Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4714/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X4 vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 29 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X4 vəkili Vəkil məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X5 29 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X11 barəsində 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Belə ki, "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC ilə X6 arasında xx.xx.2006-cı il tarixində əmək müqaviləsi bağlanmışdır. İşçi aparıcı vəzifəsinə işə qəbul edilmişdir. İşçi 01 may 2023-cü il tarixindən 08 iyul 2023-cü il tarixinədək işə gəlməmiş, bu səbəbdən də ona əmək haqqı hesablanmamışdır. İşçinin qeyd olunan tarixlərdə işə çıxmaması barədə aktlar tərtib olunmuşdur. Eyni zamanda bu fakt "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin inzibati binasına girişlə bağlı kart oxuyucusu məlumatları siyahısında televiziyaya 01 may 2023-cü il tarixindən 08 iyul 2023-cü il tarixinədək giriş etmiş işçilərin adları arasında X1 adının mövcud olmaması, "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin şəxsi heyətinin işə davamiyyət cədvəli ilə də təsdiq edilir. 05 iyul 2023-cü il tarixində işçinin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Nəticədə əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla işçi ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Lakin X9 Xidməti Bakı şəhər idarəsi işin faktiki hallarını və təqdim olunan sübutları nəzərə almadan işçi ilə bağlanılan əmək müqaviləsində iş saatının normallaşdırılmamış müəyyən edildiyi və elektron əmək müqaviləsində iş saatlarının müəyyən edilməməsi əsas gətirilərək işçi ilə bağlanılmış əmək müqaviləsinə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməklə əmək qanunvericiliyinin tələblərinin pozulması qənaətinə gələrək İnzibati Xətalar Məcəlləsinin 192.6 -cı maddəsinə əsasən 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında əsassız qərar qəbul etmişdir. Halbuki işçi ilə bağlanılmış əmək müqaviləsinin “əmək şəraitinin şərtləri” bölməsinin 4.16-cı bəndində işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli olduğu qeyd olunmuşdur. İstirahət günləri hər həftənin şənbə-bazar günləri müəyyən edilmişdir. Sutkada 24 saat olduğu halda işçi 01 may 2023cü il tarixindən 08 iyul 2023-cü il tarixinədək bir dəfə də olsun 1 saatlıq belə işə çıxmamış və işə çıxmama səbəbi barədə hər hansı məlumat verməmişdir. X9 Xidməti Bakı şəhər idarəsi isə bu halları nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı şikayət vermiş "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X4 vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X8 bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanunidir. Belə ki, Z.Dadaşova ilə bağlanmış yazılı əmək müqaviləsində iş saatı normalaşdırılmamış müəyyən edildiyi və elektron əmək müqaviləsində isə iş saatları müəyyən edilməməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsi heç bir səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbi ilə AR ƏM-nin 70ci maddəsinə əsasən xitam verilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X10 tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin 10 iyul 2023-cü il tarixli 1k-1-511 nömrəli əmrindən görünür ki, "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X10 tərəfindən həmin şirkətin işçisi X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi (işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsas gətirilməklə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmiş və əmək müaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-in sabiq prezidenti X3 ilə işçi X6 arasında bağlanmış 01 sentyabr 2006-cı il tarixli əmək müaviləsindən görünür ki, müqavilənin 4.17-ci bəndində nəzərdə tutulmuş işçinin iş vaxtının başlanma və bitmə saatları normalaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X7 ünvanladığı 29 avqust 2023-cü il tarixli göstəriş məktubundan görünür ki, X1 əmək müqaviləsinə xitam verilməsi barədə 10 iyul 2023-cü il tarixli 1k-1-511 nömrəli əmri ləğv edərək 30 gün ərzində törədilmiş hüquq pozuntusunu aradan qaldırılmasının təmin edib nəticəsi barədə həmin quruma məlumat verilməyi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsində əmək müaviləsinin forması müəyyən olunmuşdur.
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə “Əlavələr” bölməsinin 4.17-ci bəndində əmək müqaviləsinin nümunəvi formasına əsasən iş vaxtının başlanma və qurtarma saatlarının normalaşdırılması nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2006-cı il tarixli əmək müaviləsinin 4.17-ci bəndində işçinin iş vaxtının başlanma və bitmə saatları normalaşdırılmamışdır. Başqa cür desək əmək müqaviləsi bağlanılarkən tərəflərin birbaşa iradə ifadəsi əsasında müqavilənin mühüm şərti olan hal yəni “işçinin iş saatı, işə başlama və bitmə saatı” ümumiyyətlə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bir halda ki, tərəflər belə şərt müəyyən etməmişdir, işəgötürənin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsaslanaraq, yəni işçinin bütün iş günü işə gəlməməsini əsas götürərək işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin inzibati xəta haqqında 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Cavadzadə