Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4391/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vət. Şəxs Yasamal rayonu, A.Salamzadə küçəsində Yasamal RPİ-nin inzibati binasında polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin polis nəfərləri Z.Qiyasovun və H.Bayramovun 27-ci Polis Şöbəsinin ünvanına tərtib etdikləri raportda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:55 radələrində Yasamal rayonu, A.Salamzadə küçəsində idarə etdiyi “Bentley minik” markalı **-VA-*** d.q.n.n. avtomobili yüksək sürətlə idarə edərkən, polis əməkdaşları tərəfindən saxlanılmış, həmçinin avtomaşının işıq cihazlarının nasaz olduğu YPX əməkdaşları tərəfindən aşkarlanmış, YPX əməkdaşları özlərini təqdim etmişlər və qayda pozuntusunu izah etmişlər. Daha sonra avtomobili duracağa təmin etməsini tələb etmişlər. Həmin avtomobilin sürücüsü polis əməkdaşlarına etiraz etsə də, avtomobili duracağa təmin etmiş. Lakin o, avtomobili aqresiv halda idarə etmiş, qərəzli şəkildə avtomobili idarə edərkən qəflətən sürətləndirmiş, cəmiyyətə və vətəndaşlara açıq-aşkar şəkildə hörmətsizlik etmiş, yerin səthində izlər buraxaraq təkər səslərinin çıxmasına səbəb olan əməllərə yol vermişdir, polis əməkdaşları ona öz iradlarını bildirmişlər, lakin o, məhəl qoymamışdır, daha sonra sürücü inzibati binaya yaxınlaşaraq səs-küy salmış, hədə-qorxu gəlmiş, şantaj xarakterli səs yazdığını və videogörüntü çəkdiyini bildirmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələbindən yayınaraq, tabesizlik göstərmişdir. Həmin sürücünü naryadın köməkliyi ilə 27-ci Polis Şöbəsinə aparmışlar. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, A.Salamzadə küçəsində “Bentley minik” markalı avtomaşını ilə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamış, əvvəlcə digər avtomobillə sürət yürüşü keçirdiyini ona bildirmişlər, o isə hansı avtomobillə sürət yürüşü keçirdiyini və həmin avtomobilin markası və nömrəsini soruşmuş, lakin YPX əməkdaşı görmüşdür ki, bunu sübut edə bilməycək, saxlama səbəbi əsassızdır, ona görə də sonradan nömrənin üzərindəki işıq cihazında nasazlıq olduğunu bildirmişlər. O, isə onlara bildirmişdir ki, qayda pozuntusu ilə əlaqədar protokol tərtib etsinlər, daha sonra avtomobili duracağa təmin etsinlər. Onlar razılaşmamış və avtomobilin duracağa təmin edilməsini tələb etmişlər, bundan sonra idarəyə yaxınlaşıb protokolu götürə biləcəyini bildiriblər. O, da avtomobili duracağa təmin etmiş. Daha sonra Yasamal RPİ-nin inzibati binsına gələrək onlardan protokolu tərtib etmələrini və avtomobilinin hansı səbəbdən duracağa yerləşdirilməsini, bununla bağlı aktın verilməsini xahiş etmişdir. Polis əməkdaşları ona heç bir sənəd vermək istəməmiş, onu otaqdan itələyib çıxarmışlar, daha sonra naryadın köməkliyi ilə 27-ci Polis Şöbəsinə gətirmişlər. O, protokol tərtib edilməsini istəmiş, polis əməkdaşlarının heç bir qanuni tələbinə tabesizlik göstərməmişdir, polis əməkdaşından protokol tərtib edilməsi barədə tələbi qanuni olmuşdur. Ona görə də işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ yol patrul xidməti inspektoru X4 bildirdi ki, Şəxsxx.xx.2023-cü il tarixdə saat 21:55 radələrində Yasamal rayonu, A.Salamzadə küçəsində idarə etdiyi “Bentley minik” markalı **-VA-*** d.q.n.n. avtomobili yüksək sürətlə idarə edərkən, onu saxlamışlar. Avtomaşının işıq cihazlarının nasaz olduğu aşkarlanmış, qayda pozuntusunu izah etmişlər. Daha sonra avtomobili duracağa təmin etməsini tələb etmişlər. Həmin avtomobilin sürücüsü polis əməkdaşlarına etiraz etsə də, sonradan avtomobili duracağa təmin etmiş. Lakin o, avtomobili aqresiv halda idarə etmiş, qərəzli şəkildə avtomobili idarə edərkən qəflətən sürətləndirmiş, yerin səthi ilə sürtünmə nəticəsində toz qalxmış, səs çıxartmışdır. Daha sonra sürücü Yasamal RPİ inzibati binaya yaxınlaşaraq səs-küy salmış, hədə-qorxu gəlmiş, protokolun surətinin ona verilməsini tələb etmiş, lakin sürücüyə bildirilib ki, protokl polisin növbətçi hissəsinə verilib, səhəri gün gəlib götürə bilər, lakin sürücü təkid edərək protokolun surətini tələb etmişdir. iş vaxtı olmadığı üçün sürücüdən tələb edilmişdir ki, binanı tərk etsin, lakin sürücü getmək istəməmiş, protokolu tələb etmiş, buna görə də polisin qanuni tələbindən yayınaraq, tabesizlik göstərmişdir. Həmin sürücünü naryadın köməkliyi ilə 27-ci Polis Şöbəsinə aparmışlar. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 27-ci PŞ-nin sahə inspektoru Vüsal Məmmədov bildirdi ki, protokolu raport əsasında tərtib etmişdir. Belə ki, raporta əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:55 radələrində Yasamal rayonu, A.Salamzadə küçəsində idarə etdiyi “Bentley minik” markalı **-VA-*** d.q.n.n. avtomobili yüksək sürətlə idarə edərkən, polis əməkdaşları tərəfindən saxlanılmış, həmçinin avtomaşının işıq cihazlarının nasaz olduğu YPX əməkdaşları tərəfindən aşkarlanmış, YPX əməkdaşları özlərini təqdim etmişlər və qayda pozuntusunu izah etmişlər. Daha sonra avtomobili duracağa təmin etməsini tələb etmişlər. Həmin avtomobilin sürücüsü polis əməkdaşlarına etiraz etsə də, avtomobili duracağa təmin etmiş. Lakin o, avtomobili aqresiv halda idarə etmiş, qərəzli şəkildə avtomobili idarə edərkən qəflətən sürətləndirmiş, cəmiyyətə və vətəndaşlara açıq-aşkar şəkildə hörmətsizlik etmiş, yerin səthində izlər buraxaraq təkər səslərinin çıxmasına səbəb olan əməllərə yol vermişdir, polis əməkdaşları ona öz iradlarını bildirmişlər, lakin o, məhəl qoymamışdır, daha sonra sürücü inzibati binaya yaxınlaşaraq səs-küy salmış, hədə-qorxu gəlmiş, şantaj xarakterli səs yazdığını və videogörüntü çəkdiyini bildirmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələbindən yayınaraq, tabesizlik göstərmişdir. Həmin sürücünü naryadın köməkliyi ilə 27-ci Polis Şöbəsinə aparmışlar. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, polisin ixtiyari bir tələbinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddənin tərkibini yaratdığı üçün, ictimai qaydanın mühafizə vəzifələrinin icrasından irəli gələn qanuni tələblər mövcud olmalıdır. Yəni tələb qanuni olmalıdır. Həmin tələb məhz polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən tələb edilməlidir. Lakin nə protokolda, nə də ki raportda polisin hər hansısa bir qanuni tələbinin olması, bu tələbin nədən ibarət olması öz əksini tapmamışdır. Sürücü avtomobilinin duracağa aparılmasından imtina etməmiş, qayda pozuntusu ilə bağlı protokol tərtib edilməsini də istəmiş. Həmçinin avtomobili duracağa yerləşdirmiş, lakin qayda pozuntusu barədə protokl tələb etmiş, duracaya yerləşdirmə aktı tələb etmiş, lakin polis əməkdaşları onun bu tələbini yerinə yetirməmişlər. Buna görə də inzibati binaya gələrək, protokolun surətini tələb etmişdir. Sürücünün hər hansı bir qanun pozuntusu müəyyən edilmir. Sürücünün bu hərəkəti, yəni YPX əməkdaşının istədiyi sənədləri təqdim etməsi, YPX əməkdaşından pozuntu barədə protokol tərtib etməyi tələb etməsi polisin qanuni tələbinə tabe olmamaq kimi qiymətləndirilə bilməz. Şəxsə YPX əməkdaşı tərəfindən qayda pozuntusu törədilməsi ittihamı irəli sürülürsə, sürücünün törədilmiş qayda pozuntusu barədə onun barəsində protokol tərtib edilməsini tələb etmək və protokolun surətini almaq hüququna malikdir. Belə bir vəziyyətdə onun barəsində protokol tərtib edilməli və bir surəti də ona verilməlidir. Bundan əlavə protokoldan və məhkəmə iclasında veriliş izahatlardan görünür ki, YPX əməkdaşının polisin inzibati binasında, xidməti otaqdan sürücünün çölə çıxmasını tələb etməsi, sürücünün isə protokolun surətini tələb etməsi, əks halda binanı tərk etməyəcəyini bildirməsi ilə bağlı əməl üzrə də qeyd edilməlidir ki, polis əməkdaşı inzibati binada asayişi bərpa etmir, xidməti vəzifələrini yerinə yetirir. Hazırkı iş üzrə şəxsin törədiyi göstərilən əməlin baş vermə şəraitində, yəni polisin inzibati binasının daxilində, xidməti otağında, polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra etmirdi, həmin vaxtı polis əməkdaşı xidməti otağında xidməti vəzifələrini yerinə yetirirdi. Halbuki, polis əməkdaşının yalnız ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun tələblərinə tabe olmama İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Lakin göründüyü kimi həmin əməlin tərkibini yaradan hal baş verməmişdir. Bundan əlavə yuxarıda qeyd edilən protokolda törədilmiş hadisə barədə yalnız göstərilmişdir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da məhz hansı hərəkətlərin İXM-nin 535.1-ci maddəsində qeyd edilən inzibati xətaya səbəb olduğu qeyd edilməmişdir. Sadəcə protokolda həmin maddələrin İXM-də qeyd edilmiş dispozisiyası natamam şəkildə qeyd edilmişdir. Halbuki, İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə əsasən də inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4391/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4391/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver