Məhkəmə qərarları › İş №3(004)-4674/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4674/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4674/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi Rabi-zadə İnarə Yusif qızı inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Rabi-zadə İnarə Yusif qızı Azərbaycan Respublikasının X2nin Bakı Regional bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Rabi-zadə İnarə Yusif qızı həmçinin Azərbaycan Respublikasının X2nin Bakı Regional bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, o, barəsində AR-nın X2 tərəfindən 03 iyun 2020-ci il tarixli MN №0359966 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar barəsində ümumiyyətlə məlumatı belə olmamışdır. 07 avqust 2023-cü il tarixdə AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilmişdir. Gətirilməsinin səbəbi Yasamal rayon icra şöbəsi tərəfindən barəsində icra işi ilə əlaqədar axtarış verilməsi olmuşdur. Yasamal rayon icra şöbəsində olan zaman ona məlum olmuşdur ki, AR-nın X2 tərəfindən 03 iyun 2020-ci il tarixli inzibati qərar əsasında 1500 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərarın surəti Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən 28 avqust 2023-cü il tarixdə təqdim edilmişdir. Göstərilən səbəblərdən şikayət vermə müddəti üzürlü olaraq buraxılmışdır. Göstərilənlərə əsasən, AR-nın X2 tərəfindən qəbul edilmiş 03 iyun 2020-ci il tarixli MN №0359966 inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında sorğu sual zamanı Rabi-zadə İnarə Yusif qızı bildirdi ki, MN ******* saylı, xx.xx.2020-ci il tarixli cərimə qərarı xx.xx.2020-ci il tarixdə ona təqdim edilmişdir, qərarı üzərində qeyd etmişdir ki, “qərarla tanış oldum, surətini aldım, xx.xx.2020”. Lakin düşünmüşdür ki, həmin cəriməni o yox, çalışdığı şirkət ödəyəcəkdir. Sonra bilmişdir ki, şirkət həmin cəriməni ödəməyib. Lakin hazırda şirkət bağlandığından və şirkətin rəhbəri artıq getdiyindən, cərimə ödənilmədiyindən və həmin cərimə isə hazırda ondan tələb edildiyi üçün başa düşmüşdür ki, cərimə onun barəsindədir. Ona görə də şikayət vermək istəmiş, lakin müddət keçdiyi üçün müddətin bərpasını tələb edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X3 göstərmişdir ki, Azərbaycan Respublikasının X2nin Bakı Regional bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından 3 ildən çox vaxt keçib. Qərar Rabi-zadə İnarə Yusif qızına rəsmi qaydada çatıb, Rabi-zadə İnarə Yusif qızı özü də bildirir ki, həmin vaxt qərarla tanış olub, sürətini almışdır, üzərində qeydiyyat da aparmışdır. Qərarda da bu barədə qeyd aparmışdır. Ona görə də vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş üzrə müyyən edilir ki, qərarın surəti Rabi-zadə İnarə Yusif qızına xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Bununla da hər bir halda barəsində şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət verilmiş qərar xx.xx.2020-ci il tarixdə rəsmi qaydada çatdırıldığından, həmin tarixdən hesablanmaqla, hazırkı vəsatətin verildiyi xx.xx.2023-cü il tarixədək 03 il 03 aydan çox vaxt keçmişdir. Həmçinin şikayət vermiş şəxs bildirir ki, həmin cərimə qərarından xəbəri olmuşdur lakin icra etməmişdir. Şikayətçi həmin qərarın işlədiyi şirkət barəsində çıxarılmasını zənn edərək cəriməni ödəmədiyini bildirsə də, qərarda da göstərilmişdir ki, cərimə Rabi-zadə İnarə Yusif qızına tətbiq edilmişdir. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzürlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabadanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırkı vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İXM ilə dəqiq müəyyən edilmişdir. İXM ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir Hazırkı iş üzrə məhkəmə qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin etməmək qərarına gəlmişdir. Belə olan halda həmin qərardan verilmiş şikayətə baxılması mümkünsüzdur və şikayətə baxıla bilmir. Şikayətə baxıla bilmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının X2nin Bakı Regional bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Rabi-zadə İnarə Yusif qızı tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməsin. Həmin qərardan verilmiş şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar