Məhkəmə qərarları › İş №3(004)-4411/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4411/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4411/2020 25.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 678/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs hər ay 170 manat aliment tutularaq X1 ödənilməlidir. Borclu aliment tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinklik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 160 manat, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat aliment tutularaq X1 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclunun ümumi borcu 1.900 (bir min doqquz yüz) manat təşkil edir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və mövcud olan pandemiya ilə əlaqədar müvəqqəti olaraq işləmədiyinə görə borcu tam şəkildə ödəyə bilmir, yalnız hər ay 50 manat məbləğində ödəniş edə bilir. Himayəsində yaşlı anası vardır. Göstərilən halların nəzərə alınaraq cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X7 hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs övladı xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixədək hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment, xx.xx.2020-ci il tarixdən başlayaraq 170 (bir yüz yetmiş) manat aliment tutularaq iddiaçı Dadaşova (Nuruzadə) Elnurə Bəxtiyar qızına verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2020-ci il tarixdə imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən hər ay aliment borcundan müntəzəm olaraq 50 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə X5 məhkəmədə iştirak etdiyi 3 (üç) saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-də olan hesabına köçürülməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 3 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X5 göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN- **********. hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar