Məhkəmə qərarları › İş №3(004)-4426/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4426/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4426/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və onun müdafiəçisi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1957-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 28 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-993/2022 saylı icra sənədinə əsasən "xxxx" MTK-dan 132000 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin şirkətin rəhbəri Şəxs borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs borcunu qərəzli olaraq ödəmək istəmir və ödənişdən yayınır. Borclu, "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Rəhimov X4 Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırır, odur ki, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, protokol əsassız olaraq tərtib edilmişdir, ortada heç bir qərəzdən söhbət gedə bilməz, əmlakla bağlı sorğular da vaxtında verilməli idi, beləliklə, göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müqavilə əsasında müdafiəçisi Nümayəndə məhkəmə iclasında bildirdi ki, protokol tam olaraq əsassız tərtib edilmişdir. Hüquqlarını müdafiə etdiyi Şəxs əməlində heç bir qərəz yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 28 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-993/2022 saylı icra sənədinə əsasən "xxxx" MTK-dan 132000 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-993/2022 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair X5 tərəfindən Zərərçəkmiş şəxs ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs tutularaq X2 ödənilməsi qərara alınmışdır; Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)- 74/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “Qət etdi” hissəsində göstərilmiş “Zərərçəkmiş şəxs tərəfindən “Caspian İnşaat MB" MTKya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi” ifadəsi, “Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MTK-ya ödənilmiş 132000 (bir yüz otuz iki min) manat pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi"-nin nəzərdə tutulması qərara alınmışdır; “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-993/2022 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə hüquqi şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir; 16 avqust 2024-cü il tarixdə "xxxx" MTK-nın rəhbəri Şəxs icra şöbəsinə gəlmədiyinə görə xəbərdarlıq edilmiş, xəbərdarlıq "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən xx.xx.2024cü il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir; DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Yasamal rayon icra şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyəyə ünvanlanmış 30 avqust 2024-cü il tarixli, 3-xxxx/2139553/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli e44552/2023-53-24- 009 7502 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MTKnin adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Yasamal rayon icra şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyəyə ünvanlanmış 23 avqust 2024-cü il tarixli, 3-22-1/2-1696/2024 saylı məktubdan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən hüquqi şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) adına traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-993/2022 saylı icra sənədinə əsasən "xxxx" MTK-dan ümumilikdə 132000 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata müvafiq olaraq 21 fevral 2023-cü il tarixli qərarlar başlanılmışdır. Borclu təşkilatın rəhbəri tərəfindən isə icra müddəti ərzində borc məbləğindən heç bir ödəniş edilməmişdir.Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan borc məbləği tam təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu "xxxx" MTK-nın rəhbəri Şəxs rəhbərlik etdiyi MTK-nın bu günədək borcunu tam olaraq ödəməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və onun müdafiəçisinin izahatlarını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-993/2022 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MTK-nın rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar