Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-467/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İnzibati xəta haqqında qərarı qəbul etmiş 27-ci Polis Bölməsinin polis sahə inspektoru X6, X1nun iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə günorta 15:00- 17:00 saatlarında Yasamal rayonu Bəsti Bağırova 15 ünvanında yol kənarında, səkidə, insanların sıx toplaşmadığı ərazidə 1 nəfər yaxın dostu ilə dayanıb söhbət edib, siqarət çəkirdi. Karantin rejimi və həftənin bazar günü olduğu üçün ətrafda ümumiyyətlə küçədə insanlar azlıq təşkil edirdi. Dostu siqarət çəkmədiyi üçün qoruyucu maska taxmışdı, o isə üzündə olan maskanı dodağının aşağı hissəsinə endirib, siqarət çəkirdi. Həmin vaxt yolun ortası ilə polis əməkdaşının onlara yaxınlaşdığını görmüşlər. Polis əməkdaşları sms icazələrinin yoxlanılması üçün yaxınlaşmış və icazələri yoxlanıldıqdan sonra ona maskadan düzgün istifadə etmədiyini bildirmiş cə buna cavab olaraq siqaret çəkdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı zibil qabından aralı siqaret çəkdiyini bildirərək onun barəsində protokol tərtib etmişdir. Yekun olaraq o, 27-ci Polis Bölməsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsilə olan xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, 7-ci paraleldə dostu ilə kofe sifariş verib gözləyərkən zibil qutusunun yaxınlığında dayanaraq siqaret çəkdiyi zaman polis əməkdaşı onlara yaxınlaşıb icazələrinin olub-olmamasını yoxlamış, icazələrini təqdim etdikdən sonra ona tibbi maskadan düzgün istifadə etmədiyini bildirmişdir. O, polis əməkdaşına zibil qutusunun yanında siqaret çəkdiyi zaman tibbi maskadan istifadə etməmək hüuququnun olduğunu bildirsədə polis əməkdaşı ona zibil qutusundan aralıda dayandığını söyləmişdir. Həmin vaxt o zibit qutusundan 1 metr aralıda olmuşdur ki, bunun da səbəbi zibil qutusundan kəskin pis qoxunun gəlməsi olmuşdur. Onun etirazlarına və izahatını dinləməyərək polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənlərə əsasən 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 27-ci Polis Bölməsinin polis sahə inspektoru X9 inzibati xəta haqqında qərarı müdafiə edərək bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu ərazisində xidmətdə olarkən bir nəfər şəxsin tibbi maskadan düzgün istifadə etmədiyini görərək həmin şəxsə yaxınlaşmış epidemiya əleyhinə qaydaları pozuğunu bildirmiş, həmin şəxs ona siqaret çəkdiyi üçün tibbi maskadan istifadə etmədiyini bildirsədə ona izah edilmişdir ki, siqaret çəkərkən xüsusi ayrılmış yerlərdən istifadə etməlidir. Göstərilənlərə əsasən X1 tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən edilir ki, X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 100 manat cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 B.Bağırova küçəsində tibbi maskadan düzgün istifadə etməmişdir. Nəticədə R.M.Mehtizadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 451 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.
2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2018-ci il tarixli 127 nömrəli “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”in təsdiq edilməsi barədə qərarına əsasən, 3.1. Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlər (bundan sonra - xüsusi açıq yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər hesab edilir) və aşağıdakı tələblərə cavab verməlidir: 3.1.1. xüsusi açıq yerlər binaların giriş və çıxışlarından, ümumi gediş-gəliş yerlərindən kənarda yerləşdirilməlidir; 3.1.2. xüsusi açıq yerlərdə “tütün çəkmək üçün xüsusi ayrılmış yer” yazısının olması təmin edilməlidir. 3.1.3. xüsusi açıq yerlər ərazisində siqaret kötükləri və ya onun hər-hansı bir hissəsi, eləcə də digər tütün məmulatlarının tullantıları üçün metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir; 3.1.4. siqaret kötüklərini və ya onun hər-hansı bir hissəsini, eləcə də digər tütün məmulatlarının tullantılarını nəzərdə tutulmuş yerdən kənara atmaq qadağandır; 3.1.5. xüsusi açıq yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2018-ci il tarixli 127 nömrəli, xx xxx 2020-ci il tarixli 189 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 451 nömrəli qərarlarına əsasən xüsusi karantin dövründə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsi və bu zaman təbii olaraq tibbi maskadan istifadə edilməməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan X3 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
X3 şikayəti təmin olunsun. X4 barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov