Məhkəmə qərarları › İş №3(004)-451/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-451/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-451/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******* saylı, 25.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******* saylı, 25.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini və məcburən tərəfindən ödənilmiş cərimənin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 25 iyul 2021-ci il tarixdə saat 13:05-də Bakı-Quba yolunun 126-cı kilometrində Yol-Patrul Xidməti avtomobilinə quraşdırılmış “İ-patrul” sistemi vasitəsilə ona EQ7231081 nömrəli protokol tərtib edilmişdir və tərtib edilmiş protokol əsasında 25.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Tərəfindən protokol tərtib edilmiş əraziyə təkrar baxış keçirilmişdir və həmin ərazidə (Sincanboyad kəndi, “Bulaq” restoranın yaxınlığı) “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ bəndinə göstərilən nişanlar mövcud olmadığı müəyyən edilmişdir. Həmin nişanlar yalnız Bakı-Quba yolunun 130-cu kilometrində quraşdırılmış stasionar radarın yaxınlığında qoyulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 50ci maddəsində müəyyən edilmiş nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz. Avtomobilinin radara düşdüyü ərazidə də müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmadığı üçün sürət həddi ilə bağlı protokol tərtib edilə bilməz. Əlavə olaraq bildirmişdir ki, avqust ayının sonunda avtomobili illik texniki baxışdan keçirəndə DYP əməkdaşları EQ7231081 nömrəli protokol əsasında qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərarla razı olmadığını və bu barədə müvafiq orqana müraciət etdiyini bildirsə də, həmin cəriməni ödəməyini tələb etdilər və o, məcburiyyət qarşısında 225 manat ödədi. Bu səbəbdən tərtib edilmiş EQ7231081 nömrəli protokol əsasında 25.07.2021-ci il tarixdə qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə və məcburən tərəfindən ödənilmiş cərimənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış məhkəmənin 28.01.2022-ci il tarixli məktubu həmin idarədə əməkdaş Ə.Bədəlova 28.01.2022-ci il tarixdə təqdim edilmişdir. Həmçinin həmin məktu qeyd edilən idarəyə göndərilmiş, bu barədə iş materiallarında 31.01.2022-ci il tarixli Poçt xidməti tərəfindən təsdiq edilmiş reyestr vardır. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******* saylı, 25.07.2021-ci il tarixli qərara əsasən X3 25.07.2021-ci il tarixdə saat 13:05 radələrində Bakı-Quba-Rusiya yolunda Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsinin tələblərini pozmuş (yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşma) və həmin maddə ilə təqsirli bilinib 250 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas EQ ******* saylı, 25.07.2021-ci il tarixli protokol olmuşdur. Həmin protokol və qərardan şəxsin 25.07.2021-ci il tarixdə həqiqətən də 1000 metr irəlidə radarın quraşdırılması barədə məlumat lövhəsinin olması, lakin buna baxmayaraq sürücünün həmin məlumat lövhəsinə əməl etməyərək sürət həddini aşaraq, qeyd edilən radarda qeydə alınmasını təsdiq edəcək edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Qərarda həmçinin quraşdırılmış texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da qeyd edilməmişdir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin 19.01.2022 və 28.01.2022-ci il tarixli, 3(004)-451 /2022 saylı məktubları ilə Azərbaycan Respublikası Bakı şəhər BPİ DYP və DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməklə şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. bu hal isə qanunvericiliyin tələblərinə ziddir. Çünki İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilməlidir. İXM-də “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” ayrıca fəsildə tənzimlənmişdir. Həmin inzibati xətalar həmin fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, İXM ilə müəyyən edilmiş qaydada baxılır Həmin qayda İXM-nin 122-ci maddəsi ilə tənzimlənmişdir. Belə ki, İXM-nin 122.1-0ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Göründüyü kimi şəx İXM-nin 328.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-nin həmin maddəsində göstərilən inzibati xəta İXM-nin 122.1-ci maddəsində tənzimlənən inzibati xətalara aiddir. Həmçinin həmin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə belə formada aşkar edilmiş, bu cür inzibati xətaların aparılması qaydasını tənzimləyən İXM-nin 81, 100.1.8, 122.1, 122.3.1, 122.3.3-cü maddələsinin tələbləri pozulmaqla aparılmış. xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə qərarda göstərilməmiş, inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməmişdir. Belə olduğu təqdirdə İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmədiyi üçün həmin sübutlarla, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş üzrə məhkəməyə səlahiyyətli orqan tərəfindən hər hansı əlavə sübut təqdim edilməmişdir. Baxmayaraq ki məhkəmə səlahiyyətli orqana sorğu verərək, həmin sorğu səlahiyyətli orqana rəsmi qaydada çatdırılmış, əlavə sübutları tələb etmiş, lakin məhkəmənin sorğusuna da cavab verilməmişdir. Bununla əlaqədar məhkəmə həmçinin aşağıdakıları da qeyd edir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X5 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin məhkəmə şikayətin məcburi olaraq şikayətçinin ödədiyi cərimənin geri qaytarılması hissəsində qeyd edir ki, həmin hissədə məsələyə baxılması, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılması çərçivəsində mümkün olmadığı üçün, bu hissədə şikayət təmin edilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində İXM-in 328.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******* saylı, 25.07.2021-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 25.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar