Məhkəmə qərarları › İş №3(004)-4381/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4381/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4381/2022 23.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ş., Yasamal ray., 20 Yanvar d.. xx.xx.2019-ci il tarixində saat 20:59:54-də dayanma-durma qaydalarını pozmuşdur. Bu səbəbdən mobil telefonuna BNA tərəfindən 20 AZN məbləğində cərimə olunmağı ilə bağlı sms məlumat gəlməmişdir. Onun Asan pay-da şəxsi kabineti mövcud olmasına baxmayaraq sözügedən hadisə ilə bağlı cərimə heç bir hesabında və adında görünmür. Məsələ ilə bağlı BNA-nın olduğu ünvana xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Xüsusi qeyd etmək istəyir ki, o, sürücülük vəsiqəsini dəyişmək üçün Asan xidmətə müraciət etdikdə ona bildirilmişdir ki, BNA-i ona cərimə tətbiq edib. Bununla əlaqədar olaraq hadisənin başvermə zamanı və onun BNA-ya müraciəti arasında zaman fərqi yaranmışdır.O, özü BNA-dan ona yazılan qərarları xx.xx.2022-ci il - tarixində BNA-dan götürmüşdür. Belə ki, tərəfindən törədilməsi ehtimal edilən, İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilib. Şəkil çəkilən zamanı o, avtomobilin içərisində olmuşdur. Lakin İXM-in 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmayıb, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməyib. Həmin qərarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilib. Həmin inzibati xətalar bilavasitə aşkar edilməyib, yəni qərar qəbul edib və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmumaqla, həmin inzibati xətanı yerində aşkar etməyib. Belə olan halda, əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Qərar əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, inzibati Xətalar Məcəlləsinin tələblərinə görə dayanma-durma qaydasını pozan sürücüləri yalnız planşet vasitəsilə cərimələmək olar. Məhkəmə iclasında şikayətçi X2 şikayəti müdafiə edərək təmin edilməsini, BNA xx.xx.2019-cu il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X2 tərəfindən xx.xx.2019-ci il tarixdə idarə etdiyi “Nissan Tiida” minik markalı 90LT642 dövlət qeydiyyat nişanlı avtomobilin dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən dayanma qaydalarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarda göstərilmiş vaxtda X2 tərəfindən dayanma qaydalarının pozulması barədə əsaslandırma (sübut) qanuna uyğun deyildir. Orqan 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın sənədləşdirilməsi zamanı belə xətaların sənədləşdirilmə qaydasını tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələblərini gözləməmişdir. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar