Məhkəmə qərarları › İş №3(004)-4577/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4577/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4577/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27457871 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində ** KL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Zivərbəy Əhmədbəyov küçəsində hərəkətdə olarkən, barəmdə elektron qaydada inzibati protokol (EQ ********) tərtib edilmişdir. Protokolda guya yol hərəkəti qaydasını pozduğu qeyd olunmuşdur. Təqdim olunan radar görüntülərinə əsasən o, düz istiqamətdə hərəkətə icazə verilən zolaqda olmuş və heç bir qayda pozuntusu törətməmişdir. Şəkillərdə aydın görünür ki, avtomobilin hərəkət etdiyi yolda əvvəlcə düz bütöv (davamlı) xətt çəkilmiş, sonra isə üstündən qırıq-qırıq xətt olaraq işarələnmişdir. Qırıq-xətt DSTU 2587 2010 və digər beynəlxalq yol standartlarına əsasən sürücüyə zolaq dəyişməyə icazə verir. Göründüyü kimi bu halda sürücüyə inzibati məsuliyyət üçün hüquqi əsas yaranmır. X4 şikayətinə cavab olaraq bildirir ki, o, 5.9 nişanı ilə işarələnmiş zolaqda hərəkətdə olduğu üçün ona inzibati protokol tərtib edilmişdir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü hissəsinin tələblərində deyilir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin normal işləməsi üçün nəqliyyat axını istiqamətində zolaq ayrılır və bu zolaqda başqa nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir. Əgər bu zolağın sərhəddi digər zolaqlardan bütöv xətlə ayrılıbsa digər nəqliyyatların bu zolağa bütün hallarda daxil olması qadağandır. Bu zolağın sərhəddi digər zolaqlardan qırıq-qırıq xətlə ayrıldıqda başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan bu zolağa daxil olmaq olar. X4 tərəfindən Bakı şəhərinin bir neçə küçə və prospektlərində ictimai nəqliyyat üçün hərəkət zolaqları yaradılmış, lakin sonradan həmin zolaqları digər zolaqlardan ayıran düz davamlı (bütöv) xətlər pozularaq üstündən qırıqqırıq xəttlər çəkilmişdir və hazırda bu küçələrdə digər nəqliyyat vasitələri həmin zolaqlarda hərəkət edir. Məsələn, Neftçilər prospekti - Azneft dairəsindən başlayaraq üzü hökümət evinə tərəf, Mikayıl Müşviq küçəsi - Bakı şəhəri DYP İdarəsindən üzü aşağı, Badamdar şossesində Botanika bağından üzü aşağı, Cavid prospektində Fəxri Xiyabanın qarşısında. Beləliklə, şəhərin bir çox küçələrində bu vəziyyətlə qarşılaşan sürücü Zivərbəy Əhmədbəyli küçəsində də rastlaşanda nə etməlidir? Yuxarıdakıları nəzərə alaraq, ona qarşı tətbiq olunmuş elektron inzibati xəta haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirərək həmin qərarın ləğv edilməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun ifadə verərək, şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmiş və ya məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət ərizəsinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixində, Bakı şəhərinin Z.Əhmədbəyov küçəsində 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə «Mercedes» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Z.Əhmədbəyov küçəsində idarə edərkən «Yo! hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV hissəsinin tələblərini pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və 5.9 nişanı ilə işarələnmiş zolaqda hərəkət etməyi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi üzrə EQ 27412071 nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Araşdırma zamanı törətdilən inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarı mahiyyətini şübhə altına alan bəzi nüanslar aşkar edilmişdir. Belə ki, həmin foto görüntülərdə sözügedən ərazidə çəkilmiş 5.9 nişanı ilə işarələnmiş zolağın, eləcə də həmin zolağın üzərində işarələnmiş qırıq xətlərin olması müəyyən edilir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks etdirilməmiş, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27412071 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar