Məhkəmə qərarları › İş №3(004)-4713/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4713/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4713/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , X1 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 05 avqust 2023-cü il tarixdə yaşadığı Yasamal rayonu ərazisində ev heyvanı Xaski (Husky dog) kateqoriyasından olan itini buruntaq olmadan gəzdirən zaman Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis əməkdaşı tərəfindən barəsində EXP1319601 nömrəli protokol tərtib edilmişdir. Tərtib edilən protokol əsasında 05 avqust 2023-cü il tarixdə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Vəfa Babayeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Şikayətçi hesab edir ki, protokol qanunsuz və əsassız yazılmışdır. Eyni zamanda qeyd edir ki, 2006-cı ildə yaradılmış Beynəlxalq Kinologiya Federasiyası it irqləri barədə standartlar müəyyən etmişdir. Həmin standartın 2-ci səhifəsində Husky kateqoriyasına daxil olan irq “medium-sized” yəni orta cins it kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 3.1.1-ci bəndinə əsasən bildirirəm ki, bu Qaydaya görə yalnız iri cins itlərin buruntaqda gəzdirilməsi müəyyən edilir. Xaski (Husky dog) kateqoriyasından olan itlər isə orta cins itlərdir. Orta cins itlərə isə buruntaq taxılması müəyyən edilməmişdir. Buna görə də Yasamal RPİnin 26-cı PB-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə bildirmişdir ki, itlərin hansı formada gəzdirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hallar kifayət qədər araşdırılmadan V.Babayevanın barəsində Azərbaycan Respublikasının İXM-nin 290.1.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, belə ki, itlərin cilovla və ya buruntaqlı gəzdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalarda orta ölçülü itlərin cilovsuz gəzdirilməsi ilə bağlı hər hansı qadağa və ya inzibati məsuliyyət tutulmamışdır. Həmin Məcəllənin 290.1.4cü maddəsində iri ölçülü itlərin gəzdirilməsi ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin o, V.Babayeva barəsində inzibati xəta haqqında protokol sonuncudan izahat alınmadan tərtib edildiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, V.Babayeva Azərbaycan Respublikasının İXM-nin 290.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, beynəlxalq kinoloji təsnifata görə Sibir Haskisi cinsi orta ölçülü cins itidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 barəsində Azərbaycan Respublikasının İXMnin 290.1.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında verilmiş ifadələrdən və təqdim olunmuş arayışdan müəyyən edilmişdir ki, V.Babayeva itini cilovla lakin buruntaqsız gəzdirmiş, həmin it orta ölçülü olmuşdur. Həmin itin buruntaqsız gəzdirilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamış və həmin halları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin inzibati xəta haqqında hadisənin baş verməsini təsdiq edən videogörüntülər Yasamal RPİnin 26-cı PB tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda V.Babayeva əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də, onun şikayəti təmin edilməli, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi V.Babayevanın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Yasamal RPİ-nin 20-ci PB-nin 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin olunsun. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 05 avqust 2023-cü il tarixli EXP1319601 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar