Məhkəmə qərarları › İş №3(004)-4453/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4453/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4453/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, Müdafiəçilər: X7 və X4 iştirakları ilə, Şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi Natalia Khizanishvilinin inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi Natalia Khizanishvili Azərbaycan Respublikası X2 MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, "xxxx" MMC-nin fəaliyyəti iaşə müəssisələri ilə istehlakçıları arasında qida məhsulların göndərilməsinin və çatdırılmasının təşkilini mümkün edən elektron platformanın (proqram tətbiqinin) təmin edilməsindən ibarətdir. Yəni, "xxxx" MMC qida məhsullarının göndərilməsini və çatdırılmasını həyata keçirmir. O, “Wolt” elektron tətbiqi vasitəsi ilə qidanı satan şəxslərlə, qidanı sifariş edən şəxslər və qidanı çatdıran şəxslər arasında əlaqənin yaradılmasını təşkil edir və o "xxxx" MMC-nin qanuni nümayəndəsidir. Göstərilən fəaliyyətin həyata keçirilməsi məqsədi ilə "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq dövlət vergi xidmətində fərdi sahibkar qismində qeydiyyatdan keçmiş və müstəqil qaydada çatdırma xidmətləri göstərən şəxslərlə və eləcə də iaşə müəssisələri ilə müvafiq müqavilələr imzalayır ki, bu müqavilələr əsasında həmin şəxslər “Wolt” tətbiqindən istifadə edərək, öz xidmətlərini həyata keçirirlər. Qida məhsullarının çatdırılması xidmətlərini göstərən şəxslərlə "xxxx" MMC arasında hər-hansı əmək münasibəti yaranmır və yarana da bilməz. Belə ki, çatdırma xidmətlərini həyata keçirən şəxslər həmin xidmətləri müstəqil qaydada fərdi sahibkar fəaliyyətləri çərçivəsində göstərir. Məlumat üçün bildirmək istəyir ki, X5 tərəfindən yoxlamanın aparılması haqqında YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir və "xxxx" MMC-yə təqdim edilmişdir. Sonra, böyük həcmdə sənədlərin və məlumatların "xxxx" MMC-dən alınması məqsədi ilə yoxlamanı 30 gün müddətinə, xx.xx.2023-cü il tarixədək dayandırılmışdır və bununla bağlı xx.xx.2023-cü il tarixli “Yoxlanmanın dayandırılması barədə” Qərar qəbul edilmişdir. Qeyd edir ki, tərtib edilmiş “Qida obyektinə baxış keçirilməsinə dair” aktında "xxxx" MMC tərəfindən pozuntuların olduğu qeyd olunsa da, MMC-nin nümayəndəsi narazı qalaraq, həmin akta müvafiq qeydlər etmişdir. Belə ki, qeydlərdə bildirilmişdir ki, aktın 2-ci vərəqində "xxxx" MMC tərəfindən hazır qida məhsullarının çatdırılması qeyd olunsa da, təqdim etdikləri müqaviləyə əsasən hazır qida Partnyor kuryer xidməti tərəfindən çatdırılır. Həmin kuryerlər xüsusi çantalarda 30 dəqiqə ərzində qidanın istehlakçıya çatdırır, bu səbəbdən də hesab edir ki, qidanın isti və soyuq zənciri mövcuddur. Həmçinin qeyd etmək istəyir ki, qida daşıyan nəqliyyat vasitələrinin və termo qabların (çantaların) dezinfeksiya və onların təmiz saxlanması tərəflərindən AQTA-yə təqdim edilmiş "xxxx" MMC ilə Partnyor kuryer xidməti göstərən şəxslər arasında bağlanmış müqavilələrin 2-ci qoşmasının, səkkizinci abzasındana əsasən həmin öhdəliklər kuryerin üzərinə düşür. Buna baxmayaraq, Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinin aparıcı mütəxəssisi Aysel Məmmədova tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir və nümayəndəsi tərəfindən həmin protokolla razı olmadığı qeyd edilmişdir. Qeyd olunan protokol əsasında, guya İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsi tərəfindən barəsində MN № ******* nömrəli, 17 mart 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, o, 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan narazı qalıb Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsi tərəfindən barəsində tərtib edilən MN № ******* nömrəli, 17 mart 2023-cü il tarixli Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsin 3(004)-1902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (hakim: Daşdəmirov Rauf) Qərarı ilə şikayəti təmin edərək, Natalia Khizanishvilinin barəsində qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı 129361 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikasının X5 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində Natalia Khizanishvilinin barəsində yerləşdirilmiş inzibati cərimə silinməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının X5 Bakı Regional Bölməsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-l902/2023 nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh tətbiq edilməsinə dair qərarın qüvvəsində saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (hakim: Emin Mehdiyev) Qərarı ilə apellyasiya şikayəti təmin edilmədən Natalia Khizanishvilinin barəsində qəbul edilmiş 17 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikasının X5 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində Natalia Khizanishvilinin barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-1902/2023 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edir ki, AQTA tərəfindən barəsində inzibati xəta ilə bağlı qəbul edilmiş qərarın birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsinə əsas olaraq qərarın doqquzuncu vərəqində göstərilmişdir ki, "xxxx" MMC sadəcə Azərbaycan Respublikası ərazisində “Wolt” mobil tətbiqinin idarəçisi olmaqla partnyor müqaviləsi bağlanmış kuryer və vətəndaşlara xidmət göstərən iaşə obyektləri arasında əlaqələndirici rolu oynayır. Bu fakt Partnyor Kuryer Xidməti Müqaviləsi və istifadəçilər üçün xidmət şərtlərində öz əksini tapmışdır. Göstərilən halda məhz “Volt Azərbaycan" MMC-nin rəhbəri Natalia Khizanishvili tərəfindən 10 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən xətalara yol verilməsi öz təsdiqini tapmır. Bundan əlavə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan Azərbaycan Respublikasının X5 Bakı Regional Bölməsi sadəcə sənədləri araşdıraraq cəmiyyətin rəhbəri barəsində protokol tərtib etmişdir. Səlahiyyətli orqan tərəfindən faktiki olaraq hər hansı qayda pozuntusu real olaraq aşkarlanmamış və bu hal mövcud olduğu təqdirdə protokollaşdırılıb, foto və video çəkiliş vasitəsilə sübutlar toplanmamışdır. Yəni səlahiyyətli orqan tərəfindən protokol tərtib edilən zaman mötəbər sübutlara istinad etməli olduğu halda bunu etməyib və yalnız öz mülahizələri və ehtimalları əsasında protokol tərtib edilmişdir. Hətta hər hansı qayda pozuntusu aşkar edilməsi ilə bağlı sübutlar toplanılsa belə, inzibati xəta haqqında protokol partnyor kuryer xidməti müqaviləsi əsasında fəaliyyət göstərən və həmin müqavilə üzrə öhtəlikləri üzərinə götürmüş fərdi sahibkar barəsində tərtib edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarın 10-cu vərəqinin 2-ci abzasında qeyd edir ki, "xxxx" MMC-nin rəhbəri Natalia Khizanishvilinin əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan AQTA apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsi də eyni əsaslarla birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasını qərara almışdır. Bildirmək istəyir ki, AQTA tərəfindən barəsində inzibati xəta ilə bağlı tərtib etdiyi qərarın əsası Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinin NP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırım tədbirlərin tətbiqi barədə” Qərar olmuşdur. Həmin qərarla "xxxx" MMC qida məhsulların çatdırılması (daşınması) fəaliyyətinin dayandırılması və qida məhsulları hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərə xidmətdən kanarlaşdırılması qərara alınmışdır. Qeyd olunan qərarın əsası yuxarıda göstərilən, barəsində inzibati xəta ilə bağlı tərtib edilmiş və məhkəmə tərəfindən ləğv edilən qərarda göstərilən əsaslar eyni əsaslar olmuşdur. Bundan sonra, "xxxx" MMC Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun tərəfindən qəbul edilmiş NP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırılma tədbirlərin tətbiqi barədə” Qərarın ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Hazırda qeyd olunan iş hakim Elvin Əliyevin icraatındadır və məhkəmənin hazırlıq baxışı xx.xx.2023-cü il tarixə, saat 12:10-a təyin edilmişdir. Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinin NP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırım tədbirlərin tətbiqi barədə” Qərarın icrası ilə bağlı "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə təkrar yoxlama keçirilmişdir. “Məhdudlaşdırım tədbirlərin təkrar tətbiqi barədə” qərar qəbul edilmişdir və "xxxx" MMCnin qanuni nümayəndəsi olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola və yoxlama materiallarına AQTA-nm inzibati binasında 10 avqust 2023-cü il tarixdə baxılması təyin edilmişdir. Həmin tarixdə "xxxx" MMC və onun qanuni nümayəndəsi yəni o, təmsil olunmuşdur. Yoxlama materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Həmçinin "xxxx" MMC-nin qanuni nümayəndəsi olaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* saylı, xx.xx.2023-cü il tarixli Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2023-cü il tarixli Qərarı rəsmi qaydada poçt vasitəsi ilə 14 avqust 2023cü il tarixdə almışdır. Qeyd edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsin 3(004)- 1902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarının 10-cu vərəqində qeyd olunmuşdur ki, tərəflər bu Müqavilənin ("xxxx" MMC ilə kuryer arasında bağlanmış Partnyor Kuryer Xidməti Müqaviləsi) məqsədləri üçün müstəqil podratçılar hesab olunur. Bu Müqavilə heç bir şəkildə Tərəflər arasında asılılıq və ya əmək münasibətinin yaranması şəklində təfsir edilmir. Göründüyü kimi, "xxxx" MMC ilə kuryerlər arasında əmək münasibətləri mövcud deyil və onları şirkətdən hər hansı bir asılılığı yoxdur. Belə olan halda AQTA-nın NP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərarın icrası, yəni qida məhsulların çatdırılması (daşınması) fəaliyyətinin dayandırılması və qida məhsulları hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxsləri xidmətdən kanarlaşdırılması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyula bilməz. Beləliklə AQTA tərəfindən qəbul edilmiş “Məhdudlaşdırım tədbirlərin tətbiqi barədə” Qərarda qeyd olunan pozuntular "xxxx" MMC tərəfindən törədilmədiyindən qərarın icra edilməsi də şirkət tərəfindən qeyri mümkündür. Buna baxmayaraq, AQTA tərəfindən yenidən yoxlama keçirilir və heç bir pozuntu aşkar olunmadığına baxmayaraq, həmin qurum tərəfindən barəsində yenidən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normasına görə onun inzibati məsuliyyəti o zaman yaranır ki, tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli orqanın müvafiq tələblərini yerinə yetirməmiş olsun. Lakin yuxarıda qeyd etdiyi kimi, qida məhsulları hazırlandığı yerdən qəbul edib və istehlakçıya çatdırılması nə "xxxx" MMC, nə də onun tərəfindən həyata keçirilmir ki, onun da qarşısını alsın. Belə olan halda məhdudiyyətlər yalnız pozuntuya yol vermiş konkret şəxsə (kuryerə) tətbiq edilə bilər. Hesab edir ki, Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsi MN № ******* saylı, xx.xx.2023-cü il tarixli Qərar qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. .AR İXMnin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsi MN№ ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. X1 və X10 məhkəmə iclasında şikayəti müdafiə edərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Qərarından şikayət verilən orqanın nümayəndəsi X6 bildirdi ki, şikayət əsassızdır, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, Azərbaycan Respublikası Yasamal rayon Məhkəməsində şikayətçi "xxxx" MMC-nin vəzifəli şəxsi Natalia Khizanishvili tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin “MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından” verilmiş şikayət üzrə 3(004)-4453/2023 saylı iş üzrə icraat başlanmışdır. Bildirir ki, şikayət ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə İnzibati Xətalar Məcəlləsinə, “Qida təhlükəsizliyi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən aparılır. "xxxx" MMC şikayət ərizəsində qida məhsullarının daşınması fəaliyyəti məşğul olmadığını, “Wolt” tətbiqi vasitəsilə qidanı satan şəxslərlə, qidanı sifariş verən şəxslər və qidanı çatdıran şəxslər arasında əlaqənin yaradılmasını təşkil etdiyini, bu fəaliyyəti də iaşə müəssisələri və qidanın çatıdırılmasını həyata keçirən fərdi sahibkarlarla müqavilə bağlamaqla həyata keçirtdiyini bildirir. Eyni zamanda şikayət ərizəsində Agentlik tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın əsasının Agentliyin Bakı regional bölməsinin YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar olması qeyd edilsə də, daha sonrakı cümlədə qərarın ilkin yoxlama zamanı barəsində qəbul edilmiş və sonradan məhkəmə tərəfindən ləğv edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarda göstərilən əsaslarla eyni əsaslar olması qeyd edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə şikayəti əsassız hesab edir və təmin edilməməsini qanunauyğun hesab edir. Belə ki, Agentliyin Bakı regional bölməsi tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi Natalia Khizanishvili barəsində qəbul edilmiş “MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar YPK/0495-23 saylı 26 iyul 2023-cü il tarixli “Yoxlamanın aparılması haqqında” qərar əsasında "xxxx" MMC-də aparılmış 31 iyul - 01 avqust tarixlərində aparılmış plandankənar yoxlama əsasında qəbul edilmişdir. Bu yoxlama "xxxx" MMC-də aparılmış planlı yoxlama zamanı qəbul edilmiş YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərarın icra vəziyyətinin yoxlanılması məqsədilə aparılmışdır. Məlumat üçün bildirir ki, həmin məhdudlaşdırıcı qərarla "xxxx" MMC “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən qida zəncirində fəaliyyət göstərən subyekt olduğu halda qeydiyyatdan keçmədiyi üçün həmin subyekt tərəfindən qida məhsullarının çatdırılması (daşınması) fəaliyyəti dayandırılmışdır. Lakin yuxarıda qeyd olunan müddət ərzində aparılan plandankənar yoxlama zamanı YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərarın qüvvədə olmasına baxmayaraq "xxxx" MMC-nin fəaliyyət göstərdiyi sübut olunmuşdur. Aşkar edilmiş nöqsanla bağlı Agentliyin Bakı regional bölməsi tərəfindən cəmiyyətin vəzifəli şəxsi Natalia Khizanishvili barəsində İXMnin 544.2-ci maddəsi ilə protokol tərtib edilmiş və 10 avqust 2023-cü il tarixində inzibati xəta haqqında işə baxılaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* nömrəli qərar qbəul edilmiş və və həmin qərarda 3 gün ərzində törədilmiş pozuntunun aradan qaldırılması tələb edilmişdir. Qeyd olunan müddət ərzində pozuntu aradan qaldırılmamışdır. Bildirir ki, qeyd olunan plandankənar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən, sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmışdır. Plandankənar yoxlama və onun əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar ilkin yoxlama zamanı "xxxx" MMC barəsində qəbul edilmiş və sonradan məhkəmə tərəfindən ləğv edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarda göstərilən əsaslara əsasən aparılmamışdır. Əlavə olaraq bildirir ki, YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərarın qüvvədədir və hal-hazırda Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyevin icraatındadır və həmin aktın icrasının dayandırılması barədə müvafiq qərar qəbul edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Həmin Qanunun 24.5- ci maddəsinə əsasən, heyvan və bitki mənşəli qida məhsullarının və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq olunur və ya təsdiqdən imtina edilir. Həmin Qanunun 24.11-ci maddəsinə əsasən, bu Qanunun 24.1-ci və 24.5-ci maddələrində qeyd edilən obyektlərin (subyektlərin) həmin maddələrə əsasən qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi qadağandır. "xxxx" MMC-nin qida məhsullarının daşınması fəaliyyəti məşğul olmaması və qida zəncirinin hər hansı mərhələsində iştirak etməməsi ilə bağlı bildiririk ki, Agentlik tərəfindən qida sahəsində fəaliyyət göstərən subyetklərdə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna əsasən planlı və plandankənar olmaqla yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla keçirilir. Yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilir. Həmin Əsasnamə 3.3-cü bəndinə əsasən Reyestrə sahibkarlarla bağlı daxil edilən məlumatlardan biri də hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin(qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), hüquqi ünvanı, elektron ünvanıdır (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş 2023-cü il 25 yanvar tarixli KY231885486 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”da yoxlanılan təsərrüfat obyektinin ("xxxx" MMC) kodu və fəaliyyət növü hissəsində “Y81110 Hazır yeməklərin daşınması” qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2023-cü il 1 mart tarixli **********416900 nömrəli məktubuna əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Hazır yeməklərin göndərilməsi” (56210) kimi qeyd edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində nəzərdə tutulan normalara əsasən, istənilən hüquqi şəxsin hansı istiqamətlər üzrə fəaliyyət göstərməsi və məqsədləri onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət qeydiyyatı sənədlərində və nizamnaməsində qeyd edilir. Məhz mülki xidmət müqavilələri üzərindən hüquqi şəxsin ("xxxx" MMC-nin) fəaliyyətinin müəyyən edilməsi isə sübutların birtərəfli şəkildə qiymətləndirməsi və qərəzli münasibətin göstərməsi baxımından əyani sübutdur. Bundan başqa "xxxx" MMC-nin ictimai iaşə müəssisələri ilə bağladıqları müqavilələr ikitərəfli müqavilələrdir, yəni həmin müqavilələrdə xidmət göstərən tərəf kimi kuryerlər deyil, "xxxx" MMC göstərilmişdir və həmin müqavilələr üzrə qida məhsullarının daşınma və çatdırılma xidmətlərinin ödənişləri də birbaşa "xxxx" MMC-yə verilir. Həmin müqavilələrdə kuryerlər tərəf kimi çıxış etmədikləri üçün onlar daşınma haqqlarını "xxxx" MMC-dən alırlar. Hətta qeyd edilənlərdən savayı "xxxx" MMC-nin mediada istifadə etdikləri reklamların hər birində çatdırılmanın “Volt” tərəfindən həyata keçirildiyinə dair şüarlar və sərlövhələr mövcuddur (əlavə olunur). Əgər "xxxx" MMC həmin qida məhsullarını fakitiki “daşımadığını” iddia edirsə, o zaman hansı əsasla özünü daşıyıcı kimi göstərir və ya təqdim edir və daşınma xidmətlərinin ödənişini qəbul edir? Qeyd edək ki, daşınma və çatdırılma zamanı yaranan hər hansı gecikmələrə və ya qüsurlara da "xxxx" MMC məsuldur və bununla bağlı dəstək xidməti də verir. Əlavə olaraq, "xxxx" MMCnin partnyor kuryer xidməti müqaviləsinin 3 saylı Qoşmasına əsasən, Volt şirkəti müvafiq avadanlıqları (isi çanta, ayrı soyuducu konteyner və s. kimi əşyaları) partnyor kuryerə verir. Əgər sözügedən əşyalardan hər hansısa zədələnərsə və ya itərsə partnyor kuryer onların əvəzinə müqavilədə göstərilən müəyyən məbləğləri "xxxx" MMC-yə ödəyir. Burdan anlaşılır ki, mübahisə predmeti olan və qida məhsullarının daşınmasında istifadə olunan avadanlıqları kuryerlərə "xxxx" MMC özü verir və sözügedən avadanlıqlar onlara məxsusdur. Elə həmin avadanlıqların temperatur göstəricilərinin test nəticələrinə dair sənədləri də Agentliyin əməkdaşlarına "xxxx" MMC təqdim etmişdir. Yuxarıda qeyd edilənlərə və dövlət orqanları tərəfindən təqdim edilmiş sənədlərə əsasən, müəssisənin ("xxxx" MMC-nin) qida zəncirində qida məhsullarının dövriyyəsi fəaliyyətinin həyata keçirdiyi aşkar şəkildə müəyyən edilir. Belə ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1,20-ci maddəsinə əsasən, qida zənciri - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu nəzərdə tutulur. Həmin Qanunun 1.1.16-cı maddəsinə əsasən, qida və yem məhsullarının dövriyyəsi - qida və yem məhsullarının saxlanması, daşınması, idxalı və ixracı, tədarükü, topdan və pərakəndə ticarət obyektləri tərəfindən satışı, barteri, hər hansı formada (kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün) ötürülməsi, habelə qida məhsullarının istehlakı nəzərdə tutulur. Qeyd edilənləri nəzərə alaraq, X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin “MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılmasını və "xxxx" MMC-nin şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X2 MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Natalia Khizanishvili İXM-in 544.2-ci maddəsi ilə (istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) təqsirli bilinərək 4000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan AQTA tərəfindən xx.xx.2023-cü il tarixli qərarı əsasında "xxxx" MMC-də yoxlama keçirilmiş, AQTA-nın xx.xx.2023-cü il tarixli qərarı ilə yoxlama 30 gün müddətinə, xx.xx.2023-cü il tarixədək dayandırılmışdır, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin hüquqi ünvanına baxış keçirilmişdir. Həmin yoxlama nəticəsində "xxxx" MMC tərəfindən qida daşınması fəaliyyəti zamanı temperatur rejiminin pozulması, qidaların daşınmasında istifadə edilən çantaların yuyulmaması, dezinfeksiya edilməməsi, məhsulları istehlakçıya çatdıran şəxslərin tibbi müayinədən keçməməsi əsası ilə MMC-nin rəhbəri Natalia Khizanishvilinin barəsində AQTA tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və bundan sonra AQTA-nın xx.xx.2023-cü il tarixli qərarı ilə Natalia Khizanishvili vəzifəli şəxs kimi İXM-nin 220.2 və 444.1-ci maddələri ilə təqsirli bilinib, 900 manat inzibati cərimə edilmişdir. Həmçinin həmin yoxlamanın nəticəsi olaraq AQTA hesab etmişdir ki, "xxxx" MMC daşıma fəaliyyəti ilə məşğuldur, buna görə də “Qida təhlükəsizliyi haqqında” Qanunun 1.1.20-ci maddəsinə əsasən qida zəncirinə daxildir (qida zənciri - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu). Buna görə də “Qida təhlükəsizliyi haqqında” Qanunun 24-cü maddəsinə əsasən AQTA-da qeydiyyatdan keçməlidir. Bu səbəbdən də "xxxx" MMC AQTA-da qeydiyyatdan keçmədən, həmçinin yuxarıda göstərilən pozuntulara yol verməklə daşıma fəaliyyəti ilə məşğul olduğu üçün AQTA tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli icrası məcburi olan göstəriş verilmişdir. Göstərişə əsasən qida məhsulların çatdırılması (daşınması) fəaliyyətinin "xxxx" MMC tərəfindən dayandırılması və qida məhsullarını hazırladıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin xidmətdən kənarlaşdırılması barədə "xxxx" MMC-yə göstəriş verilmişdir. Həmin göstəriş yerinə yetirilmədiyi üçün hazırkı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Beləliklə də şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi Natalia Khizanishvilinin Azərbaycan Respublikası X2 MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar