Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4343/2020 18.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1992-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, 1/13 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində Naxçıvani küçəsində xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X4 onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları inzibati ərazidə xidmət apararkən xx.xx.2020-ci il tarixdə polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən mağazasının qarşısında 2 nəfər şəxsin toplaşdığını görüb oraya yaxınlaşmışlar və mağazanın yerində satış xidməti göstərildiyini aşkar etmişlər. Mağazada satıcı işləyən X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinə əsasən yalnız online xidmətinə icazə verildiyini, onun tərəfindən yerində satış xidməti həyata keçirildiyindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərinin pozulmasını izah etmişlər. Daha sonra onlar inzibati araşdırma başlanması üçün X3 Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, orada barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. X4 verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, Şəxs müştəriyə telefon adaptorunu mağazanın qarşısında açıq havada təqdim etmişdir. O, göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Yasamal rayonu M.Naxçıvani küçəsində yerləşən mağazada satıcı işləyir. Ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına riayət edərək mağazada xx xxxxxx 2020-ci il tarixdən yerində xidmət dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə o, əvvəlcədən verilmiş onlayn sifariş əsasında mağazaya gələrək telefon adaptorunu mağazanın qarşısında açıq havada müştəriyə təqdim etmişdir. Belə olan halda, onun əməlində hər hansı bir inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, onun tərəfindən xüsusi karantin rejimi qaydaları pozulmadığından və əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, protokolu və iş materiallarını tədqiq edib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş sənəd 8 vərəqdən, yəni 2 vərəq protokol, eyni zamanda hər biri 1 vərəq olmaqla qərardad, tutma protokolu, hüquq və vəzifələrə dair bildiriş, portal çıxarışı və şəxsiyyət vəsiqəsindən ibarət olmuşdur. Yəni dolayısı ilə məhkəməyə xətanın törədilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan isə müəyyən edilmişdir ki, Şəxs tərəfindən xidmət onlayn sifariş əsasında mağazadan kənarda göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Qərarına əsasən əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektlərində (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsinə (və ya onlayn satış) icazə verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi saytında dərc etdiyi məlumatdan görünür ki, xüsusi karantin rejimində Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə xidmətlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” müəyyən edilmişdir. Həmin Siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər. Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər. Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır. Bu baxımdan ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən onun barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixli AZA seriyalı 011449 nömrəli protokola əsasən həmin tarixdə 17:45-də inzibati qaydada tutulmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən və onun barəsində iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmiş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-4343/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4343/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver