Məhkəmə qərarları › İş №3(004)-4495/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4495/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4495/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi Şəhərcik ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X7 tərəfindən tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, X10 DİN 102 xidmətinə məlumat verərək və Yasamal RPİ 27-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində keçmiş gəlini X8, anası Əliyeva Məlahət və tanışları Şəxs Qubad oğlu onu qonaq olduğu atasının yaşadığı ünvan 3 ünvanında döyərək ona bədən xəsarəti yetirmişlər. 13 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X1 Vahid Qubadulla oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X10 DİN 102 xidmətinə məlumat verərək və Yasamal RPİ 27-ci PBnə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində keçmiş gəlini X8, anası Əliyeva Məlahət və tanışları Şəxs Qubad oğlu onu qonaq olduğu atasının yaşadığı ünvan 3 ünvanında döyərək ona bədən xəsarəti yetirmişlər. Faktla bağlı müvafiq araşdırma aparılmış, cinayət məcəlləsinin müvafiq maddəsinin tərkib əlamətləri olmadığından 13 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 157-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o Rüstəm kişinin qardaşı qızı ilə eyni məktəbdə oxumuşdur. Həmin qızın adı Aytacdır. Təxminən 2 il əvvəl yeni il bayramı ərəfəsində Aytacla marketdə rastlaşan zaman yanında bir xanım olmuş və Aytac həmin xanımın əmisi oğlu Rasimin həyat yoldaşı və adının Günay olduğunu bildirmişdir. Bundan 4-5 ay sonra Aytac onunla “Sədərək” ticarət mərkəzinə getməsini xahiş etmişdir. Sədərək ticarət mərkəzində olarkən Rasimin həyat yoldaşı kimi tanıdı Günay xanım Aytacla görüşüb birlikdə geyim əşyaları aldıqlarını bildirmişlər. Daha sonra onlar evə qayıtmışlar. Bu görüşdən sonra o bir daha həmin xanımı görməmiş və onunla əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə Rüstəm kişi ona zəng edib onun Günay xanımla bağlı məsələyə görə xx.xx.2022-ci il tarixdə onların yaşadığı ünvana gəlməyini bildirmişdir. Həmin gün o Rüstəm kişi ilə əlaqə saxlayıb onunla görüşmək üçün evlərinə getmişdir. Evə daxil olan zaman orada Günay xanımı, onun anası kimi təqdim etdiyi şəxsi və digər xanımı sonradan adını bildiyi Rüstəm kişinin qızı Bikə xanımı görmüşdür. Söhbət əsnasında ona verilən suallardan belə nəticəyə gəlmişdir ki, onun Günay xanımla hər hansı şəxsi münasibətlərinin olmasında ittiham edirlər. O Günay xanımı sadəcə 2 dəfə gördüyünü bildirdikdə Rüstəm kişi onun üstünə qışqırmışdır. Bundan sonra həmin evdən qaçaraq çıxmaq istədiyi zaman əli ilə Bikə xanumu itələmişdir. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, gəlinləri X8 qardaşından ayrıldıqdan sonra ona iki azyaşlı uşaqları ilə birlikdə atasının yaşadığı Ə.Hüseynzadə küçəsi dalan 4 ev 3 ünvanında yaşamağa icazə vermişlər. Buna baxmayaraq Günayın Şəxs adlı şəxslə münasibət qurduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə atası ilə telefon əlaqəsi saxladıqda Günayın münasibətdə olduğu Vahid adlı şəxsin onunla görüşmək istədiyini bildirmişdir. Vahid atasına xx.xx.2022-ci il tarixdə atasının evində görüşüb həmin məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. O da bu məsələyə aydınlıq gətirmək üçün atasıgilə gəlmişdir. Saat 19 radələrində evdə üzləşmə zamanı Vahid atasına Günayla münasibətdə olduğunu təkzib edərək sonuncunun onu şərlədiyini bildirmişdir. Bundan sonra atası Günaydan azyaşlı uşaqlarının Günayın Vahidlə münasibətdə olduğunu və görüşdüyünü deyərək uşağı gətirmək istədikdə Günay və onun anası Məlahət atasının üzərinə hücum çəkərək uşağı gətirməyə imkan verməmişlər. Bundan sonra onlar anlamışlar ki, Günay və anası Məlahət həqiqəti demək istəmirlər. Bu səbəbdən onlar arasında yaranmış mübahisə zamanı gəlinləri Günay, anası Məlahət və Vahid onun ünvanına nəlayiq ifadələr işlədərək təhqir etmişlər. Mübahisə zamanı Günay təpiklə onun sağ bud nahiyəsinə, bundan sonra anası Məlahət əlləri ilə onun hər iki bilək və qol nahiyələrinə vurmuşdur. Bu vaxtı atası araya girmiş və onları ayırmağa çalışmışdır. Buna baxmayaraq Vahiddə onu yumruqla onun sol gicgah nahiyəsinə vurmuşdur. O tarazlığını saxlaya bilməyib yıxılmış və başının arxa hissəsi divara dəymişdir. Daha sonra o 102 xidmətinə məlumat vermiş və onlar polisin gələcəyini bilib qaçıb getmişlər. Hadisə zamanı o xəsarət almışdır, həmin vaxt evdə atasından başqa kənar şəxslər olmamışdır. Yekun olaraq o Şəxs həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Tahir Əzizov tərəfindən tərtib edilmiş 13 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, X8, X4 və Şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında X10 ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı sonuncunu döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişlər. Lakin Azərbaycan Respublikasının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli qanununun 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132ci maddəsi ləğv edilmişdir. Belə olan halda X8, X4 və Şəxs əməlində cinayət tərkibi olmadığından onların barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir. X2, X4 və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyatı əməkdaşına həvalə edilməlidir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, Məhkəmə-tibbi ekspertizanın 730 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X6 almış olduğu xəsarətlər-sol gicgah nahiyəsinin, sağ bazunun, sağ budun şişkinlik halında əzilməsi, sol bazunun qançırı və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir.Yuxarıda qeyd olunan xəsarətləri X6 özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur. İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar