Məhkəmə qərarları › İş №3(004)-4375/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4375/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4375/2020 22.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət ərizəsinin məzmununda inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilsə də, qəbul edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Ərizəyə yalnız xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol əlavə edilmişdir. Məhkəmə tərəfindən “Asan-pay” sistemində yoxlanılarkən müəyyən edilmişdir ki, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmamışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə görə inzibati xəta haqqında protokoldan verilmiş şikayətə məhkəmə tərəfindən baxılması nəzərdə tutulmamışdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, barəsində şikayət verilmiş xəta hadisəsi üzrə hər hansı bir qərar qəbul edilməmiş, yalnız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki şikayət baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar