Məhkəmə qərarları › İş №3(004)-4323/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4323/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4323/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əlizadə Şamil Akif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1 və 469.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 oğlu inzibati xəta haqqında protokola etiraz dərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində saat 01 radələrində bankın əməkdaşı “Mitsubishi Pajero” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda hərəkət edərkən Yasamal rayon DYPŞ, polis kapitanı X3 tərəfindən saxlanılmış və ləğv prosesində olan "xxxx" ASC barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. X2 Məcəlləsinin 339.1 və 469.3-cü maddələrinin pozulması hallarına yol verildiyi qeyd edilmişdir. Aşağıdakı əsaslara görə qeyd edilən protokol qanun pozuntusu ilə və heç bir hüquqi əsası olmadan tərtib edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 339.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi bu maddənin tələbləri pozulmamışdır. Belə ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********461 saylı etibarnamə əsasında qeyd edilən əməkdaş-X1 ləğv prosesində olan bankların ləğvedicisi ƏSF adından "xxxx" ASC daxil olmaqla bir sıra ləğv prosesində olan bankların nümayəndəsi kimi Azərbaycan Respublikası DİN BDP İdarəsində iştirak etmək, dayanacaqdan, məhkəmədən və icra orqanlarından avtomobillərin götürülüb bankın dayanacağına təhvil verilməsi və baxış keçirilməsi səlahiyyəti verilmişdir. Qeyd edilən etibarnamə xx.xx.2022-ci il tarixinədək etibarlıdır. Həmin etibarnamə səlahiyyət verən şəxs tərəfindən imzalanmış və Əmanətlərin Sığortalanması Fondunun müvafiq möhürü ilə təsdiq edilmişdir. Həmin protokolu inzibati xəta haqqında işə baxılması tarixindən (xx.xx.2022-ci il) bir gün əvvəl öz təşəbbüsləri ilə əldə etmişlər. Bu fakt öz-özlüyündə isə prosessual pozuntudur. Belə ki, İXM-ə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Eyni zamanda İXM-in 101-ci maddəsinin tələblərinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.lşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Protokoldan göründüyü kimi xx.xx.2022-ci il tarixində aşkarlandığı iddia edilən inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixində prosessual cəhətdən müddət pozuntusu ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinin tələblərinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Zənnimizcə həmin maddənin tələbləri də pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Yasamal rayon Polis İdarəsi tərəfindən "xxxx" ASC barəsində İXM-in 469.3-cü maddəsi ilə 26 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan avtomobil idarə edilərkən həmin avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş həmin MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Həmin iş üzrə aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda göstərilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir Beləliklə, İXM-nin sadalanan normalarına əsasən İXM-nin 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barsində tərtib edilə bilər. Yəni əgər nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətindədirsə, həmin nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdirsə və həmin xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol həmin avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs barəsində tərtib edilə bilməz. Avtomobilin mülkiyyətçisi fiziki şəxs olduqda, onda həmin fiziki şəxs barəsində tərtib edilə bilər. Lakin hazırkı protokol hüquqi şəx barəsində tərtib edilmişdir. Belə olduğu təqdirdə hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanı törədən şəxs, yəni İnzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə barəsində protokol tərtib edilmiş hazırkı hüquqi şəxsə münasibətdə İXM-nin 469.3-cü maddəsi ilə protokol tərtib edilə bilməz, həmin hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-in 469.3-cü maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. DYP portalından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən yol vərəqəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş əməl mövcud deyildir. Bu səbəbdən "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Lakin "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 339 və 469.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar