Məhkəmə qərarları › İş №3(004)-4723/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4723/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4723/2023 26.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3, Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd olunur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şirkətə ünvanlanmış 31 avqust 2023-cü il tarixli məktubda ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə “Blend-a-Med 3D White” adlı diş məcununun (bundan sonra “Məhsul”) üzərində 3 ədədinin qiymətinin endirimlə 12.30 manat göstərilməsinə baxmayaraq, kassada 13.47 manat hesablanaraq satılması qeyd olunmuşdur. Bildiririk ki, “Bravo” marketdə sözügedən məhsulun 3 çeşidi: “214608 - BLENDAMED TP 3D WHİTE 100ML”, “279061 - BAM DİS MECUNU 3D AG LYUKS CANLANDİRİCİ 100ML” və “471938 - BAM DİS PASTASİ 3DWHİTE CHARCOAL 100ML” satışda olmuş, 17-30 avqust tarixlərində Məhsulun 214608 və 279061 kodlu çeşidlərinə “2+1 = 12.20 AZN” endirim kompaniyası, 471938 kodlu Məhsula isə “2+1=13.47 AZN” endirim kompaniyası tətbiq olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, rəfdə Məhsulun 2 çeşidi mövcud olmuş, bu çeşidlərin isə düzülüşü alış-veriş edən müştərilər tərəfindən qarışdırılmışdır. Vətəndaşın 13.47 manata aldığı Məhsul 471938 kodlu. “BAM DİS PASTASİ 3DWHİTE CHARCOAL 100ML” adlı məhsul olmuşdur. Danılmaz faktdır ki, mağazaya daxil olan müştərilər alış-veriş edən zaman bir çox hallarda məhsullara baxmaq məqsədilə rəfdən götürüb daha sonra həmin məhsulları əvvəlki yerinə deyil, rəfdə fərqli bir yerə qoya bilir. O cümlədən, bəzi hallarda müştərilər tərəfindən qiymət kağızlarının yerinin dəyişdirilməsi və ya qiymət kağızının rəfdən götürülərək geri qoyulmaması halı ilə qarşılaşırıq. Bu halların qarşısını almaq məqsədilə mağaza əməkdaşları tərəfindən mütəmadi olaraq rəfdəki məhsullar və məhsulların qarşısındakı qiymət kağızlarına düzəliş edilərək uyğunlaşdırılır. Endirim kompaniyaları dövründə isə müştərilərin çoxluğu, alış-verişin intensivliyi səbəbindən bu proseslərin nəzarətdə saxlanılması bir qədər çətinləşsə belə, hər bir halda məhsulların düzülüşü, qiymət kağızlarının düzgünlüyü davamlı yoxlanılır və tənzimlənir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin daxil olmuş vətəndaş Elvin Tağıyevin müraciətinin araşdırılması nəticəsində "xxxx" MMCyə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən “Bravo” marketdə “blend-a-med 3 WHİTE” adlı diş məcununun üzərində 3 ədədinin qiymətinin endirimlə 12.30 manat göstərilməsinə baxmayaraq, kassada 13.49 manatdan hesablanaraq satılması müəyyən olunmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə ünvanladığı etiraz məktubuna uyğun ifadə verərək Şəxs MMC barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, “blend-a-med 3DWHİTE” adlı diş məcununun üzərində 3 ədədinin qiymətinin endirimlə 12.30 manat göstərilməsinə baxmayaraq, kassada 13.47 manatdan hesablanaraq satılması müəyyən olunmuşdur.. İş materialına əlavə edilmiş nəzarət kassa aparatının qəbzindən görünür ki, **********937 kodlu “blend-a-med 3DWHİTE” adlı diş məcununun 3 ədədi 13.47 manata satılmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar