Məhkəmə qərarları › İş №3(004)-4373/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4373/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4373/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, 3 bal və 100 (bir yüz) manat cərimənin sistemdən silinməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 25 avqust 2024-cü il tarixdə saat 12 radplərində “Hundai Tucson” markalı, **-DD-*** d.q.n. avtomobil ilə Bakı şəhəri, Y.Səfərov küçəsi ilə hərəkət edib, nizamlanan növbəti yol kəsişməsini keçdikdən sonra ərazidə xidmət aparan DYP əməkdaşı xidməti avtomobili ilə saxla əmrini vermiş və yol kəsişməsini svetoforun qırmızı işığı yanarkən hərəkətini davam etdiyini söyləmişdir. O, inspektorla razılaşmayaraq svetoforun hərəkətə icazə verən yaşıl işığı yanarkən yolayrıcını keçdiyini bildirib etiraz etməyinə baxmayaraq inspektor tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta protokolu və onun surətini təqdim etmədən hazırda şikayət etdiyi İXM-nin 327.2-ci maddəsi ilə cərimə qərarının çıxarılması barədə sistemə məlumat yerləşdirmişdir. Hesab edir ki, tərəfindən hər hansı xəta törədilməmişdir. Əks halda xətanın nədən ibarət olması, necə və hansı şəraitdə baş verməsi, eləcə də onun xüsusi texniki vasitə (XTV) ilə qeydə alınması ilə bağlı həmin XTV-nin Qanunvericilikdə qeyd edilən tələblərə cavab haqda müvafiq sənədlər və sübutlar məhkəmədə təqdim edilməli və araşdırılmalıdır. İnzibati Qanunvericilik bu növ işlərdə birmənalı olaraq ilk öncə xətanın baş verməsi ilə bağlı mütləq sübutun təqdim edilməsini və sübut təqdim edildiyi halda onunla bağlı işin araşdırılmasını və xətanın olubolmamasına qiymət verilməli olmasını göstərir. Bundan başqa inzibati qanunvericilikdə xəta ilə bağlı sübutun olmaması və ya onun mötəbər və təkzibedilməz olmadığı, yaxud xətanı sübut edəcək qanunla əldə edilmiş digər əlavə sübutlarla təsdiqini tapmadığı halda şübhələr yarandıqda işin nəticəsi şikayətçinin xeyrinə həll edilməli olması qeyd edilir. Odur ki, inzibati xəta sübut edilmədikdə yə ya xətanın mövcudluğu ilə bağlı şübhələr yarandığı halda Bakı şəhəri DYPİ-nin MEB YPX inspektoru V.T.Abbasovun barəsində İXM-nin 327.2ci maddəsi ilə inzibati tənbeh vermə haqda TP ******* saylı, 25 avqust 2024-cü il tarix i qərar qanuni və əsaslı sayıla bilməz. X7 Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin İV-cü bəndinə görə svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də, hər hansı inzibati xəta törətmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri DYPİ-nin MEB YPX inspektoru V.T.Abbasovun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqda TP ******* saylı, 25 avqust 2024-cü il tarixli qərar İXM-nin 53.1.1-ci maddəsinə əsasən ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsi, Bakı şəhəri DYPİ-nin MEB YPX inspektoru V.T.Abbasovun barəsində İXM- nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqda TP ******* saylı, 25 avqust 2024-cü il tarixli qərarın ləğv edilməsi, 3 bal və 100 (bir yüz) manat cərimənin sistemdən silinməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, videoçəkilişdən də göründüyü kimi şikayətçi özünü DTX əməkdaşı kimi təqdim etmiş, svetoforun sarı işığından keçdiyini etiraf etmişdir. Şikayətçi özü də məhkəmə iclasında iştirak etsə idi şikayətinin nədən ibarət olduğu məlum olardı. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X4 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 12:07-də Bakı şəhəri, X8, 26 ünvanında idarə etdiyi “Hyundaı Tucson” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və bununla da İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, həmçinin iş vəsiqəsini təqdim etmiş, svetoforun sarı işığından keçdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. X7 Azərbaycan Respublı̇ kası qanunun: 59-cu maddəsinə əsasən Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 60-cı maddəsinə əsasən Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində ( yəni, başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında)müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. 76-cı maddəsinə əsasən Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Məhkəmə iclasında təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək məhkəmə “Hyundaı Tucson” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən sarı işiq yanıbsönməmiş, əksinə sarı işıq yanaraq qalmış və həmçinin yolu keçmək istəyən piyada vardır ki, hərəkətini davam etdirərək svetoforun sarı işığında keçməsini (stop xətlər vardır) nəzərə alaraq onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar