Məhkəmə qərarları › İş №3(004)-472/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-472/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-472/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs 19 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Nəticədə İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə rəisi X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları 19 yanvar 2024-cü il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində xidmətdə olarkən 3 nəfər şəxsin yüksək səslə danışaraq mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onları ilk olaraq nizam-intizama dəvət etmişlər. Lakin bunlara məhəl qoymayaraq yenə də öz əməllərinə davam etmişlər. Həmin şəxsləri polis bölməsinə dəvət edərkən onlar polis əməkdaşlarına tabesizlik və müqavimət göstərərək nalayiq ifadələr işlətmişlər. Bundan sonra həmin şəxlər polis bölməsinə dəvət edilməsinə baxmayaraq, polis əməkdaşının qanuni tələbinə tabe olmaqdan imtina edərək, polis bölməsinə getməmişlər. Bu səbəbdən həmin şəxslərə fiziki qüvvə tətbiq edərək xidməti maşına əyləşdirmiş və polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxslərdən birinin Şəxs olması məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən restoranda dostları ilə birlikdə bir qədər yemək yedikdən sonra oradan çıxaraq taksi çağırmışlar. Taksini gözləyən zaman polis əməkdaşları onlara yaxınlaşıb heçnə demədən, fiziki qüvvə tədbiq edərək onları polis bölməsinə aparmışdır. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, 19 yanvar 2024-cü il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində xidmətdə olarkən 3 nəfər şəxsin yüksək səslə danışaraq mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onları ilk olaraq nizam-intizama dəvət etmişlər. Lakin bunlara məhəl qoymayaraq yenə də öz əməllərinə davam etmişlər. Həmin şəxsləri polis bölməsinə dəvət edərkən 3 nəfər şəxs onlara tabesizlik və müqavimət göstərərək nalayiq ifadələr işlətmişlər. Həmin şəxslərə fiziki qüvvə tətbiq edərək xidməti maşına əyləşdirmiş və polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxslərdən birinin X5 olması məlum olmuşdur. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri İsa Qurbanəliyev və Tural Hüseynov tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 19 yanvar 2024-cü il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində 3 nəfər şəxsin yüksək səslə danışaraq mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onları ilk olaraq nizam-intizama dəvət etmişlər. Lakin bunlara məhəl qoymayaraq yenə də öz əməllərinə davam etmişlər. Həmin şəxsləri polis bölməsinə dəvət edərkən onlar polis əməkdaşlarına tabesizlik və müqavimət göstərərək nalayiq ifadələr işlətmişlər. Həmin şəxslərə fiziki qüvvə tətbiq edərək xidməti maşına əyləşdirmiş və poli bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxslərdən birinin X3 olması məlum olmuşdur. Digər 2 nəfər içkili şəxslər (qadın) özlərini təqdim etməkdən imtina etmişlər. İnzibati qaydada tutma haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:25-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 anası Şəxsdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, iş materialları ilə, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 19 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar