aşkar edilməyib və iş materiallarında yoxdur. "xxxx" MMC istinad olunan Qanunun 3.1.2.1-3.1.2.4-cü maddələrində göstərilən əməliyyatlardan hər hansı birini aparmadığı və ya bu cür əməliyyatların aparılmasında iştirak etmədiyi üçün həmin Qanunun tələbləri ona münasibətdə tətbiq olunmur və o, bu qanunun tələblərinin pozulmasına görə AR İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti deyil. Bütün bunları nəzərə alaraq «UNİLEGAL CONSULTİNG” MMC-nin direktoru X3 barəsində tərtib olunmuş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, «UNİLEGAL CONSULTİNG” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «UNİLEGAL CONSULTİNG” MMC tərəfindən daxili nəzarət programı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMX-yə məlumat verilmədiyinə görə "xxxx" MMC barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********185032 nömrəli Qərar, xx.xx.2024-cü il tarixli KY242124849 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış xx.xx.2024-cü il tarixdə cəmiyyətin direktoruna təqdim edilmişdir və xx.xx.2024-cü il tarixli **********440300 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2024cü il tarixli **********440300 nömrəli məktubla "xxxx" MMC-nin elektron poçt ünvanına göndərilmişdir. “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********440300 nömrəli Tələbnamə ilə nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7 iş günü müddətində, yəni xx.xx.2024-cü tarixə kimi yoxlayıcıya və ya vergi orqanının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə təqdim olunması tələb edilmişdir. Təqdim edilmiş sənədlərin götürülməsi məqsədilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli **********519700 nömrəli Qərar qəbul edilmiş və "xxxx" MMC-nin Nizamnamə 4 vərəq, izahat 4 vərəq, direktorun şəxsiyət vəsiqəsinin surəti 1 vərəq, Direktorun təyin edilməsi barədə əmr 1 vərəq cəmi 10 vərəqdə məlumatların götürülməsi həyata keçirilərək nəticəsi xx.xx.2024-cü il tarixli **********659800 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə, həmin Məcəllənin 598.7-ci maddəsi isə bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə məsuliyyət müəyyən edir. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: - öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri (1.1.7-ci maddə); - qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri (1.1.9-cu maddə); - Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramİ çərçivəsində daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi tədbirləri görməlidirlər (10.1 -ci maddə). Məsul şəxsin vəzifələri aşağıdakılardır: öhdəlik daşıyan şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq işçilər tərəfindən Qanunun, habelə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tələblərinə əməl edilməsinə nəzarət etmək; öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilən əməliyyatların (əqdlərin) gündəlik monitorinqini aparmaq, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq etmək və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq MMX-ya təqdim edilməsini təmin etmək; həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək; ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi - təlimlərin keçirilməsini təşkil etmək; əməliyyatın (əqdin) həyata keçirilməsinin dayandırılması ilə əlaqədar əmələ gələ biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək; ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/Tm risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək; ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaq; ƏL/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək (3.2.3-cü bənd); - Öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir (3.2.4-cü bənd). Göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət proqramını tam tətbiq etməmiş, öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması təmin edilməmişdir. Yalnız qurum barəsində aparılmış yoxlamadan və onun nəticələri üzrə inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra məsul şəxs barədə əvvəlki tarixlə imzalanmış müvafiq əmrin surəti aidiyyəti üzrə göndərilmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru X3 barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirildiyindən, vəzifəli şəxs həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-nin vəzifəli şəxsi məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar