Məhkəmə qərarları › İş №3(004)-4489/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4489/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4489/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X2, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cı il tarixində X3 etibarnamə əsasında idarə etdiyi ** VL *** nömrə nişanlı Kia Cerato markalı avtomobil ilə 20 yanvar körpüsündən Tbilisi pr. boyunca hərəkət edərkən "İST Petrol" yaxınlığında ardıcıl üç svetafordan ikincini keçdikdən sonra anidən sağdakı avtomobil onun yoluna çıxaraq qəza şəraiti yaratmışdır. Anidən tormozlama verərək avotmobili saxlamış, saxlayarkən piyada keçidinin üzərində olduğuna görə hərəkətə davam edərək svetaforu keçmişdir. Svetaforu keçərkən qırmızı işığn yanmadığına əmin olub. Onun hansı şəkildə hərəkətə davam etdiyini görə-görə 509 nömrəli maşında olan inspektor qəza şəraiti yaradan avtomobili saxlamaq əvəzinə irəlidə onu saxlayaraq qırmızıda keçdiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində inzibati protokol tərtib etmişdir. Tətbiq olunmuş protokolla əlaqədar şikayətini elə həmin gün xx.xx.2023-cı il tarixində elektron müraciət formasında X10 İdarəsinə göndərmişdir. Bu günə kimi ona yazılı cavab verilməyib, lakin telefonla zəng edərək şikayətinin əsassız olduğunu bildirmişlər. Telefon zəngindən bir gün sonra ona yazılmış protokol qərarlaşdırıldıqdan sonra başa düşmüşdür ki, şikayətinə müsbət cavab verilməmişdir. Yol hərəkəti haqqında qanunun 60-ci maddəsinin 4-cü bəndində deyilir: "Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar.Təqdim etdiyi vodeodan da göründüyü kimi onun hərəkəti bu qanunun norması çərçivəsindədir və burada inzibati xəta elementi yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X5, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X4 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir.Eyni zamanda hadisənin baş verməsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 09:51 radələrində idarə etdiyi “Kia Cerato” minik markalı, ** VL *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı, X9 1 GPS 40.39513777,49,81886057 ərazisində nəqliyyat vasitəsini idarə edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydasını pozmasına görə barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (yol polisinin nümayəndəsi tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “Kia Cerato” markalı, nəqliyyat vasitəsi Bakı, X9 1 ərazisində, 20 Yanvar körpüsündən üzü Tbilisi prospekti boyunca hərəkət edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydasını pozması öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş (X5 tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı avtomobilin ön hissəsinə quraşdırılmış kameranın rakursu işıqforun yerləşdiyi istiqaməti aydın çəkmədiyindən avtomobil keçərkən işıqforun hansı işığının yandığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsində qeyd edilmişdir ki, yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Digər tərəfdən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrində imperativ qaydada qeyd edilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 09:51 radələrində idarə etdiyi “Kia Cerato” minik markalı, ** VL *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı, X9 1 GPS 40.39513777,49,81886057 ərazisində yolayrıcını keçmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar