Məhkəmə qərarları › İş №3(004)-4600/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4600/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4600/2022 25.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi X4 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 07 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 07 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barələrində qəbul edilmiş qərar əsassızdır. Belə ki, idxal etdikləri yüklərin vaxtının bitməsi barədə Dövlət Gömrük Komitəsindən onlara heç bir məlumat verilməmişdir. Onların yüklərinə normal baxış keçirilməyərək 14790 manat məbləğində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, **********0865 sorğu nömrəli və **********0866 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2022-cı il tarixədək müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərlə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparıldığından məlumatlı olmuş lakin, işləri ilə əlaqədar icraatda iştirak etmək üçün gələ bilməmişdir. Qeyd olunan yüklər Abşeron rayonu, Məhəmmədli kəndi, 1-ci Araz Marketin yaxınlığında yerləşən istixananın tikintisində istifadə olunmaq üçün idxal edilmişdir. Həmin istixananın tikintisi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli İN/İTS- 23/2019 nömrəli investisiya təşviqi sənədi alınmışdır. Qeyd olunan mallar idxal olunan zaman mallara dair təsdiq edici sənədlər hazır olmadığına görə mallar müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bundan sonra təsdiqedici sənədlər hazırlanmış, **********0865 sorğu nömrəli və **********0866 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə dair müvafiq olaraq **********6277 sorğu nömrəli və **********6276 sorğu nömrəli xx.xx.2022-cı il tarixli gömrük bəyannamələrinin yazılmışdır. Həmin bəyannamələr üzrə gömrük ödənişləri ödənildikdən sonra mallar istifadə olunmuşdur. Qeyd olunan bəyannamələr üzrə müvvəqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərə dair **********6277 sorğu nömrəli və **********6276 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri yazıldıqdan sonra 10 avqust 2022-ci il tarixdə qeyd olunan bəyannamələr üzrə bütün gömrük ödənişləri ödənildikdən sonra malların təyinatı üzrə istifadə olunması barədə göstəriş vermişdir. Qeyd edilən bəyannamələrlə eyni tarixdə yazılmış digər gömrük bəyannamələrinin gömrük orqanı tərəfindən buraxılışı verildiyinə görə **********6277 sorğu nömrəli və **********6276 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə bəyan etdiyi mallarda da heç bir problem olmadığını düşündüyü üçün gömrük ödənişləri ödənildikdən sonra malların təyinatı üzrə istifadə olunması barədə göstəriş vermişdir. Ümumiyyətlə dəfələrlə eyni çəkildə mallar bəyan olunduqdan sonra onlar istifadə edilmiş lakin ilk dəfə olaraq barəsində protokol tərtib edilmişdir. Həmin bəyannamələr üzrə ölkəyə idxal edilmiş mallar eynilik təşkil edir və bunlardan hər hansı birini istifadə edərək digərini göstərdiyi təqdirdə həmin malların istifadə olunduğu anlaşılmayacaqdır. Mallar kənd təsərüffatı təyinatlı olduğundan onların idxal rüsumu 0 faiz ilə hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində isə malların 18 fazi idxal rüsumu ilə rəsmiləşdirlə biləcəyi göstərilmişdir. Bu səbəbdəndə həmin malların təyinatı üzrə istifadə edilərək kənd təsərrüfatı təyinatlı olmasının sübut ediləcəyini komitə qarşısında öhdəlik götürmüşdür. Həmin malları hətta istifadə etməsəydi belə açıq anbarda yığılmış həmin mallar külək və digər kənar təbii təsirlərdən tamlığı pozulacaqdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi X9 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin 05 sentyabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokolundan görünür ki, araşdırma nəticəsində Ələsgərov Səddam **********0865 sorğu nömrəli və **********0866 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddəti başa çatanadək idxalatçı X8 tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanına müraciət olunmadığı, həmçinin, gömrük nəzarəti altında olan ümumilikdə gömrük dəyəri 49300,00 manat olan malların gömrük rəsmiləşdirilməsi başa çatdırılmadan, malların buraxılışı gömrük orqanı tərəfindən təsdiq olunmadan istifadə olunduğu müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Vəzifəli şəxs Azərbaycan Respublikası vətəndaşı X8 Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibatı xətaları törətməkdə təqsirli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni, dövlətin xeyrinə məcburi tutulmaq məqsədilə inzibatı xətanın bilavasitə obyekti olan **********0865 sorğu nömrəli və **********0866 sorğu nömrəli 01.03 2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların ümumilikdə dəyərinin 30%-i. yəni, 14790,00 (on dörd min yeddi yüz doxsan) manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli **********6276 nömrəli gömrük bəyannaməsindən görünür ki, X8 tərəfindən 12000 ABŞ dolları dəyərində qara metaldan metal konstruksiylar (parnik üçün, sökülmüş halda) idxal edilmişdir. xx.xx.2022-ci il tarixli **********6277 nömrəli gömrük bəyannaməsindən görünür ki, X8 tərəfindən 12500 ABŞ dolları dəyərində qara metaldan metal konstruksiylar (parnik üçün, sökülmüş halda) idxal edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, BBGİ-nin “İpək Yolu” gömrük postunun inspektorları Nəsibov Elmir və Mehdiyev Elvin bu aktı tərtib etdik X5 etibarnamə ilə nümayəndəsi X12, anbardar X6, istixananın iş icraçısı X7 iştirakı ilə bu aktı tərtib etmişlər ondan ötrü ki, X5 ona **********0331, **********1902, **********0865 və **********0866 nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanca qoyulmuş mallara yuxarıda göstərilən ünvanda baxış keçirilən zaman **********0331 nömrəli gömrük bəyannaməsində göstərilən bütün askı telləri istifadə olunmayıb, yerindədir, bəyannamədə qeyd olunan digər yüklər istifadə olunmuşdur. **********1902 nömrəli gömrük bəyannaməsində göstərilən profillər istifadə olunmayıb, yerindədir, digər yüklər istifadə olunub. **********0865 və **********0866 nömrəli gömrük bəyannamələrində göstərilən yüklərin hamısı istifadə olunub. Yuxarıda qeyd olunan gömrük bəyannamələrində göstərilən yüklər gömrük bəyannaməsində qeyd olunan ünvanda istifadə olunub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X8 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 491.1 və 496.1-ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 07 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 07 sentyabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar