Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4728/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş, bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermiş, nəticədə «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli, 3-23/2- 2577/2025 nömrəli Qeyri-hökumət təşkilatlarına ünvanlanmış (2024-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə) məktubdan görünür ki, məktubun mətni ““Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu məktubla yazılı xəbərdarlıq edilir. Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar (Maddə 462.1). “Qeyrihökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Məlumat üçün bildiririk ki, (https://qht-hesabat.maliyye.gov.az) saytına təhlükəsiz giriş-çıxışın təmin edilməsi məqsədilə 2025-ci ildən yalnız X5 “Digital Login” dən istifadə olunması mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2024cü il üzrə illik maliyyə hesabatlarının QHT-nin VÖEN-inə bağlanmış ASAN-imza və ya SİMA-vasitəsi ilə 7/24 rejimdə fəaliyyət göstərən “Qeyri- hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsi ilə təqdim olunması xahiş olunur” məzmunda olmuşdur; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 20 may 2025-ci il tarixli, 3-23/2- 3082/2025 nömrəli bildirişindən görünür ki, Qeyri-hökumət təşkilatlarına (siyahı üzrə) 2024-cü il üzrə illik maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində də 2025-ci ilin 23 may-24 iyun tarixlərində saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə (Səməd Vurğun küçəsi, 135) çağırılmışdır; İnzibati xəta haqqında 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş, bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermiş, nəticədə «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bildirişi xx.xx.2025-ci il tarixdə “Həsənov” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş, bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs «Azərbaycan Fermerlər Assosiasiyası» X3 Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 462.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Azərbaycan Fermerlər Assosiasiyası» İctimai Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4728/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4728/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver