Məhkəmə qərarları › İş №3(004)-4510/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4510/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4510/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 oğlunun iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aviaşəhərcik məhəlləsi, Ailəvi yataqxana ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xırda xuliqanlıq hadisəsi törətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X12 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyini qeyd etmişdir. Belə ki, “Mədinə” uşaq bağçasının yerləşdirdiyi dekorlar səbəbindən bina sakinləri olan ailələrin uşaqlarının həmin ərazidə oyun oynamaq imkanı məhdudlaşdırılmışdır. Bunu gördükdə, o, məsələnin həllini müvafiq tədbirini görülməsində, yəni azyaşlı uşaqlara əllərinə alətləri alıb həmin ərazini artıq əşyalardan təmizləməkdə görmüşdür. Bunu edən zaman, hər hansı şəxsin ünvanına nalayiq ifadələrdən istifadə etməmiş, söyüş söyməmiş və ya hər hansı başqa şəkildə ictimai qaydanı pozacaq hərəkətlərə yol verməmişdir. Polis əməkdaşının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barəsindən inzibati xəta haqqında icraat aparılmasını demək üçün ona yaxınlaşdıqda, onun tərəfindən müqavimət göstərilməmişdir. Həmin vaxt, o, polis əməkdaşından eynəyini yaşadığı evə qoyması üçün şərait yaradılmasını və ona bunu etmək üçün vaxt verilməsini istəmiş, polis əməkdaşı isə ona icazə verməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında iştirak etmiş müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsin istinad etdiyi halları nəzərə almaqla, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 bildirmişdir ki, 12 iyun 2023-cü il tarixdə saat 19:00 radələrində “Mədinə” uşaq bağçasının qarşısında binada yaşayan azyaşlı uşaqlar tərəfindən bağçanın reklam lövhəsinin və gül dibçəklərinin zədələnərək bağçaya maddi ziyan vurulmuşdur. Eləcə də, həmin vaxt bina sakini Şəxs tərəfindən onun ünvanına nalayiq söyüşlər söyülmüşdür. Onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, “Mədinə” uşaq bağçasında müəllim vəzifəsini icra edir. Hadisə günü binada yaşayan azyaşlı uşaqlar əllərinə müxtəlif alətlər alaraq, bağçanın həyətində yerləşdirilmiş gül dibçəklərini və s. bu kimi əşyaları zədələmişlər. Həmin uşaqların yanında Şəxs da olmuşdur. O, uşaqların həmin əşyaları zədələmələri üçün onların əllərinə həmin alətləri vermiş və özü də kənarda durub baş verənləri müşahidə etmişdir. Onun tərəfindən Şəxs bu hərəkətlərinə son verilməsi xahiş edildikdə, o, edilən şikayətlərə etinasızlıq göstərmişdir. Daha sonra törədilən əməllərin qarşısında əlacsız qalıb, bağça rəhbərliyinə baş verənləri məruzə etmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, “Mədinə” uşaq bağçasında çalışır. Şəxs təkidilə bina sakinləri olan azyaşlı uşaqlar tərəfindən bağçanın həyətində yerləşdirilmiş dekorativ elementlərin zədələnməsinə şahidlik etmişdir. Şəxs onların şikayətlərinə məhəl qoymamış, nalayiq ifadələrdən istifadə etməklə ictimai qaydanı pozmağa davam etmiş, səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rövşən Məmmədov bildirmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə rəisi, polis mayoru vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:50 radələrində inzibati ərazidə xidmətdə olarkən şöbənin təhqiqat qrupunun təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs ünvan 2 ünvanının qarşısında görmüşdür. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və qərarın icrası ilə bağlı onunla birlikdə 29-cu polis şöbəsinə getməli olduğunu bildirmişdir. Şəxs onu qanunla verilmiş vəzifələrini icra edən bir polis əməkdaşı kimi söyməklə kifayətlənməmiş, bütün polis əməkdaşlarının və onlara rəhbərlik edən şəxslərin ünvanına nalayiq ifadələrdən istifadə etmişdir. Eləcə də, Şəxs yüksək səslə qışqıraraq onu kobud şəkildə itələmiş, yaxasında tutmuş və silkələmiş, açıq şəkildə ona xəsarət yetirməyə cəhd etmiş və oradan qaçmışdır. O, ictimai yerdə davamlı şəkildə polis əməkdaşının qanuni tələblərini pozaraq tabesizlik nümayiş etdirmişdir. Şəxs sonadək müşahidə apararaq əməliyyat qrupunun üzvləri ilə birlikdə 29-cu polis şöbəsinə gətirilməsi təmin edilmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunmuş xx.xx.2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən HK-1/2354 nömrəli ilkin yoxlama materialı üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün qərarın sürəti Yasamal RPİ-nin 29-cu PŞ-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı "Elektron məhkəmə informasiya sistemindən" əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı övladı vardır: xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X5. Məhkəmə araşdırması zamanı "Elektron məhkəmə informasiya sistemindən" əldə edilmiş bir digər çıxarışdan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-4/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onun barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-4/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə, yəni xuliqanlıq əməlini törətdiyinə görə məhkum olunmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, 29 avqust 2023-cü il tarixdən saat 17:55-dən hesablanmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət büdcəsinin hesabına müdafiəçi qismində Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə görüşmək, məhkəmə iclaslarında iştirak etmək üçün sərf edilmiş vaxtın 5 (beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 avqust 2023-cü il tarixdən saat 17:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından vəkil X1 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsindən 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar