Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4335/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Prokurorluğu Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 21 avqust 2023-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X1 "xxxx" MMC-nin həkimi X5 tərəfindən 2023-cü ilin fevral ayında həmin klinikada həkimin səhlənkarlığı nəticəsində düzgün “Liposaksiya” cərrahiyyə əməliyyat olunmaması səbəbindən sağlamlığına ciddi ziyan dəyməsi ilə bağlı şikayəti əsasında Yasamal rayon prokurorluğunda araşdırma aparılmış və həmin materialda inzibati xəta aşkar edildiyindən inzibati qaydada müvafiq qərar qəbul edilməsindən ötrü material ayrılmışdır. Həmin inzibati material ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X1 üzərində xx.xx.2023-cü il tarixdə cərrahiyyə əməliyyatı icra edilərkən "xxxx" MMC ilə həmin əməliyyatı icra etmiş həkim X5 arasında əmək müqaviləsi olmamış, yalnız bir neçə gün sonra, yəni xx.xx.2023-ci il tarixdə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. Rayon prokurorluğunda aparılmış araşdırma zamanı "xxxx" MMC-nin direktoru X9 izahatında həmin xüsusatları təsdiq edərək göstərmişdir ki, həkim X5 ilə əmək müqaviləsi onun tərəfindən xx.xx.2023cü il tarixdə bağlanmasına baxmayaraq klinikanın bu sahəyə nəzarət edən əməkdaşının səhvindən həmin müqavilə elektron informasiya sistemində xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin xüsusatı "xxxx" MMC-də həkim işləmiş X5 da izahatında təsdiq etmişdir. Materiala əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 5URUM8K000101 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən də görünür ki, X3 əmək müqaviləsi elektron informasiya sistemində xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda müəyyən olunur ki, "xxxx" MMC ilə həkim X5 arasında bağlanmış əmək müqaviləsində müddət xx.xx.2023-cü il tarix göstərilsə də, həmin müqavilə ondan bir neçə gün sonra yəni xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığından həmin tarixdə qüvvəyə minmiş, V.Məmmədov tərəfindən Qafarova Pərvanə üzərindən cərrahiyə əməliyyatı aparılarkən onunla klinika arasında hər hansı əmək müqaviləsi olmamışdır. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Prokurorluğu Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun nümayəndəsi X8 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən X5 ilə yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron Məhkəmə Sistemindən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanovun 21 avqust 2023-cü il tarixli, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarla "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. "xxxx" MMC-ti barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata istinad olunan Məcəllənin 53.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq xitam verilməlidir. Belə ki, işdə olan materiallardan, eləcə də “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində təsbit olunmuş inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmiş və inzibati xəta xx.xx.2023-cü il tarixinədək davam etmişdir. Nəzərə alınmalıdır ki, X5 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sistemində qeydiyyata alınmış və bununla da sözügedən müqavilə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbinə uyğun olaraq hüquqi qüvvəyə minmişdir. Göründüyü kimi törədilmiş inzibati xəta xx.xx.2023-cü il tarixədək davam etmiş, qeyd olunan tarixdən inzibati xəta hadisəsi aradan qaldırılmışdır. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni ehtiva edən, inzibati xətanın törədildiyi vaxtı qüvvədə olmuş Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 (üç) ay keçənədək verilə bilər. Qeyd etməyi zəruri hesab edirik ki, inzibati xətanın bəzi növləri üzrə inzibati tənbeh ən geci 1 (bir) il keçənədək verilə bilər ki, bu cür inzibati xətaların dəqiq dairəsi yuxarıda sözügedən Məcəllənin 38.1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinin tələbindən görünür ki, əmək hüquqları, o cümlədən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh tədbiri ən azı 1 (bir) il keçənədək deyil, 3 (üç) ay keçənədək verilə bilər. "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olan Bakı şəhəri Yasamal rayon Prokurorunun 21 avqust 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsi əsassız və qanunsuz olmaqla təhrif edilməklə göstərilmişdir ki, guya həmin maddənin tələbinə əsasən əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Halbuki yuxarıda göstərildiyi kimi, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci 3 (üç) ay keçənədək verilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 38.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bir daha qeyd edirik ki, V.Məmmədovla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir ki, bununla da "xxxx" MMC tərəfindən törədilmiş inzibati xəta onun aşkara çıxarıldığı günə uzanan inzibati xəta hesab edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 6.1-ci maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinin tələbinə görə əmək hüquqları, o cümlədən əmək qanunvericiliyin qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 (üç) ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 52.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halları ehtiva edən Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 "xxxx" Klinikası MMC-də xx.xx.2023-cü il tarixdən həkim kimi fəaliyyət göstərir və sistemə xx.xx.2023-cü il tarixdə əlavə edilmişdir. İş materiallarında olan X7 tərəfindən verilmiş izahatdan görünür ki, hazırda "xxxx" MMC-də rəsmi əmək müqaviləsi ilə işləyir. Buna qədər də həmin klinikada plastik əməliyyatlar etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən X2 Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Bununla bağlı Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən isə "xxxx" MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, "xxxx" MMC ilə X7 arasında Azərbaycan Respunlikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi sübuta yetirilir. Bununla da, "xxxx" MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş və əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən "xxxx" MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4335/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4335/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver