Məhkəmə qərarları › İş №3(004)-4390/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4390/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4390/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X3 daxil olmuş İXP ******* nömrəli, 17 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10PC707 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan Şəxs MMC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X4nin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən «Mercedes Benz E350 E Plug-İn hibrid minik» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxsndən xahiş olunmuşdur. İnzibati xəta haqqında 17 may 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 10PC707 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan Şəxs MMC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, «Mercedes Benz E350 E Plug-İn hibrid minik» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Dövlət X4 tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən zərfdən görünür ki, qeyd olunan məktub Şəxs MMC tərəfindən ünvan natamamdır tələbi ilə geri qaytarılmışdır. Məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3(004)- 4390/2025 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə AZ1122 saylı poçt şöbəsi vasitəsilə X5 idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan SX046072865AZ ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1001 saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş, lakin “yanlış, oxunmayan, natamam ünvan” qeydi ilə geri qaytarılaraq xx.xx.2025-ci il tarixdə X5 idarəsinin məsul əməkdaşı Səlim Abbasova F-8 çatdırma vərəqinə imza edilməklə təhvil verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta uzanan inzibati xəta olmaqla, hüquqi şəxsin hərəkətsizliyi ilə bağlı olaraq törədilmiş və inzibati xətanın törədilmə vaxtı avtomobilə mülkiyyət hüququ Şəxs MMC-yə məxsus olmuşdur. Həmçinin, 10PC707 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan Şəxs MMC tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında digər şəxsə istifadəyə verilsə də, təkrar qeydiyyatdan keçirilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, əmək müqaviləsi ilə sürücü işləyən şəxsə Şəxs MMC tərəfindən həmin avtomobil etibarnamə və ya yol vərəqəsi əsasında idarə edilməsi üçün istifadəsinə verilsə belə təkrar dövlət qeydiyyatından keçirilməlidir. Lakin Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə AZ1122 saylı poçt şöbəsi vasitəsilə X5 idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan SX046072865AZ ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1001 saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş, lakin “yanlış, oxunmayan, natamam ünvan” qeydi ilə geri qaytarılaraq xx.xx.2025-ci il tarixdə X5 idarəsinin məsul əməkdaşı Səlim Abbasova F-8 çatdırma vərəqinə imza edilməklə təhvil verilmişdir. Bu da o deməkdir ki, MMC DYP tərəfindən ünvalanmış sorğudan rəsmi qaydada məlumatlandırılmamışdır. Nəticə etibarilə, iş materiallarının təhlili göstərir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin inzibati xəta haqqında rəsmi qaydada məlumatlandırılması iş üzrə tam şəkildə istisna olunur. Bu hal da inzibati xəta tərkibinin yaranmasını hüquqi baxımdan mümkünsüz edir və barəsində protokol tərtib edilmiş quruma qarşı inzibati məsuliyyətin tətbiqini əsassız və qanunsuz edir. AR İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İş üzrə kifayət qədər sübut toplanılmamışdır. Həmçinin hüquqi şəxsin nümayəndəsinin sənədlər təqdim etməsi və izahatının alınması üçün dəvət edilməsi barədə məktub iş materiallarına əlavə olunsa da, çatmasını təsdiq edən poçt göndərişi işə əlavə edilməmişdir. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərməklə kifayətlənmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi müəyyən olunmadığı üçün əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, lakin Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 339.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin X5 Şöbəsi tərəfindən tərtib olunmuş 17 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar