Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4366/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi, ev 12, mənzil 41-də qeydiyyatda olan Şəxs barəsində Azərbayjan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-dan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol və ona əlavə olunmuş materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:20-də Yasamal rayonu, N.Nərimanov heykəlinin qarşısında polisin qanuni tələblərinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X.M.Mürşüdlü tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11:20-də özünə məxsus “Renault” markalı avtomobili idarə edərkən YPXnin əməkdaşı tərəfindən ona “saxla” əmri verilmiş və o da öz növbəsində əmrə tabe olaraq avtomobilini dayandırmışdır. YPX-nin əməkdaşı avtomobilində ön bufer hissəsinin olmamasını və dövlət qeydiyyat nişanının yararsız olmasını əsas gətirərək, avtomobilin cərimə meydançasına təmin olunacağını bildirmişdir. O, avtomobilində, həmçinin onun dövlət qeydiyyat nişanın qüsur olmadığına görə cərimə meydançasına getməkdən imtina etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini tələb etmişdir. O, həmin vaxt ictimai qaydanı pozmamış, polisə müqavimət göstərməmiş, və hər hansı inzibati xəta törətməmişdir. Onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması barədə inzibati məsuliyyətə cəlb edilməsi düzgün deyildir. Ona görə də hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nətijəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün,bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünürki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, inzibati xəta törətmiş şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element- obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh növünün tətbiqinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının, o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayətvə ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları, o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai asayişi pozmamış, inzibati xəta törətməmiş və digər hüquqpozmalara yol verməmiş, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin, ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt qeyri-qanuni hərəkətlərə yol verməsi, həmçinin, polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və Şəxs hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Şəxs hərəkətlərinin polisin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nətijələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbayjan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin tələblərinin qanuni olması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini,yəni Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:20-də Yasamal rayonu, N.Nərimanov heykəlinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məjəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbayjan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra a l d ı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-4366/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4366/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver