Məhkəmə qərarları › İş №3(004)-4331/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4331/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4331/2020 23.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, xx xxxxxxx 1976-cı ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:35 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən 07 saylı stasionar postun ərazisində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən elan edilmiş hərbi vəziyyət dövründə komendant rejimi qaydalarını pozaraq xüsusi icazəsi olmadan küçədə və digər ictimai yerlərdə gəzişməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində (xüsusi icazə vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin PPXB-nin polis nəfəri Q.Mislimov tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 07 saylı stasionar postda xidmətdə olduğu vaxt saat 21:35 radələrində 3 nəfər şəxsin komendant rejimi qaydalarını pozaraq xüsusi icazələri olmadan ictimai yerdə gəzişmələri müəyyən edilmişdir. Həmin şəxslər bölməyə dəvət edildikdən sonra şəxsiyyətləri yoxlanılmış və onlardan birinin Şəxs olması müəyyən edilmişdir. Bundan başqa, Şəxs inzibati araşdırma zamanı verdiyi izahatı məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, o, tərəfindən törədilmiş inzibati xətanı etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq və ya əlli manat məbləğində cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. “Hərbi vəziyyət haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə isə komendant saatı - hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır. “Hərbi vəziyyət haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elan edilir. Qanunun 10-cu maddəsinə görə hərbi vəziyyət dövründə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu kimi tədbirlərə komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi; eyni zamanda şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması da daxildir. Bundan başqa “Hərbi vəziyyət haqqında” Qanunun 26-cı maddəsinə görə sözügedən Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsi müəyyən edilmişdir. Fərmanın 4-cü bəndinə əsasən komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Həmçinin Fərmanla hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlərin vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bundan başqa Məcəllənin 89.3-cü maddəsinə əsasən fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər. 31.4-1-ci maddəyə görə isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə saat 06:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517- 2.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan “xəbərdarlıq” növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 24.2-ci maddəsinə görə xəbərdarlıq Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Elektron Məhkəmə sisteminə baxış keçirildikdə Şəxs əvvəllər qeyd olunan maddə üzrə inzibati məsuliyyətə cəlb edilmədiyi müəyyən edildi. Azərbaycan Respublikası İXM-nin 149-cu maddəsinə əsasən xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 24, 40, 43, 48-51, 114, 128-130 və 149-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona xəbərdarlıq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar