Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4563/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə BPİ DYPİ-nin polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində xidmətdə olarkən “Lada Priora” markalı avtomobilin konstruksiya dəyişikliyi etdiyini görərək saxlamış, törətdiyi qayda pozuntusu ona izah edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək quraşdırdığı işıq cihazlarını yerində sökərək qayda pozuntusunu aradan qaldırması bildirilmişdir. Şəxs isə bunu aradan qaldıra bilməyəcəyini demişdir. Bundan sonra Şəxs avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğu bildirilmiş və birlikdə müvəqqəti duracağa gedilmişdir. Duracağın qarşısında avtomobili duracağa yerləşdirməkdən imtina etmişdir. Polis əməkdaşları avtomobili duracağa yerləşdirməli olduğunu bildirərək bir daha qaydaları ona izah etmişdir. Şəxs aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs-küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. ƏÇPA-nın əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinin 28ci PB-nə gətirilmişlər. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində polis əməkdaşları tərəfindən saxlanılmış avtomobildə əlavə işıq cihazı quraşdırdığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və qayda pozuntusunu aradan qaldırması əks təqdirdə avtomobilin müvəqqəti duracağa yerləşdiriləcəyi bildirilmişdir. Quraşdırılmış işıq cihazını sökə bilmədiyi üçün müvəqqəti duracağa getməyə razı olmuşdur. İlk növbədə avtomobildə olan ailə üzvlərini evə düşürdükdən sonra müvəqqəti duracağa getmişlər. Ora çatdıqda elektrik ustasından quraşdırılmış işıq cihazının aradan qaldırılmasının qaydasını öyrənmişdir. Bundan sonra o həmin işi cihazını sökmüşdüş, lakin DYP əməkdaşı onun idarə etdiyi avtomobilin qabaq işıqlarınında standartlara uyğun olmadığını müəyyən etmişdir. Bu zaman DYP əməkdaşının sakit şəkildə onu söydüyünü eşitmiş və həmin sözləri əməkdaşın özünə üvanlamış və bununlada onların aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra onu 28-ci polis bölməsinə aparmışlar. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində xidmət apararkən “Lada Priora” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə əlavə işıq cihazlarının quraşdırıldığını görərək avtomobili saxlamışlar. Sürücüyə törətdiyi qayda pozuntusu izah edilmiş və nasazlığın aradan qaldırılması təklif edilmişdir. Həmin nasazlıq aradan qaldırılmadığı üçün avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğu bildirilmiş, şəxsin avtomobildə olan ailə üzvləri gedəcəkləri ünvana düşrüldükdən sonra müvəqqəti duracağa gedilmişdir. Duracağın qarşısında sürücü avtomobili müvəqqəti duracağa yerləşdirməkdən imtina etmiş, səs-küy salmağa başlamış onların ünvanına təhqiramiz ifadələr işlətmişdir. Dəfələrlə nizam-intizama dəvət edilsədə onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra ƏÇPA-nın polis əməkdaşlarının köməyi ilə 28-ci polis bölməsinə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər şahid X2 ilə eyni məzmunlu ifadə verərək özünə aid hissədə ifadəni bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektorları Xəyyam Əlili və Səbuhi Əhmədzadə tərəfindən Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təlimatda iştirak edib xidmətə çıxmışlar. İnşaatçılar prospektində xidmət apararkən “Lada Priora” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozuntusuna görə saxlanılmışdır. Həmin vaxt nəqliyya vasitəsində əlavə işıq cihazları aşkar edilmişdir. Sürücü onlara qarşı qərəzli mövqe saxlayaraq təkidlə heç bir qayda pozuntusunun olmadığını deyərək polisin qanuni tələblərinə riayət etməmişdir. Nasazlıq yerində aradan qaldırılmadığı üçün avtomaşını duracağa təmin etmək tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Nəqliyyat vasitəsini duracağın qarşısında saxlayaraq polisin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş və əməllərinə davam etmişdir. Onlarda ərazidə xidmət aparan 3156 çağırışlı PPX əməkdaşlarının köməyi ilə nəqliyyat vasitəsini duracağa, vətəndaşı isə 28-ci polis bölməsinə təmin etmişlər. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, X3 DYP əməkdaşlarınin qanuni tələblərinə tabe olmayaraq, onlara münasibətdə təhqiramiz ifadələr işlədir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 01 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 01 sentyabr 2023-cü il tarixdən saat 13:05-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 01 sentyabr 2023-cü il tarixdən saat 13:05-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4563/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4563/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver