Məhkəmə qərarları › İş №3(004)-4686/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4686/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4686/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 iclas katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Şikayətçi "xxxx" QSC-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" QSC-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, X12 Xidmətinin (bundan sonra DƏMX) “İnzibati tənbeh vermə haqqında” 15 iyul 2024-ci il tarixli, MN ******* saylı qərarına əsasən o, AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə günahkar bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış həmin qərar qanuni və əsaslı deyil və aşağıda sadalanan dəlillərə əsasən ləğv edilməlidir. Əvvəla, məhkəmənin diqqətinə çatdırır ki, DƏMX, onun direktor olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti”nin eyni məsələ ilə bağlı İXM-nın 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və həmin protokolu baxılması üçün Bakı şəhəri, Səbail rayon Məhkəməsinə göndərmişdir. Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürovanın çıxardığı xx.xx.2024-ci il tarixli 3(009)-1580/2024 saylı qərarına əsasən inzibati xəta hadisəsi olmadığına görə işin icraatına xitam verilmişdir. O, “DOST” vasitəsilə xx.xx.2024-ci il tarixdə DƏXM-yə etdiyi şikayətində əyani olaraq Səbail rayon Məhkəməsinin belə bir qərarı olduğunu bildirmiş və barəsində qəbul edilmiş xx.xx.2024-ci il tarixli qərarın əsasız və qanunsuz olduğunu şəxsən onu qəbul etmiş vəzifəli şəxsə demiş və qərarın ləğv etmələrini xahiş etmişdir. Diqqətə çatdırır ki, Səbail rayon məhkəməsində işə baxılan zaman DƏXM-nın iki nəfər nümayəndisi iclaslarda iştirak etmiş və xx.xx.2024ci iul tarixli qərar onların iştirakı ilə elan edilmişdir. Belə bir məhkəmə qərarının mövcudluğunu bildikləri halda qəbul etdikləri qanunsuz qərarı ləğv etmək əvəzinə, DƏXM xx.xx.2024-ci il tarixli məktubla qanunsuz qərarını icra edilməsi üçün "xxxx" QSC-yə göndərmişdir. Hazırkı şikayətinin gecikməsi səbəbi onunla bağlıdır ki, Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova məzuniyyətə getmiş və qəbul etdiyi qərarı nə “X16 Səhmdar Cəmiyyəti”nə göndərməmiş, nə də e.məhkəmə sistemində yerləşdirməmişdir. Dəfələrlə hakim köməkçisi ilə əlaqə saxlasaq da, imza problemi olduğuna görə qərarı təqdim edə bilməyəcəyini bildirmişdir. Nəhayət bu gün, yəni xx.xx.2024-ci il tarixdə məhkəmənin qərarı e.məhkəmə sistemində yerləşdirilmiş və qərarı oradan əldə etdmişdirlər. Səbail rayon Məhkəməsinin yuxarıda adı çəkilən qərarında işin hallarına dair bütün sənədlər göstərilərək qiymət verilmiş və iş üzrə inzibati xəta hadisəsi olmadığı ətraflı əsaslandırılmışdır. Ona görə də Səbail rayon məhkəməsin qərarını şikayətinə əlavə edərək, həmin xüsusatları bu şikayətində təkrarlamağa zərurət görmür. Qısa da olsa diqqətə çatdırmaq istəyir ki, "xxxx" QSC Kəlbəcər rayonunda yerləşən İstisu müalicəistirahət kompleksinin tikintisini Azərbaycan Respublikası Prezident administrasiyasının sifarişi əsasında, aralarında bağlanmış 122/xx.xx.2022 saylı müqaviləsinə əsasən həyata keçirir. Kompleksin tikintisi ilə əlaqədar QSC müxtəlif işlərin görülməsi üçün müvafiq subpodratçı qurumlarla, o cümlədən "xxxx" MMC ilə və fiziki şəxs X13 ilə müqavilələr bağlamışdır və müqavilədə göstərilən işlər onlar tərəfindən yerinə yetirilir və müvafiq qaydada QSC-yə təhvil verilir. DƏMX-nin qərarında guya əmək müqaviləsi bağlanmadan işə cəlb olunduqları iddia olunan X8 "xxxx" MMC-nin, X15 və X7 isə fiziki şəxs X9 işçiləridir və aralarında əmək müqavilələri bağlanmışdır. Subpodratçıların işçilərinin QSC-yə heç bir aidiyyəti yoxdur və onları nə işə qəbul edir, nə də işdən çıxarır. Göründüyü kimi, DƏMX-nin qərarı tamamilə əsasızdır və heç bir inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin "İnzibati tənbeh vermə haqqında” 15 iyul 2024-ci il tarixli, MN ******* saylı qərarını ləğv edərək, inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında bildirdi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs barəsində işin icraatına xitam verilmişdir. Həmçinin həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bu işə həmin qərarların preyudisial əhəmiyyəti var, belə ki inzibati xəta tərkibi olmadıqda nə fiziki şəxsin nədə ki hüquqi şəxsin tənbeh edilməsi yolverilməzdir. Ona görə də mübahisələndirilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Çünki şəxs məhkəmənin digər qərarını əldə etmək üçün müraciət etmişdir və həmin qərardan müvafiq inzibati orqana da şikayət vermişdir. Şikayət geri qaytarıldıqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şikayətin dəlilləri üzrə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8, X15 və X7 "xxxx" QSC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən X5 tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Qərar xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında tərtib edilmişdir. Lakin şikayətə əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1580/2024 saylı qərarına əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş X2 hazırkı iş üzrə təqsirli bilindiyi əməl üzrə inzibati xətanın törədilib-törədilməməsinə qiymət verilmişdir. Həmin işin hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən "xxxx" QSC barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilmədən əmək müqaviləsi X8, X15 və X7 ilə bağlanmamış və onlar, müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Həmin protokol hüquqi şəxs barəsində işə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmış və Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1580/2024 saylı qərarına əsasən "xxxx" QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, X8, X15 və X3 "xxxx" QSC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən X5 tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi iş üzrə preyudisial əhəmiyyətli yuxarıda qeyd edilən məhkəmə qərarına görə müəyyən edilmişdir ki, "xxxx" QSC-nin X8, X15 və X4 müqavilə qanuni qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri sübuta yetirilmir. QSC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun, QSC-nin inzibati xəta törətməsində təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud olmamışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarla hazırkı protokolda göstərilən eyni fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi "xxxx" QSC-nin direktoru X2 barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar