Məhkəmə qərarları › İş №3(004)-4729/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4729/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4729/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2, «Bakı insan hüquqları klubu» İctimai Birliyinin etibarnamə üzrə nümayəndəsi, “Qanunçuluq” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hüquqi şəxs «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş, bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermiş, nəticədə «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən «Bakı insan hüquqları klubu» İctimai Birliyinin etibarnamə üzrə nümayəndəsi, “Qanunçuluq” vəkil bürosunun vəkili Nümayəndə bildirmişdir ki, maliyyə hesabatının Maliyyə Nazirliyinə təqdim edildiyini, ancaq həmin vaxt elektron sistem işləmədiyi üçün Nazirliyin mail ünvanına mesaj yolladıqlarını, onların da cavab olaraq maliyyə elektron sisteminin müvəqqəti işləmədiyini bildirdiklərini, onların da vaxt az olduğu üçün kuryer vasitəsilə maliyyəyə göndərdiklərini, bu səbəbdən də «Bakı insan hüquqları klubu» İctimai Birliyin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin nümayəndəsinin qeyd etdiyi xüsusatların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli, 3-23/2- 2577/2025 nömrəli Qeyri-hökumət təşkilatlarına ünvanlanmış (2024-cü il üzrə maliyyə hesabatlarının təqdim edilməsi barədə) məktubdan görünür ki, məktubun mətni ““Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu məktubla yazılı xəbərdarlıq edilir. Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar (Maddə 462.1). “Qeyrihökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Məlumat üçün bildiririk ki, (https://qht-hesabat.maliyye.gov.az) saytına təhlükəsiz giriş-çıxışın təmin edilməsi məqsədilə 2025-ci ildən yalnız X6 “Digital Login” dən istifadə olunması mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2024cü il üzrə illik maliyyə hesabatlarının QHT-nin VÖEN-inə bağlanmış ASAN-imza və ya SİMA-vasitəsi ilə 7/24 rejimdə fəaliyyət göstərən “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsi ilə təqdim olunması xahiş olunur” məzmunda olmuşdur; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 20 may 2025-ci il tarixli, 3-23/2- 3082/2025 nömrəli bildirişindən görünür ki, Qeyri-hökumət təşkilatlarına (siyahı üzrə) 2024-cü il üzrə illik maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində də 2025-ci ilin 23 may-24 iyun tarixlərində saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə (Səməd Vurğun küçəsi, 135) çağırılmışdır; İnzibati xəta haqqında 25 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməmiş, bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermiş, nəticədə «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bildirişi xx.xx.2025-ci il tarixdə “Sənan R” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin sədri Rəsul Cəfərov tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevə ünvanlanmış 11 iyul 2025-ci il tarixli, M03/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni ““Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi” qaydasına uyğun olaraq Bakı insan hüquqları klubu İctimai Birliyinin 2024-cü il üzrə maliyyə hesabatlarını özünün xx.xx.2025ci il tarixli M02/2025 saylı məktubuyla Maliyyə Nazirliyinə təqdim etmişdik. Amma buna baxmayaraq Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-23/2-3082/2025 saylı məktubu ilə 2024-cü il üzrə maliyyə hesabatlarını təqdim etmədiyimizə görə Maliyyə Nazirliyinə çağırıldıq. Halbuki sözügedən 2024-cü ilə aid maliyyə hesabatlarını qaydaya uyğun olaraq 1 apreldən gec olmayaraq təqdim etmişdik. Maliyyə Nazirliyinin 8778 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxladıq və hesabatların nazirliyin https://qht-hesabat.maliyye.gov.az portalı ilə təqdim edilməsi zamanı çıxan texniki xəta səbəbindən elektron verilməsinin mümkün olmadığını, buna görə də kağız daşıyıcıda təqdim etdiyimizi bildirdik. Nazirliyin əməkdaşı araşdırmadan sonra bizə məlumat verdi ki, Bakı insan hüquqları klubu İctimai Birliyinin 2024-cü il üzrə maliyyə hesabatları Maliyyə Nazirliyinə çatıb və qəbul olunub. Nazirlikdən göndərilmiş xx.xx.2025-ci il tarixli 3-23/2-3082/2025 saylı məktubu artıq nəzərə almamalıyıq. Çünki bu məktub bizim 2024-cü ilə aid maliyyə hesabatlarımızın nazirliyə çatmasından daha öncə göndərilib. Lakin bundan sonra Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-23/2-3826/2025 saylı məktubu ilə nazirlik tərəfindən baxılan inzibati xətalar haqqında protokol barədə məlumat aldıq. Belə ki, xx.xx.2025-ci il tarixli MN № ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilib məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması üçün xx.xx.2025-ci il tarixinə iclas təyin etmişdir. Hörmətli Ziyəddin müəllim, Bakı insan hüquqları klubu İctimai Birliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının Maliyyə Nazirliyinə göstərilən müddət çərçivəsində təqdim olunmasını nəzərə alaraq nazirlik tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı İnzibati xəta haqqında Protokolun ləğv olunması və işin məhkəmədən geri çağırılması barədə əmr verməyinizi xahiş edirik” məzmunda olmuşdur; Maildən çıxarışdan görünür ki, 02 aprel 2025-ci il tarixdə mailto:mahmud.mahmudov@outlook.comElektron ünvan 1 mail ünvanından Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mailto:office@maliiyye.gov.azElektron ünvan 2 mail ünvanına QHT-nin illik hesabatını vermək üçün https://ght-hesabat.maliyye.gov.az/ səhifəsi neçə gündür açılmır. İllik maliyyə hesabatının necə verilməsi üçün təlimat verə bilərsinizmi?” məzmunlu ismarıc göndərilmişdir; Maildən çıxarışdan görünür ki, mailto:office@maliiyye.gov.azElektron ünvan 2 mail ünvanından gələn cavabın mətni “Müraciətinizə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. “Qeyn-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Sözügedən qanunun 31.8-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Qeyd olunanlarla əlaqədar qanunun 31.8-cı maddəsində göstərilən xəbərdarlıq məktubu sizə göndərilənədək hesabatınızı Maliyyə Nazirliyinə təqdim etməyinizi tövsiyyə edirik. Bununla yanaşı bildiririk ki, qeyrihökumət təşkilatlarının elektron hesabatlılıq proqramında ( www.qhthesabat.maliyve.qov.az ) hazırda profilaktik işlər aparıldığı üçün giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Bununla əlaqədar bildirmək istəyirik ki, proqramın işləmədiyi günlərin sayı nəzərə alınaraq hesabatın təqdim edilməsi müddətinə əlavə ediləcəkdir” məzmunda olmuşdur; «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin sədri Rəsul Cəfərov tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış 01 aprel 2025-ci il tarixli, M02/25 nömrəli mıktubdan görünür ki, məktubun mətni ““Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi” qaydasına uyğun olaraq Bakı insan hüquqları klubu İctimai Birliyinin 2024-cü il üzrə maliyyə hesabatlarını Qeyrihökumət təşkilatlarının elektron hesabatlıq proqramı vasitəsi ilə elektron qaydada təqdim edərkən, surəti bu məktuba əlavə edilmiş, “Forma 1-dəki hesabat dövrü üzrə bölüşdürülməmiş məbləğ ilin əvvəlinə bölüşdürülməmiş məbləğ ilə forma 2-dəki hesabat dövrü üzrə xalis mənfəətin cəminə bərabər olmalıdır!” mövzulu xəbərdarlığın çıxması səbəbilə təqdim etmək mümkün olmamışdır. Belə ki, Forma 2-dəki hesabat dövrü üzrə xalis mənfəət 7657.44 AZN olub. “Forma 1-dəki ilin əvvəlinə bölüşdürülməmiş məbləğ”dən anlaşılan, yəni Forma 1-dəki ilin əvvəlinə Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) isə -11149.84 AZN olub. 2023-cü ilin yekunu üzrə Ödənilməmiş zərərin (-11149.84 AZN) üzərinə 2024-cü il üzrə Xalis mənfəəti (7657.44 AZN) gəldikdə -3492.40 AZN alınır ki, bu məbləğ də Forma 1-in 4.3. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) bəndində öz əksini tapmışdır. Bakı insan hüquqları klubu İctimai Birliyinin 2024-cü il üzrə maliyyə hesabatlarının elektron qaydada təqdim olunmasının mümkün olmadığını nəzərə alaraq bu məktuba əlavə olunmuş kağız daşıyıcıda qəbul etməyinizi xahiş edirik” məzmunda olmuşdur; E&R Express çatdırılma xidməti tərəfindən verilmiş xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi tərəfindən hesabat xx.xx.2025-ci il tarixdə çatdırılmışdır; «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi tərəfindən Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat - 31 dekabr 2024-cü il tarixə Forma №1, 31 dekabr 2024-cü il tarixə Forma №2 hesabatları 19 mart 2025-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən Qeyrihökumət təşkilatlan, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir: 3.1.1. Maliyyə vəziyyəti haqqında hesabat. Forma №1; 3.1.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma №2. 4.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edir. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir: 4.2.1. cəmi gəlirlər; 4.2.2. cəmi xərclər; 4.2.3. ümumi mənfəət (zərər)., 5.1-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir: 5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatlan, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5); 5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. 5.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. 6.1-ci bəndinə əsasən İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 6.1.1. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün hesabat dövrü yanvar ayının 1- dən dekabr ayının 31-i də daxil olmaqla; 6.1.2. il ərzində oktyabr ayının 1dək yeni yaradılan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin müvafiq maliyyə hesabatını Maliyyə Nazirliyinin elektron sistemində profilaktik işlər aparıldığı üçün müvəqqəti sistemə giriş məhdudlaşdırıldığı səbəbindən sistemə yerləşdirə bilməsə də, sürətli poçt vasitəsilə sənəd şəklində göndərdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, göstərilən bu hal «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin əməlində inzibati xəta tərkibinin yaranması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin nümayəndəsinin qeyd etdiyi xüsusatların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyinin əməlində AR İXM-nin 462.1-ci maddəsinin tərkibi olmadığından «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «Bakı İnsan Hüquqları Klubu» İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar