Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4375/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət vermiş "xxxx" QSC-nin direktoru X4 və onun vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Şikayətçi "xxxx" QSC-nin direktoru X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" QSC-nin direktoru X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti (DƏMX) tərəfindən tərtib edilən 12 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında MN № ******* nömrəli Protokola əsasən "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7, X3 xx.xx.2024-cü il tarixindən və X10, X2 xx.xx.2024-cü il tarixində halhazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsin cəlb edilmişlər. Adları sadalanan şəxslərin "xxxx" QSC tərəfindən əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına dair hər hansı sübut təqdim edilməmişdir və belə hal olmamışdır. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi adından da göründüyü kimi müəyyən ərazilərə girişi təmin etmək məqsədilə təşkil olunubdur. Amma DƏMX həmin şəxslərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ümumiyyətlə giriş etdiyi barədə hər hansı sübut təqdim etməmişdir. M№ 19333320 nömrəli 12 iyul 2024-cü il tarixli Protokol "xxxx" QSC-nin iştirakı təmin edilmədən, onu dinləmədən və onun təqdim etdiyi sübutlar təhlil edilmədən tərtib edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-17-5/2-40332/24 nömrəli məktubda işə 12 iyul 2024-cü il tarixində saat 11:30-da əyani və ya Zoom platforması üzərindən baxılacağı qeyd edilmişdir. Zoom patformasına 11:25-dən qoşulmuşlar, amma DƏMX nümayəndələri iclası aparmamışlar. Bu barədə DƏMX-nin 012 *** ** ** nömrəli qaynar xəttinə 11:34-də məlumat verilmişdir. Görünən odur ki, DƏMX Zoom görüşünə qoşulmadan protokol tərtib etmişdir. Bundan başqa, DƏMX-nin 07 iyun 2024-cü il tarixli, 3- 17-5/2-36096/2024 saylı Məktubunda "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən əldə olunmuş məlumatlara istinad edərək 22 (iyirmi iki) nəfər şəxsin əmək müqaviləsi bildirişinin olmaması qeyd edilmişdir, amma nədənsə Protokol yalnız 4 nəfər barəsində tərtib edilmişdir. Bu da, DƏMX tərəfindən istinad edilən faktların özündü qeyri-dəqiqliyin olmasına dəlalət verir. Eyni zamanda işçi icazəsi alınması barədə "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına" giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən "əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi" barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin direktoru X9 və onun vəkili Nümayəndə şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X13 şikayətin əsassız olduğunu qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, qeyd edilən qərar DİN-nin məlumatı əsasında qəbul edilmişdir. Həmin məlumata əsasən «UNİ KO” QSC-nin əməkdaşları Qarabağ və Şərqi Zəngəzur zonasına getmək üçün icazə alınmışdır. Lakin «UNİ KO” QSC-nin əməkdaşlarının izahatları alınmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış vətəndaşlar X7, X5, X10 və X2 adlarına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş həmin işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Nəticədə «UNİ KO” QSC-nin direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında qərar qəbul edilmiş, vətəndaşlar X7, X5, X10 və X1 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla «UNİ KO” QSC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X11 Xidməti Bakı Şəhər İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni «UNİ KO” QSC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X7, X5, X10 və X1 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada «UNİ KO” QSC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «UNİ KO” QSC-nin direktoru X9 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4375/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4375/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver