Məhkəmə qərarları › İş №3(004)-473/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-473/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-473/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 83 mənzil 28 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 01:20 radələrində Yasamal RPİ PPXB-nin polis nəfərləri Qurbanəliyev İsa və Hüseynov Tural xidmətdə olarkən Ə.Ələkbərov küçəsində 3 nəfər şəxsin yüksək səslə danışaraq mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onları intizama dəvət etmişlər. Buna məhəl qoymayaraq həmin şəxslər yenə də öz əməllərinə davam etmişdir. Həmin şəxsləri polis böməsinə dəvət edərkən onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmiş və onların ünvanına nalayiq ifadələr işlətmişlər. Bundan sonra isə polis əməkdaşları həmin şəxslərə fiziki güc tətbiq edərək xidməti maşına əyləşdirmiş və onları Yasamal RPİ-nin 26-cı PB-nə gətirmişlər. Aşkar edilmişdir ki, həmin şəxslər sərxoş vəziyyətdə olmuşdur. Bununla da, onların barəsində 19 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs və onun yanındakı digər 2 şəxs küçədə yüksək səslə danışarkən Yasamal RPİ PPXB-nin polis nəfərləri Qurbanəliyev İsa və Hüseynov Tural onlara yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri intizama dəvət etmişlər. Lakin həmin şəxslər yenidən səs-küy salmağa başlamış, ictimai asayişi pozmuş və polis əməkdaşlarının qanuni tələblərə tabe olmaqdan imtina etmişdir. Bundan sonra onlar ərazi aidiyyəti üzrə 26-cı PB-nə gətirilmişdir. Araşdırma zamanı Şəxs əməlində İXM-nin 535.1-ci maddənin tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə saat təxminən gecə saat 01:00 radələrində xaricdən gələn qonaq gələn dostunun Ə.Ələkbərov küçəsində (“Space” TV-nin arxası) yerləşən restoranda təşkil etdiyi qonaqlıqdan rəfiqəsi X5 və rəfiqəsinin tanışı X6 ilə birlikdə çıxmışlar. Etiraf edir ki, həmin məclisdə olarkən spirtli içki qəbul etsələr də, tam sərxoş vəziyyətdə olmamış, özünü idarə etmək iqtidarında olmuşdur. Hadisə barədə bildirir ki, qeyd olunan ərazidə yerləşən “Araz” marketin qarşısında dayanmaqda məqsədləri taksi sifariş etmək olmuşdur. Onlar taksini gözləyərkən PPX-nin xidməti maşını onlara yaxınlaşaraq problem olub-olmadığın soruşmuşdur. Şəxs və onun yanındakı 2 şəxs hər hansı bir problem olmadığını bildirsə də, PPX-nin 3 əməkdaşı xidməti avtomobildən düşərək onların yanına gəlmişdir. Bu zaman PPX-nin əməkdaşı ilə dostu X6 arasında mübahisə yaranmışdır. O, etirazını bildirdiyi üçün polis bölməsinə gətirilmişdir. Həmin münaqişə zamanı onun 2 dırnağı qırılmış, lakin heç bir şikayəti yoxdur. Verilmiş suallara cavab olaraq əlavə olaraq bildirir ki, əlilliyi olmasa da təzyiq və ürək xəstəliyindən əziyyət çəkir. S.Ə.Əmiraslanova əməlindən peşman olmasını qeyd edərək, ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Yasamal RPİ-nin PPX-nin əməkdaşı X2 izahatında göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsində xidmət apardıqları zaman 3 nəfər şəxsin küçədə yüksək səslə danışaraq ictimai asayişi pozduğunu aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və gecə saatları olduğunu, hamının yatdığını nəzərlərinə çatdıraraq onları intizama dəvət etmişlər. Lakin həmin şəxslər onun qanuni tələblərinə tabe olmayaraq polis nəfərlərinə “sən kimsən” ifadəsini demişdir. Göründüyü kimi S.Ə.Əmiraslanova və digəriləri öz qanunazidd əməllərinə davam etmişlər. Bundan sonra, müvafiq araşdırma aparılaraq tədbir görülməsi üçün həmin şəxslər 26-cı PB-nə gətirilərək növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə tərəflərin və zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Qurbanəliyev İsa və Hüseynov Tural tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 01:00 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsində xidmət apardıqları zaman 3 nəfər şəxsin yüksək səslə danışaraq mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra ilk olaraq onları nizam-intizama dəvət etmişlər. Buna məhəl qoymayaraq həmin şəxslər yenə də öz əməllərinə davam etmişdir. Həmin şəxsləri polis böməsinə dəvət edərkən onlar polis əməkdaşlarına qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmiş və onların ünvanına nalayiq ifadələr işlətmişlər. Bundan sonra isə polis əməkdaşları həmin şəxslərə fiziki güc tətbiq edərək xidməti maşına əyləşdirmiş və onları Yasamal RPİ-nin 26-cı PB-nə gətirmişlər. Bununla da, onların barəsində 19 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən həmin tarixdə saat 01:25-də inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 19 yanvar 2024-cü il tarixdə saat 01:00 radələrində Şəxs Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin İXM-nin 31.4-1-ci maddəyə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxsnun inzibati qaydada tutulması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar